Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10655/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1463/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “X1” ilə bağlı məhkəmə çəkişməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla bağlı qeydiyyat ünvanı ünvan 2 tərəfindən məktublar həmin ünvana göndərilmişdir. Həmin ünvanda xidmət göstərən isə Cavabdeh1 MMC-nin 52 saylı Poçt Şöbəsi olmuşdur. Həmin şöbənin əməkdaşı tərəfindən ona təqdim edilməli olan məhkəmə qətnaməsi ona təqdim edilmək əvəzinə qəbzə saxta imza etməklə guya məhkəmə qətnaməsi ona təqdim edilməsi ilə bağlı məhkəməyə qəbz verilmişdir. Bunun nəticəsində onun kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsindən imtina edilmiş və nəticə etibarı ilə o, qətnamənin təqdim edilməməsinə nail olmaq üçün yenidən vəkil ilə müqavilə bağlamalı, yenidən kassasiya şikayəti verməli olmuşdur. Bunun nəticəsidir ki, o, artıq bir ildir ki, işin mahiyyəti ilə maraqlanmaq əvəzinə müddətin ötürülməməsini sübut edir. Bütün bunlar isə Cavabdeh1 MMC-nin əməkdaşının öz vəzifəsini icra etməməsi nəticəsində baş verir. Cavabdeh1 MMCnin ona ünvanlanmış olduğu məktubda da qeyd edilir ki, F8 çatdırılma vərəqində F119 xəbəmaməsində olan imza ilə təsdiq edilməlidir. Ancaq belə bir imza həmin sənədlərdə yoxdur və bu poçt qaydalarının müvafiq bəndlərinin pozuntusudur. Dolayısı ilə Cavabdeh1 MMC işçisinin qanun pozuntusunu qəbul edir. Bunların nəticəsində bir il ərzində onun keçirmiş olduğu stress, həyəcan onun səhhətinə pis təsir etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1463/2021 saylı, 26 avqust 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mənəvi zərərin əvəzi olaraq 300 manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Səbail Rayon Məhkəməsindən 19.10.2021-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş və apellyasiya şikayətinin məhkəməyə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1463/2021 saylı, 26 avqust 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10655/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10655/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver