Məhkəmə qərarları › İş №2(103)-1066/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1066/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1066/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5562/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var xx.xx.2014-cü il tarixdə doğulmuş Əliyeva Ayan İlham qızı (3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 388173 №-li doğum haqqında şəhadətnamə).

2. Sabunçu rayon məhkəməsinin 2(008)-4872/2020 №-li iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarının pozulması, Əliyeva Ayan İlham qızının anasının yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin atasından alınıb anasına verilməsi qət edilmişdir.

3. Qətnamə çıxan vaxt cavabdeh işləmirdi. Hazırda cavabdeh Xarici Kəşfiyyat Xidmətində işləyir və özünün verdiyi izahata əsasən 2200 manat əmək haqqı alır.

4. Cavabdeh nikaha qədər "xxxx" ASC-dən ayda 160 manat ödəmək şərtilə xx.xx.2043-cü il tarixədək 35000 manat məbləğində ipoteka krediti götürmüşdür.

5. Cavabdeh nikah pozulandan və 170 manat aliment təyin olunandan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən ayda 440,71 manat ödəmək şərtilə xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2014-cü il tarixdə doğulmuş Əliyeva Ayan İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2013-cü il tarixdə rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində 308 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından bir uşaqları doğulmuşdur - 07.08. 2014-cü il tarixdə Əliyeva Ayan İlham qızı. Cavabdehlə yaranmış narazılıqlar nəticəsində nikahları Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 4872/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, Əliyeva Ayan İlham qızının onun himayəsində saxlanılmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb verilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin rəsmi iş yeri olmadığı üçün cavabdehdən alimentin sabit pul məbləğində tutulması barədə iddia qaldırmışdır. Lakin artıq cavabdeh xeyli müddətdir ki, işləyir və ayda 2000 manatdan da çox əmək haqqı alır. Bu səbəbdən də təkrarən məhkəməyə müraciət edərək alimentin cavabdehin qazancının və sair gəlirlərinin müəyyən hissəsi kimi tutulmasını istəyir.

8. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı aliment məbləğinin artırılması tələbini əmək haqqından başqa “13-cü ayın əmək haqqının”, məzuniyyətə çıxarkən orta aylıq əmək haqqının 3 misli miqdarında məzuniyyət pulunun da 1/4 hissəsinin tutulmasını istəmişdir. İddiaçı bir ilin içərisində heç bir zərurət olmadan 4 ayrı-ayrı məktəb dəyişmişdir. Bu, əlbəttə uşağın inkişafında mənfi iz buraxmış, onun əqli və fiziki inkişafına kömək etməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən uşağın inkişafı üçün bu cür yanaşma yanlışdır və bir ata kimi bu onu narahat etməyə bilməz. Məhkəmə tərəfindən müəyyən ediləcək alimentin uşağın saxlanılmasına, onun əqli və fiziki inkişafı üçün sərf olunmasına nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi mexanizmi müəyyən edilməsinin təmin edilməsini xahiş edir. Hesab edir ki, əmək haqqından stabil olaraq nikaha daxil olmazdan əvvəl də, nikah pozulandan sonra tutulan məbləğlər alimentə cəlb edilməli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində qeyd olunmuşdur ki, uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ona görə də həmin maddəyə istinad etməklə bu məsələ həll edilir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5562/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsinə (hakim: Tahirə Əsədova) əsasən, iddianın təmin edilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş Əliyeva Ayan İlham qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulması, təyin edilmiş alimentin 40 faizinin Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2, 55.3, 76.1, 112.1-ci maddələrinə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.1, 8.2, 8.3, 8.6, 8.14-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin “alimentin 40 faizi Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi” hissəsində ləğv edilərək, Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin qətnamə qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş Əliyeva Ayan İlham qızının daha mükəmməl təhsil alması üçün uşaq “İstanbul Liseyinə” qəbul edilmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Məhkəmə işə baxarkan 10 yaşlı Ayan Əliyevanın xx.xx.2023-cü il tarixdən 625-23 nömrəli Müqavilə əsasında İstanbul Liseyinin 4-cü sinif rus bölməsində təhsil almasını, İstanbul Liseyinin direktoru Eyvazov Tural Eldar oğlu ilə iddiaçı arasında bağlanmış razılaşdırma protokolu əsasında illik təhsil haqqının 6500 manat olmasını ümumiyyətlə araşdırmamış, hansı müstəsna hala görə iddiaçıya ödənilməli olan cavabdehin qazancının ¼ hissəsinin 10 yaşlı Ayan Əliyevanın adına açılmış bank hesabına köçürülməsini qət etməsini öz qətnaməsində əsaslandırmamışdır. Digər tərəfdən, cavabdeh iddiaçıya qarşı heç bir tələb (qarşılıqlı iddia) vermədiyi halda, yalnız vəsatət əsasında cavabdehin tələbini təmin etməyi də prosessual qanunvericiliyin tələbinin pozulmasıdır. Məhkəmə qətnaməsini oxuyarkən elə başa düşülür ki, cavabdeh ayda əmək haqqını xarici valyuta ilə alır və yaxud ağlasığmaz dərəcədə həddən artıq yuxarı məbləğdə əmək haqqı alır. Respublikamızda 2022-ci il üçün yaşayış minimunun 220 manat olması o demək deyildir ki, azyaşlı uşağın saxlanılması, təhsili ilə əlaqədar az miqdarda vəsait sərf edilir. Məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılaraq, müstəsna halın nədən ibarət olmasını öz qətnaməsində əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh valideyn kimi öhdəliklərini yerinə yetirərək məhkəmənin müəyyən etdiyi alimenti ödəyir. İddiaçı uşağın daha bahalı məktəbdə təhsil almasını razılaşdırmadığından, seçimi özü etdiyindən, cavabdehin aliment öhdəliyi olduğuna görə digər xərclərə görə pul tələb edilməsi əsassızdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

16. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

17. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

18. 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

19. 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideynlərindən qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiyanın

24. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.

25. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun

26. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

27. 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

28. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.... 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.9-cu bəndinə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

32. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.

33. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

34. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

35. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin “alimentin 40 faizi Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi” hissəsində ləğv edilməsi xahiş edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5562/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi “alimentin 40 faizinin Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi” hissəsində ləğv edilməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda apellyasiya şikayəti ilə qətnamənin mübahisələndirilən hissəsi alimentin 40 faizinin Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürməsi ilə bağlıdır.

46. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Normanın tələbindən göründüyü kimi, alimentin bir hissəsinin bank hesabına köçürülməsinə dair qanunverici köçürülən məbləğin yuxarı həddi ilə bağlı məhdudlaşdırıcı norma qəbul etmişdir. Lakin alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürməsi ilə bağlı qərarın qəbul edilib-edilməməsi məhkəmənin səlahiyyətindədir. Burada normanın şərtləşdirilmiş hissəsi uşağa görə aliment ödəyən valideynin tələbinin olmasıdır. Lakin bu o demək deyildir ki, yalnız belə bir tələbin olması alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi üçün əsasdır. Belə ki, bu barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

47. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, aliment alan valideyn, yəni iddiaçı və hazırkı halda apellyator alimentin bir hissəsinin bank hesabına köçürülməsini qəbul etmir. Belə ki, tərəflərin birgə nikahından doğulmuş Əliyeva Ayan İlham qızının ödənişli əsaslarla özəl təhsil müəssisəsində təhsilə cəlb olunduğu təqdim olunmuş sənədlərdən məlum olur. xx.xx.2023-cü il tarixli, 625-23 nömrəli "xxxx" MMC ilə təhsilalanın nümayəndəsi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, təhsilalan Əliyeva Ayan İlham qızının illik təhsil haqqı 6500 (altı min beş yüz) manat təşkil edir.

48. Kollegiya hesab edir ki, hazırkı halda alimentin 40 faiz hissəsinin alimenti alan valideyn tərəfindən istifadə oluna bilməməsi yetkinlik yaşına çatmayan uşağın keyfiyyətli təhsil almaq hüququnun pozulmasına gətirib çıxara bilər.

49. Həmçinin, kollegiya qeyd edir ki, uşağın tam və hərtərəfli inkişafına ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunmamasına dair heç bir əsaslı hal yoxdur.

50. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli "xxxx" MMC ilə təhsilalanın nümayəndəsi İddiaçı arasında imzalanmış müqaviləyə əlavə razılaşdırma protokoluna əsasən, uşağın bir illik təhsili üçün ilkin ödəniş 500 manat olmaqla, sentyabr ayında 1000 manat, 2023-cü ilin oktyabr- 2024-cü ilin mart ayları ərzində aylıq 715 manat, 2024-cü ilin aprel ayında 710 manat ödəniş edilməlidir.

51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan cavabdehin vəsatətini təmin etmiş, “alimentin 40 faizinin Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi” ilə bağlı qərar vermiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməlidir.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5562/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi “alimentin 40 faizinin Əliyeva Ayan İlham qızının adına açılmış bank hesabına köçürülməsi” hissədə ləğv edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar