Məhkəmə qərarları › İş №2(103)-10703/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10703/2021

27.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10703/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi Cavabdehin nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7265/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2011-ci il tarixli, alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, saxta 30 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M/162 saylı sahənin 3 sotu Cavabdeh satılmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində 21.06.2011-ci ildə qeydiyyatdan keçirilmişdir. Həmin 30 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsi onun tərəfindən imzalanmamış və tərəfindən Cavabdeh 20000 manat məbləğində pul alınaraq ona heçnə satılmamışdır. Müqavilədən və çıxarışdan Cavabdeh ona Xəzər Rayon Məhkəməsində iddia qaldırmasından sonra məlumatı olmuşdur. Cavabdehlə aralarında alğı-satqı olmamış, ondan hər hansı məbləğdə pul alınmamışdır. Bu işdə yalnışlıq və saxtakarlıq var. Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ona qarşı iddia qaldırıb torpaq sahəsi tələb etmişdir. O, da onunla bağlanmış alqı-satqı müqaviləsini və onun aldığı çıxarışı mübahisələndirmişdir. Hər iki iddiadan görünür ki, mübahisə eyni tərəf arasında olsa da iddianın predmeti və əsası eyni deyildir. Hakim düzgün olmayaraq eyni predmet və eyni asası olmayan mülki işi düzgün olmayaraq geri qaytarmışdır Məhkəmənin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim ddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Elektron informasiya sistemindən görünür ki, hazırki iddia üzrə Cavabdeh hazırki iddia üzrə İddiaçı qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində aparılmış tikililərin sökülməsini və mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinin mahiyyəti isə 30 mart 2011-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcının mülkiyyətinə keçmiş daşınmaz əmlakın faktiki olaraq satıcının sahibliyində qalması və sonuncunun həmin torpaq sahəsindən istifadə etməsi və orada tikinti işləri aparılmasından ibarətdir. Hazırki iddia ərizəsinin mahiyyəti iddiaçı ilə cavabdeh arasında 30 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi bağlıdır. İddiaçı iddia edir ki, onunla cavabdeh arasında rəsmiləşdirilmiş müqavilədəki imza onun deyil və s. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7265/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar