Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1072/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və n Sosial Müdafiə Fondu olmaqla) "əmək haqqı tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-767/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı - Cavabdeh1 MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qeyd edilmiş) qarşı “artıq iş saatlarına, gecə növbələrinə görə əmək haqqının və maaşın hesablanaraq ödənilməsi vəzifəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildən xx.xx.2017-ci il tarixədək müddət ərzində 27 aylıq maaşının, hər iş gününə 4 saat və əlavə olaraq gecə növbələrini, məzuniyyət haqqının mövcud qanunlara uyğun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 2013-cü ildən 2017-ci ilin mart ayına qədər Cavabdeh1 MMC-nin Qaradağ rayonu üzrə şöbəsində rəis müavini vəzifəsində işləmiş, aylıq maaşı 300 manat olmuşdur. Cavabdeh onunla əmək müqaviləsi bağlamamış və onu qul kimi istismar etmişdir. Demək olar ki, işlədiyi müddət ərzində heç bir məzuniyyətdə olmamış, əlavə saatlara görə ona heç bir ödəniş edilməmişdir. Buna görə sağlamlığı ciddi şəkildə pozulmuş və 2017-ci ilin mart ayında vəzifə səlahiyyətlərini icra edərkən iş otağında beyin insultu keçirərək 1-ci qrup əmək qabiliyyətsiz əlil olmuşdur. Əlil olduğuna görə əmrlə işdən azad olunmuşdur. Xidmət dövründə iş rejimi 12-14 saat olmuş və bir çox hallarda 16-18 saata çatmışdır. Xidmət müddətində demək olar ki, əsasən gecə növbəsində işləməklə xidməti vəzifəsini vicdanla yerinə yetirmişdir. Buna görə cavabdehə rəsmi ərizə verərək hər iş gününə 4 saat əlavə və gecə növbələrini hesablamaqla ona əlavə ödənişlərin edilməsini xahiş etmişdir. Lakin ona əlavə ödənişlər etməkdən imtina edilmişdir. Eləcə də, cavabdehin fəaliyyəti qanunlardan kənar olduğu üçün heç bir sənədləşmə aparılmamışdır. Azərbaycan Respublikası dünyəvi dövlətdir və qul əməyi qanunla qadağandır. Bununla belə, cavabdeh ona çatası vəsaiti ödəməkdən imtina edir. Ona görə də, iş üzrə maraqlı şəxsə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi ərizə vermiş, xx.xx.2016-cı il tarixli, Ə-614 saylı ona verilən cavabdan görünür ki, qanunvericiliyin müvafiq maddələrinin tələbləri pozulduğundan Cavabdeh1 MMC-nin vəzifəli şəxsi İnzibati məsuliyyətə cəlb edilmişdir. Digər tərəfdən, cavabdeh 27 ay ərzində ona əmək haqqı (maaş) ödəməmişdir. Cavabdehin ona 8100 manat əmək haqqı borcu yaranmışdır və bu pulu ödəməkdən imtina edir. Ümumilikdə ona ödəniləsi məbləğ 26.100 manatdır. Odur ki, qanunvericiliklə müəyyən olunmuş müavinət və xidməti vəzifəsini yerinə yetirən zaman əlil olmuş (1-ci qrup) şəxslərə şamil edilən bütün imtiyaz və güzəştlərdən isifadə etmək üçün müəyyən edilən sənədləşmənin aparılması, artıq iş saatlarına, gecə növbələrinə görə ona ödənilməli olan vəsaitlərin hesablanaraq ödənilməsi, vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(009)-767/2019 saylı qətnaməsi ilə İddiaçı - Cavabdeh1 MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qeyd edilmiş) qarşı “27 aylıq maaşının, hər iş gününə 4 saat və əlavə olaraq gecə növbələrini, məzuniyyət haqqının mövcud qanunlara uyğun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Səbail Rayon Məhkəməsinin 2(009)- 767/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, məhkəmə prosesi davam edən zamanı Cavabdeh1 MMC tərəfindən ona iddia tələbində qeyd edilmiş kompensasiya məbləğininin ən qısa zamanda ödəniləcəyi barədə vədlər verilsə də, məhkəmə prosesi bitdikdən sonra verilən heç bir vədə əməl olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə tərəfindən dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. O, məhkəmə prosesində iştirak edərək iddia tələbi ilə bağlı mövcud sübutları təqdim edərək, faktlar barəsində geniş məlumat versə də, iddia tələbi əsasız hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X2 apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-661/2017 saylı qətnaməsindən aydın olur ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı "sağlamlığın pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi, əmək haqqı tələbi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək münasibətlərində olduğu zaman xəsarət alaraq sağlamlığını itirdiyinə görə ona vurulmuş zərərin əvəzi - 15000 manat, cavabdehdən 27 ay müddətinə ödəməli 8100 manat əmək haqqının və məzuniyyətə buraxılmadığına görə kompensasiya-pul əvəzi olaraq 3000 manat ümumilikdə cavabdehdən 26.100 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, onun bu iddiasi təmin edilməmişdir. Həmin qətnamədən müəyyən edilir ki, İddiaçı Cavabdeh1 rəisi E.A.Qasımova ərizə yazıb maaş əvəzi olaraq ona 1500 manat pul qaytarıldığını və “Riyad” Mühafizə Xidmətinə qarşı heç bir iddiası və tələbi olmadığını, bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürməsini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddətdə onun almalı olduğu əmək haqqının, həmçinin gecə növbəsində işlədiyinə görə əlavələrn və məzuniyyət haqqının hesablanaraq ona verilməsini tələb edir. Göründüyü kimi, iddia Əmək qanunvericiliyinin tələblərinə istinad edilməklə irəli sürülmüş fərdi əmək mübahisəsi ilə bağlı verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən müddət kəsici olmaqla, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilib-edilməməsinə dair ərizə verilməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Belə ki, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Hazırkı işin materiallarından müəyyən edilir ki, iddia tələbi əmək qanunvericiliyi ilə bu qəbildən olan mübahisələrə dair müəyyən edilmiş müddətlər ötürülməklə verilmiş, bununla da iddiaçı hazırkı məsələni məhkəmə qaydasında mübahisələndirmək hüququnu itirmişdir. Həmçinin, iddiaçı bu müddətin üzürlü sayılmasına dair müraciət etməmiş, yaxud bunun üzürlü səbəbdən baş verməsini əsaslandırmamışdır. Göstərilənlərlə yanaşı, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-661/2017 saylı qətnaməsindən aydın olur ki, iddiaçı oxşar tələblə əvvəllər məhkəməyə müraciət etmiş, həmin işə baxılan müddətdə maaş əvəzi olaraq ona ödənilən 1500 manatı aldığını və cavabdehə qarşı heç bir iddiası və tələbi olmadığına dair ərizə vermiş, işə baxan məhkəmə digər hallarla yanaşı, həmin ərizəni nəzərə alaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, kollegiyanın qənaətinə görə, mülki işin araşdırılması zamanı İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2017-ci il tarixədək 27 aylıq maaşının, hər iş gününə 4 saat və əlavə olaraq gecə növbələrini, məzuniyyət haqqının mövcud qanunlara uyğun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması üçün hər hansı bir əsas müəyyən edilmədiyindən, iddia tələbini əsassız hesab etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillərə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlliləri əsassız hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-767/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1072/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1072/2021
04.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver