Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1072/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “nikahın pozulması və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı onunla cavabdehin nikahından doğulmuş uşağın – xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə, cavabdehin qazancının 1/4 hissəsi miqdarında alımentin hər ay tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan 1 övladları var. Onların əvvəl münasibətləri normal olsa da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pisləşmişdir. İş üzrə tərəflər bir evdə yaşasalar da, cavabdeh, uşağın xərclərinin qarşılanmasında iddiaçıya maddi köməklik göstərmir, baxmayaraq ki cavabdeh hazırda işləyir və aylıq gəliri çox yüksəkdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması, ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi və ilk iddia tələbinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, nikahdan bir övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsmişlər. Nikah formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyil. Buna görə də, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) nikahın pozulmasını arzulayır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, ilk iddia ilə qismən razıdır və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya aliment ödəməyə razıdır. Lakin hesab edir ki, ondan iddiaçının xeyrinə tutulacaq alimentin 50 faiz hissəsi uşağın adına açılacaq bank hesabına uşaq yetkinlik yaşına çatanadək köçürülməlidir. Belə ki, iddiaçı, Milli Onkologiya Mərkəzinin cərrahiyyə şöbəsində həkim vəzifəsində işləyir və əmək haqqısı olduqca yüksəkdir. Cavabdeh hesab edir ki, iddiaçının alimentə ümumiyyətlə ehtiyacı yoxdur. Bu səbəbdən də, cavabdeh hesab edir ki, iddiaçı cavabdehin əmək haqqısının 1/4 hissəsinin öz xeyrinə tutulmasını ona görə istəyir ki, iddiaçı öz maddi maraqlarını güdür. İddiaçının niyyəti azyaşlı uşağın zəruri xərclərinin ödənilməsinə yönəlməyib. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü Nurayın saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini, Nurayın anasının – İddiaçı yanında saxlanılmasını, qarşılıqlı iddianın qismən təmin edilməsini, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 2 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat Şöbəsində 2144 nömrə altında qeydə alınmış nikahın pozulmasını, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ondan iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı həkim vəzifəsində işləyir və yüksək miqdarda əmək haqqı alır. İddiaçının alimentə ümumiyyətlə ehtiyacı yoxdur. İddiaçı cavabdehin əmək haqqısının 1/4 hissəsinin öz xeyrinə tutulmasını istəyir və iddiaçının bu niyyəti azyaşlı uşağın zəruri xərclərinin ödənilməsinə yönəlməyib, öz maraqlarının təmin edilməsinə yönəlib. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, hazırda "xxxx" MMC-də qrup rəhbəri vəzifəsində işləyir və 3.800 manat əmək haqqı alır. Bu nəzərə alındıqda müəyyən edilir ki, ondan iddiaçının xeyrinə tutulmalı olan- qazancının 1/4 hissəsində alimentin məbləği 950 manat təşkil edir. Belə olan halda, aliment, o dediyi qaydada tutularsa ondan 475 manata yaxın məbləğdə aliment uşağın adına olan hesab köçürüləcək, 475 manat yaxın məbləğ isə iddiaçıya ödəniləcək ki, həmin məbləğ uşağın dolanışığı üçün artıqlaması ilə kifayət edəcəkdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Milli Onkologiya Mərkəzinin cərrahiyyə şöbəsində həkim vəzifəsində işləyir və 700 manat məbləğində əmək haqqı alır. Lakin hazırda analıq məzuniyyindədir. Cavabdeh isə "xxxx" MMC-də qrup rəhbəri vəzifəsində işləyir və 3.800 manat əmək haqqı alır. Alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinə o halda razıdır ki, o işə çıxdığı vaxta qədər aliment qətnamə ilə müəyyən edilən məbləğdə tam ödənilsin, işə çıxdıqdan sonra isə alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülsün. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra uşağın ananın (iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hazırki apellyasiya baxışının predmeti deyil, çünki iş üzrə tərəflər qətnamənin bu hissəsini mübahisələndirmirlər (bu hal cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan və apellyasiya icraatı zamanı verdiyi izahatdan da aydındır). Odur ki, işin bu halını, mübahisənin predmetinin bölünməz olmadığını nəzərə alan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın “cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə tələbin” rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələbin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən müəyyən edilir ki, nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Nikahın pozulması, uşağın anasının (ilk iddia üzrə iddiaçının) yanında saxlanılması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsində tərəflər Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşırlar. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı (aliment almalı olan valideyn) Milli Onkologiya Mərkəzinin cərrahiyyə şöbəsində həkim vəzifəsində işləyir və 700 manat məbləğində əmək haqqı alır. Cavabdeh (aliment ödəməli olan valideyn) "xxxx" MMC-də qrup rəhbəri vəzifəsində işləyir və 3.800 manat əmək haqqı alır. Hazırda iş üzrə tərəflər arasında mübahisə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin tam həcmdə iddiaçıya ödənilməsi və ya həmin alimentin 50%-nin uşağın adına açılacaq bank hesabına köçürülməsindən ibarətdir. İşə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinin aliment məbləğinin 50%-nin uşağın adına olan bank hesabına köçürülməsi barədə hissəsini tələbin sübuta yetməməsi əsası ilə təmin etməmişdir. Məhkəmə bu barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanılması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və sair bu kimi halları nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin "xxxx" MMC-də qrup rəhbəri vəzifəsində işləməsi və 3.800 manatdan bir qədər çox məbləğdə əmək haqqı alması işin mübahisəsiz halıdır. Odur ki, hazırda cavabdeh tərəfindən aylıq ödənilməli aliment məbləği (3.800 : 4=) 950 manat təşkil edir. Göründüyü kimi, cavabdehin müzakirə edilən və hazırki apellyasiya baxışının predmeti olan tələbi kifayət qədər əsaslandırılıb və sübutlara söykənir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi səhvdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin bir hissəsi uşağın adına açılacaq bank hesabına köçürülə bilər. Həmin məbləğin müəyyən edilməsi ilə bağlı isə Məhkəmə ölkədaxili və beynəlxalq normaların tələblərini nəzərə alaraq qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalıdır. Həmçinin Məhkəmə qeyd edir ki, işə Rayon Məhkəməsində baxılan zaman uşaqlar üçün yaşayış minimumu 175 manat, hazırda isə 193 manat təşkil edir. Odur ki, göstərilənləri nəzərə alan və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını üstün tutan Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin bir qisminin uşağın adına açılacaq bank hesabına köçürülməli olan hissəsi cavabdehin təklif etdiyi kimi 50% miqdarında deyil, 30 faiz miqdarında müəyyən edilməlidir. Belə olan halda cavabdeh tərəfindən uşağın bank hesabına təxminən 285 manat, iddiaçıya isə təxminən 665 məbləğində aliment ödəniləcək ki, bu da uşağın mənafeyinə uyğundur. Odur ki, şərh olunanları nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın apellyasiya baxışının predmeti olan hissəsi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin İddiaçın narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((950 – 665) x 12=) 3.420 manat, qətnamənin Orxan Sülemanlının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((475 – 285) x 12=) 2.280 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddiada ifadə edilmiş “cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə tələbin” rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılılıq iddia üzrə cavabdeh) İddiaçı qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmetini təşkil edən qarşılıqlı iddianın “cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə” hissəsi qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan – Cavabdeh qazancının və başqa gəlirinin 1/4 (dördə bir) hissəsi miqdarında alimentin 30 (otuz) faizi uşağın – xx.xx.2019-cu il təvəllüdlü X1 adına açılacaq bank hesabına ödənilsin və X1 adına bank hesabı açılsın. Bu qaydada alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni 21 yanvar 2022-ci il tarixdən başlanılsın. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 27 oktyabr 2021-ci il tarixli qətnamənin qalan hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1072/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1072/2022
21.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver