Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10726/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X26 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(011)-4301/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh ARDNŞ Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-dən onun xeyrinə 2 azyaşlı övladının vəfatı ilə bağlı 800000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun bir ana kimi çəkdiyi mənəvi sarsıntı və onun ardınca yaşadığı iztirabları heç kimə arzu etməzdi. Çünki, o, ana kimi iki övladını birdən itirmişdir. Belə ki, mərhum X21 və X5 onun övladları olmuşdur. O, 2003-cü ildə həmkəndliləri Əbülfəz Müseyibovla ailə qurmuş, X31 kənd orta məktəbində 8-ci sinif, Məhəmməd Müseyibov isə 2-ci sinif şagirdləri olmuşdur. Əbülfəz Müseyibov onunla evləndikdən sonra Rusiya Federasiyasına gedərək orada işləmiş, əksər vaxt Rusiya Federasiyasında yaşamışdır. X27 Federasiyasında olduğu üçün ona və övladlarına atası Şakir Kərimov himayədarlıq etmişdir. Sığıncaq kəndindəki ona məxsus olan evin tikintisi 2015-ci ildə yekunlaşdıqdan sonra övladları ilə birlikdə həmin evə köçmüşlər. Lakin, evin birinci mərtəbəsində təmir işləri davam etdirilmişdir. Yaşadığı evə 2017-ci ilin aprel ayında qaz xətti çəkilmiş, ev kombi istilik sistemi ilə təchiz edilmişdir. İstilik kombi sistemi ilə işlədiyi üçün evin mətbəxindən başqa heç bir otağında qaz sobası və qaz avadanlığı olmamışdır. Sığıncaq kəndinin ana qaz xətti onun yaşadığı evin həyət qapısının qarşısından keçir. Qaz borusu qazın yanına qədər çöllə, qapının qarşısında isə yerin altı ilə çəkilmişdir. 2018-ci ilin sentyabr ayının sonlarından etibarən yaşadığı evin həyət qapısının qarşısından və həyətdən kəskin qaz iyi gəlmiş, qaz borusundan sızıntının olduğunu hiss etmiş, lakin konkret olaraq sızıntının haradan olduğunu müəyyən edə bilməmişlər. Sızıntı olması barədə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə oğlu Əli Müseyibov 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərdə qaz qəza xidmətinin 104 xidmətinə zəng edərək məlumat vermiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Hadisədən 3-4 gün əvvəl yağışların yağması ilə əlaqədar həyət qapısının qarşısında gölməçələr yaranmış, yerin altında sızan qaza görə qapının qarşısında olan gölməçənin bir neçəsində su qaynadığını, yəni köpükləndiyini görmüşdür. 05 dekabr 2018-ci il tarixdə oğlu Əli Müseyibov yenə 104 xidmətinə zəng edərək həyət qapısının qarşısında qaz sızıntısının olması barədə təkrar məlumat vermiş, qəza xidmətinin əməkdaşı isə Əlidən valideynlərinin, atasının zəng etməsini istəmiş və texnikalarının olmadığını bildirmişdir. Əli Müseyibov isə atasının Rusiya Federasiyasında olduğu üçün özünün zəng etdiyini demişdir. Həmin gün sonradan adını bildiyi Məhəmməd Nuruyev gəlmiş və sızma yerinə baxaraq, qazıntı işlərinin aparılması üçün texnika lazım olmasını və bu barədə idarəyə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Məhəmməd onu evin havalandırılması, qapalı yerlərin açıq saxlanılması, elektrikdən və qazdan ehtiyatla istifadə etmələri barədə təlimatlandırılmış, o cümlədən evə qaz sızmasının olmasını yoxlamamışdır. Hadisənin baş verdiyi gün, yəni 08 dekabr 2008-ci il tarixdə qardaşı Rauf Kərimov qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları evin qarşısında olan qaz sızıntısını təmir etməyə çağırmış, lakin qaz qəza xidməti texnikaları olmadığı üçün həmin gün də gəlməmişlər. 08 dekabr 2018-ci il tarixdə, saat 19:30 radələrində Məhəmməd və Əli birlikdə yaşadığı evdə olduqları zaman qonşuluğunda yaşayan qardaşı X25 Kərimov onlara gələrək Əlidən kitab istəmiş və birlikdə evdə oturub çay içmişlər. O, uşaqlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmağa başlamış, Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Həmin otaqdan gündəlik istifadə edilməmişdir. Uşaqlar birinci mərtəbəyə düşəndən çox az müddət sonra çox güclü partlayış olmuşdur. O, partlayışın təsirindən özünü itirmiş və qaça-qaça birinci mərtəbəyə düşmüş, aşağı düşəndə nə baş verdiyini anlamamış, lakin partlayışın baş verdiyi otaqda Məhəmmədin səsinin gəldiyini eşidib oraya qaçmışdır. Məhəmmədin partlayışın baş verdiyi otaqda oturuqlu vəziyyətdə yandı deyə ağladığını görmüşdür. Məhəmmədi qucağına götürüb çölə çıxmış və əynindəki paltarları çıxarmışdır. Sonra Əlinin qarşısında dayandığını görmüş, ondan nə baş verdiyini soruşmuş, Əli isə ona Məhəmməd və Sənanla birlikdə otağa girib işığı yandıran kimi partlayış olduğunu demişdir. Əlinin bütün bədəni və əynindəki paltarları yanmış, partlayışın təsiri ilə pəncərədən çölə düşmüşdür. Sənan isə partlayışdan sonra yana-yana küçəyə qaçmış və partlayışın səsinə çölə çıxan qardaşları Rauf və Namiq Sənanı söndürmüşlər. X34 avtomobili ilə uşaqların üçünü də Masallı RMX-na aparmış, xəstəxanada göstərilən ilk tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı bildirilmiş və hər üç uşaq müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparılmışdır. Uşaqların yanıq xəsarətləri ciddi olduğundan göstərilən bütün tibbi yardımlara baxmayaraq, Əli Müseyibov 10 dekabr 2018-ci il tarixdə Məhəmməd Müseyibov 14 dekabr 2018-ci il tarixdə, Sənan Kərimov isə 16 dekabr 2018-ci il tarixdə ölmüşdür. Hadisənin səbəbi yaşadığı evin qarşısından yerin altı ilə keçən ana qaz xəttindən sızan təbii qazın yaşadığı evin otağına dolması olmuşdur. Həmin otaqdan çox istifadə olunmamış, bəzən günlərlə açılmamışdır. Partlayışın baş verdiyi otaq sonuncu dəfə hadisədən 2-3 gün əvvəl evdə usta işləyən Zaur Zahidov tərəfindən açılmışdır. Bundan sonra otağın qapı və pəncərələri açılmadığı üçün sızan qaz otağa dolmuş, uşaqlar otağa daxil olduqdan sonra işığı yandıran kimi partlayış baş vermişdir. Cavabdehn əməkdaşları X2 Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir- Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin, X1 Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu, Sığınacaq kənd sakini X16 məxsus olan fərdi-yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X11, X4 və X23 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı rayon Məhkəməsinin 1(050)- 55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmlə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökm qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Məhkəmənin hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh Lənkəran Qaz İstismarı İdarəsinin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan o, hesab edir ki, 2 azyaşlı uşağının ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, 800.000 (səkkiz yüz min) manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(011)-4301/2021 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdehndən 60000 (altmış min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(011)-4301/2021 saylı qətnaməsini qismən, iddia tələbinin təmin edilməyən hissəsini ləğv edib iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, öz tələbini kifayət qədər əsaslandırmaqla hətta bu barədə qanuni qüvvəyə minmiş hökm də təqdim etmişdir. Belə olan halda məhkəmənin iddianı tam yox, qismən təmin etməsi absurd məsələ olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının iki övladının uşaq ikən faciəvi şəkildə həlak olmaları, bunun nəticəsində ailənin natamam qalması, ana olaraq iddiaçının övladsız qalması və bundan sonra iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bunlardan başqa, məhkəmə iddiaçının hadisənin şahidi olmasını və yanmış uşaqları xəstəxanaya aparan zaman onun həmin anlar hansı stres keçirməsini nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçının olan iki övladın eyni vaxtda faciəvi surətdə yanaraq ölmələrini də nəzərə almamışdır. Məhkəmə cavabdehin maliyyə durumunu da nəzərə almamışdır. Çünki cavabdeh təşkilat Azərbaycanın qaz satışı ilə məşğul olan yeganə qurumudur və onun bu sahədə alternativi yoxdur. Həmçinin qaz satışından onun büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil olmasını da məhkəmə nəzərə almamışdır. Həmçinin məhkəmə cavabdeh qurumun əməkdaşlarının məsuliyyətsiz davranmaları nəticəsini xüsusi hal kimi nəzərə almamışdır, çünki dəfələrlə evdən qaz iyi gəlməsi və sızıntının olması barədə cavabdeh orqanın qurumuna məlumat verməyinə baxmayaraq onlar işlərinə həddindən artıq məsuliyyətsiz yanaşıblar. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(011)-4301/2021 saylı qətnaməsininin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılır ki, analoji işlərdə iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nətcəsində dəymiş maddi ziyan təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq mülki hüquq pozuntusunun təsdiq olunması faktının müəyyən olunması, başqa sözlə iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının iki övladının və yaxın qohumunun azyaşlı uşağının arzuolunmaz hadisə nəticəsində həyatlarını itirmələrinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işi üzrə təqsirləndirilən şəxslər Masallı rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1(050)- 55/2019 sayli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə edərək, öz şikayətlərinin təmin edilməsini xahiş etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfin apellyasiya şikayəti utanc hissi doğurur. İddiaçının ailəsi məhv olub. O, yeganə iki uşağını itirib. İddiaçı bundan sonra həyata yaşamaq ümidini cavabdehin işçilərinin səhlənkarlığı, cinayət əməli nəticəsində itirib. Məhkəmənin təyin etdiyi məbləğ real deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 24.04.2011-ci il tarixdə anadan olmuş, atası X14, anası isə X17r. İş materiallarında olan AZ-İ seriyalı, 978088 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 10 dekabr 2018-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi isə ən ağır yanıq şoku olmuşdur. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X24 18 aprel 2005-ci il tarixdə anadan olmuş, atası X14, anası isə X17r. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, X22 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müvafiq olaraq 05 il 06 ay və 05 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddia tələbini əsassız hesab edirlər. Belə ki, iddiaçının oğlunun və bacısı uşaqlarının arzuolunmaz hadisə nəticəsində həyatlarını itirmələrinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işləri üzrə təqsirləndirilən şəxslər Masallı rayon Məhkəməsi 03 oktyabr 2019-cu il tarixli, 1(050)-55/2019 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi artıq onu deməyə əsas verir ki, iddiaçının pozulmuş hüquqları artıq bərpa olunub. Bu baxımdan, cavabdehdən mənəvi zərərə görə 800000 manat yüksək məbləğdə pulun tutulması ağlabatan və ədalətli kompensasiya hesab edilə bilməz. Ümumiyyətlə mənəvi təzminatın miqdarı təqsirkarın törətdiyi əmələ görə işəgötürənin iqtisadi cəhətdən məhvinə səbəb olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə çox şişirdilmiş bir məbləğin verilməsi şəxsdə fəlakəti arzulamaq kimi bir vəziyyət yaratmaqla yanaşı, eyni zamanda haqsız qazanc əldə etməsinə də şərait yaradacaqdır. X9 Cavabdehndən onun xeyrinə iki azyaşlı övladının faciəli vəfatı ilə bağlı 800000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutularaq ona ödənilməsi tələbi haqqında iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hər iki apellyasiya şikayətlərinin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçının uşaqlarının ölümündə cavabdehin işçilərinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının uşaqlarının ölümündə cavabdehin təqsiri vardır. Kollegiya hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz doğma 2 uşağını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, həyata ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən 2 oğlunun ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Kollegiya işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri 2 oğlunun ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşlarının səhlənkarlığı, işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının 2 oğlunun ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də, cavabdehin dəlilləri tamamilə əsassızdır. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən öz 2 oğlunu itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Belə ki, iddiaçının artıq uşaqları yoxdur, o, həyata ümidini itirmişdir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının 2 oğlunun ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Kollegiya hesab edir ki, 2 oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onların həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Kollegiya iddiaçıya vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 60000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab etmir. Buna görə də, kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, mənəvi zərərin məbləği 60000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(011)- 4301/2021 saylı qətnaməsi mənəvi zərərə görə məbləğinin 60000 (altmış min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin, mənəvi zərərin məbləği 80000 (səksən min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10726/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10726/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver