Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10735/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh QSC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh QSC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh QSC-nin nümayəndəsi tərəfindən verilmiş, mülki işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və vəsatət təmin olunsun. Şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli və aidiyyət barədə vəsatətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində 2 cavabdeh göstərilib: 1) "xxxx" MMC; 2) Cavabdeh QSC. 1-ci cavabdehin ünvanı Nəsimi rayonuna, 2-ci cavabdehin ünvanı isə Nərimanov rayonuna aiddir. 2-ci cavabdeh vəsatətində (iş v. 43) işin 2-ci cavabdehin ünvanı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş edib. Vəsatət onunla əsaslandırılıb ki, "xxxx" QSC-nin adı 04.04.2018-ci il tarixdə dəyişdirilərək Cavabdeh QSC adlandırılmışdır və ünvanı Nərimanov rayonuna aiddir. İddiaçı isə ərizə ilə (iş v. 48) məhkəməyə müraciət edərək 1-ci cavabehin cavabdehlikdən çıxarılması xahiş edib. İş materiallarında 4 hüquqi şəxs adı çəkilir: 1) "xxxx" MMC; 2) "xxxx" MMC; 3) "xxxx" QSC; 4) Cavabdeh QSC. İş materiallarında arayış (iş v. 12) var ki, 3-cü ad və 4-cü ad eyni hüquqi şəxsin adıdır: hüquqi şəxsin adı əvvəl "xxxx" QSC olub, daha sonra dəyişdirilərək Cavabdeh QSC adlandırılıb. Lakin iddia ərizəsində cavabdeh kimi 1-ci və 4-cü adı daşıyan hüquqi şəxslər göstərilib. İddiaçı 1-ci adı daşıyan hüquqi şəxsin cavabdehlikdən çıxarılmasını xahiş edib. Birinci instansiya məhkəməsi aidiyyət məsələsinin düzgün həlli üçün zəruri olan halları tam araşdırmadan vəsatəti həll edib. Ona görə də qərardad ləğv edilməli və vəsatətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi vəsatətə yenidən baxarkən aşağıda göstərilən halları aydınlaşdırmalıdır. İddia ərizəsində cavabdehlər kimi qeyd olunan hüquqi şəxs adları ("xxxx" MMC və Cavabdeh QSC) eyni hüquqi şəxsə aid olan adlardırmı? Əgər həmin adlar eyni hüquqi şəxsə aiddirsə (yəni "xxxx" MMC Cavabdeh QSC-nin əvvəlki adıdırsa), bu hal onu təsdiq edir ki, işdə bir cavabdeh (Cavabdeh QSC) var, işin ərazi aidiyyəti həmin cavabdehin ünvanı üzrə müəyyən olunmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Əgər iddia ərizəsində göstərilən 1-ci cavabdehin ("xxxx" MMC-nin) iddia ərizəsində göstərilən 2-ci cavabdehə (Cavabdeh QSC-yə) aidiyyəti yoxdursa, yəni ayrıca hüquqi şəxsdirsə, bu halda iddia ərizəsi birinci cavabdehin ünvanı üzrə verilə bilər. Belə ki, Mülki-Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı ərizə ilə müraciət edərək 1-ci cavabdehi cavabdehlikdən çıxardığını bildirsə də, mülki-prosessual qanunvericilikdə “cavabdehlikdən çıxarma” deyilən bir anlayış yoxdur. İşdə bir neçə cavabdeh olduqda cavabdehlərdən birinə qarşı iddiadan imtina oluna bilər, nəticədə isə həmin cavabdehə aid olan hissədə iş üzrə icraata xitam verilir. Əgər iddia ərizəsi həmin cavabdehin ünvanı üzrə məhkəməyə verilibsə, bu hal işin ərazi aidiyyətinin dəyişməsinə səbəb olmur. Belə ki, Mülki-Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ləğv edilsin və aidiyyət barədə vəsatətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10735/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10735/2021
29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver