Məhkəmə qərarları › İş №2(103)-1074/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1074/2022

17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1074/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3848/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, o, Cavabdeh ilə 08.08.2006-cı il tarixində qeydə alınmış birgə nikahdan doğulmuş 13.03.2008-ci il təvəllüdlü X4 və 26.08.2009-cu il təvəllüdlü X13 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 97.5 manat (585/2=292.5; 292.5/3=97.5) olmaqla, cəmi 195 manat məbləğində alimentin İddiaçı tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilir ki: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-752/2020 saylı 14.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinin, 18.03.2008-ci il təvəllüdlü X3 və 26.08.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 26.05.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı İmamverdi oğlunun əmək pensiyasında tutulma 340 manatdan 350 manata dəyişdirilmişdir (səh.6,40) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3848/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2; 77.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19, 13; “Uşaq hüquqları haqqında” BMTnin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27; Azərbaycan Respublikası Konstitusiyasının 17; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda; Ailə Məcəllənin 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıdan sonuncu olaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün 175 manat aliment tutulur. İddiaçı isə bildirir ki, yenidən nikaha daxil olmuş, yeni nikahdan 15.03.2019-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir.İddiaçının ailə vəziyyətində dəyişiklik məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunmasından sonrakı dövrə təsadüf etmədiyinə görə, qeyd edilən hal aliment miqdarının azaldılması üçün əsas ola bilməz.Həmçinin, iddiaçının gəlirlərinin azalmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən həmin hal sübut edilmədiyindən, iddia təmin edilməməlidir. Digər tərəfdən, iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən də ididaçı pensiya aldığı halda, hazırda da pensiya alır. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində onun konkret iş yerinin olmamasına, aylıq gəlirinin dəyişən, qeyri-müntəzəm olmasına, aylıq gəlirinin olmamasına istinad etmiş olsa da, iddia tələbinidə göstərilmiş hallar alimentin azaldılması üçün əsas yaratmır.Bundan əlavə, iddiaçının başqa nikahdan olan uşağı üçün də aliment ödəməsi cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir . İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3848/2021 saylı, 28.10.2021-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Sabunçu rayon məhkəməsinin 2(008)- 7050/2019 saylı qətnaməsi ilə 15.03.2019-cu il təvəllüdlü X1 üçün hər ay 160 manat aliment ödəməlidir. 340+160 =500 manat aliment ödəyir. Onun yaşlı ata və anası da himayəsindədir. Göründüyü kimi aliment ödədikdən sonra öz həyat tələbatını ödəməklə özünə cüzi miqdarda vəsait qalır. 2-ci qrup əlildir, 650 manat pensiya alır. Özünün xəstəliyi ilə əlaqədar müalicəsinə də pulu qalmalıdır. Lakin günü-gündən artırılan aliment məbləğləri nəticəsində nə öz müalicəsinə pul qalır, nə də gündəlik xərclərini qarşılaya bilmir. Sağlamlığı işləməyə imkan vermir.Göstərilən faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən apellyasiya şikayəti təmin edilərək, hər ay 195 manat məbləğində alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ikinci dəfə nikaha daxil olduğunu və həmin nikahın da pozulduğunu, ikinci nikahdan olan uşağına da 130 manat aliment ödədiyini, ll qrup əlil olduğundan işlə təmin oluna bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməyərək, uşaqların onun tərəfindən saxlanıldığını, hazırki dövrdə uşaqların saxlanılmasının çətin olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 190 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Apellyatorun tələbi və dəlilləri və digər nikahdan övladına dair eyni vəzifələrin daşıması öz rifahının qaldırılması məcrasında daha yüksək səylərinin göstərilməsini tələb edir. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3848/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar