Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10742/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2831/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”nin X2 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə münasibətdə bağlanmamış hesab edilməsi, həmin əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilmiş öhdəliklər kimi qiymətləndirilməməsi, "xxxx" KB ASC ilə arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”nə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin "xxxx" KB qarşısında ipoteka yüklülüyünün ləğv edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi bağlanmış, həmin əsas kredit müqaviləsinə əsasən 1.000.000 maant məbləğində 60 ay müddətinə kredit xətti açılmışdır. "xxxx" KB ASC ilə aralarında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC ilə X2 arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi sözügedən ipoteka müqaviləsi yalnız "xxxx" KB ASC ilə Əflatun Qəhrəmanov arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatıdır. Başqa sözlə, "xxxx" KB ASC ilə onun arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı və 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri üzrə öhdəliklərin deyil, yalnız "xxxx" KB ASC ilə X2 arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bununla da, onun mülkiyyətində olan fərdi yaşayış evi Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli 09QB14-İ saylı, 30 oktyabr 2014-cü il tarixli 09QB/14- 2 saylı və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi yüklü edilməmiş və bu barədə tərəflər arasında hər hansı bir ipoteka müqaviləsi, ipoteka müqaviləsinə əlavə və ya əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı, 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı və 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri bağlanaraq həmin tərəflər arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin şərtlərinə əhəmiyyətli dəyişikliklər edilsə də, sözügedən ipoteka olan əmlakla bağlı subyektiv hüquq sahibi və mülkiyyətçi kimi onun bu barədə yazılı razılığı alınmamış və onun yazılı razılığı ilə hər hansı bir əlavə ipoteka müqaviləsi və ya ipoteka müqaviləsinə əlavə bağlanmamışdır. Başqa sözlə tərəflər arasında aşağıdakı kredit müqavilələri mövcud olmuşdur: 22.04.2014cü il tarixli 09QB/14 saylı əsas kredit müqaviləsi - ipoteka təminatı qismində 22.04.2014-cü il tarixli İpoteka müqaviləsi və zaminlik təminatı qismində 22.04.2014-cü il tarixli zaminlik müqaviləsi; 24.04.2014-cü il tarixli, 09QB14-1 saylı; 30.10.2014-cü il tarixli, 09QB/14-2 saylı; 03.09.2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri. Göründüyü kimi, 22.04.2014-cü il tarixli İpoteka müqaviləsi 24.04.2014-cü il tarixli 09QB14-İ saylı, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı, 03.09.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələrinin ipoteka təminatı olmadığından həmin kredit müqavilələri üzrə tutma sözügedən ipoteka müqavilələrinin predmetinə yönəldilə bilməz. Tərəflər arasında bağlanmış 22.04.2014-cü il tarixli, 09QB/14 saylı əsas kredit müqaviləsinin ipoteka təminatı olan onun mülkiyyətindəki fərdi yaşayış evi Əflatun Qəhrəmanovla onun ümumi birgə nikah dövründə əldə etdikləri əmlak olmuş və həmin əmlakın sözügedən əlavə kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməsinə Əflatun Qəhrəmanova hər hansı yazılı razılıq verməmiş və bunun qəti əleyhinə olmuşdur. Göründüyü kimi, Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış əlavə kredit müqavilələri ilə həmin kontragentlər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə dair sazişin mahiyyəti, ölçüsü və icra müddəti, eləcə də ödəniş planı dəyişdirilsə də ipoteka predmetinin mülkiyyətçisi və həmin predmetə dair subyektiv hüquq sahibi kimi onun iştirakı ilə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamış, başqa sözlə həmin dəyişikliklər barədə ipoteka qoyanın məlumatı və razılığı olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2831/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin ləğvi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2831/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi qanunsuz, əsassız, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının pozulması, Konstitusiya Məhkəməsinin müvafiq məsələ ilə bağlı hüquq mövqeyi nəzərə alınmadan qəbul edilmişdir. Mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014- cü il tarixli 09QB14-İ saylı, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi yüklü edilməmiş və bu barədə tərəflər arasında hər hansı bir ipoteka müqaviləsi, ipoteka müqaviləsinə əlavə və ya əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında əlavə kredit müqavilələri bağlanaraq həmin tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 09QB/14 saylı Əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin şərtlərinə əhəmiyyətli dəyişikliklər edilsə də, sözügedən ipoteka olan əmlakla bağlı subyektiv hüquq sahibi və mülkiyyətçi kimi onun bu barədə yazılı razılığı alınmamış və onun yazılı razılığı ilə hər hansı bir əlavə ipoteka müqaviləsi və ya ipoteka müqaviləsinə əlavə bağlanmamışdır. 22.04.2014-cü il tarixli İpoteka müqaviləsi əlavə kredit müqavilələrinin ipoteka təminatı olmadığından həmin əlavə kredit müqavilələri üzrə tutma sözügedən ipoteka müqavilələrinin predmetinə yönəldilə bilməz. Zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır. Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış əlavə kredit müqavilələri ilə həmin kontragentlər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə dair sazişin mahiyyəti, ölçüsü və icra müddəti, eləcə də ödəniş planı dəyişdirilsə də ipoteka predmetinin mülkiyyətçisi və həmin predmetə dair subkeyiv hüquq sahibi kimi onun iştirakı ilə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamış, başqa sözlə həmin dəyişikliklər barədə ipoteka qoyanın məlumatı və razılığı olmamışdır. Onunla bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin borcalanla bağlanmış sonrakı əlavə kredit müqavilələrində dəyişdirilməsi zamanı razılığı alınmadığından ipoteka müqaviləsi həmin kredit müqavilələrinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəliklər hesab edilməməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2831/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır, qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Sözügedən mübahisəli müqavilələr ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda tutmanın sonrakı ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cu maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" KB A SC-nin “Quba” filialı ilə İpoteka verən İddiaçı və borclu X2 arasında bağlanmış 09QBi/14 saylı, 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”nin kserosurətindən görünür ki, ipoetak verən İddiaçı özünə məxsus ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini 22 aprel 2014-cü il tarixdə bağlanmış 09QB/14 saylı Kredit Xətti Müqaviləsi və müqavilənin ayrılması hissələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit xəttinin məbləği 1.000.000 manat və müddəti 60 ay, ipoteka predmetinin dəyəri 36.000 manat, ödəniş dövrülüyü bir aydan bir bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır.(İ.vər. 57 - 59) İş materiallarında olan, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X2, X5 və İddiaçı qarşı iddia ərizəsi qismən təmin edilmiş, X1 və X3 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə görə 18.173,79 ABŞ dolları əsas, 5.357,90 ABŞ dolları faiz, 62,80 ABŞ dolları cərimə və 30 oktyabr 2014cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 10.674,91 ABŞ dolları əsas, 3.109,25 ABŞ dolları faiz, 43,96 ABŞ dolları cərimə, cəmi, 37.422,61 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği, 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 1.995,13 manat əsas, 240,15 manat faiz, cəmi, 2.235,28 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 2.295,28 manatın müştərək qaydada alınaraq "xxxx" KB ASC-ə verilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan, 0,594 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 53.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.(İ.vər. 74 - 76) İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, həmin qətnamə ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər X2 və X3 24.04.2014-cü il tarixli, 09QB/14-1 saylı əlavəyə görə əsas borc üzrə 18.012.25 (on səkkiz min on iki dollar, iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 5.133.49 (beş min yüz otuz üç dollar qırx doqquz sent) ABŞ dolları, cəmi 23.208,54 (iyirmi üç min iki yüz səkkiz ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, 03.09.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavəyə görə əsas borc üzrə 1.963,91 (min doqquz yüz altmış üç manat doxsan bir qəpik) manat, cəmi 2.204,41 (iki min dörd manat qırx bir qəpik) manat, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavəyə görə əsas borc üzrə 10.655,16 (on min altı yüz əlli beş dollar, on altı sent) ABŞ dolları, faiz borcu üzrə 3.036,72 (üç min otuz altı dollar yetmtiş iki sent) ABŞ dolları, cəmi 13.736,28 (on üç min yeddi yüz otuz altı dollar, iyirmi səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 54.000 (əlli dörd min) manat olması müəyyən edilmişdir.(İ.vər. 70 -74) İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5451/2020 saylı, 24.11.2020-ci il tarixli qərarının kserosurətindən görünür ki, həmin qərarla cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.(İ.vər. 62 - 69) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 269-cu maddəsində əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə borc alan (ipoteka qoyan) arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 09QB/14 saylı kredit müqaviləsinə görə borcverən (ipoteka saxlayan) borcalana (ipoteka qoyana) 1.000.000 manat 60 ay müddətinə 22 aprel 2019-cu il tarixədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir, borcalan (ipoteka qoyan) isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqaviləsində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda borcunu borcverənə (ipotekasaxlayana) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunduğu kimi iddiaçı ipoteka müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisələndirdiyi ipoteka predmetinin Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış əlavə kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi yüklü edilməməsi və bu barədə tərəflər arasında hər hansı bir ipoteka müqaviləsi, ipoteka müqaviləsinə əlavə və ya əlavə ipoteka müqaviləsi bağlanmaması barədə apelyasiya şikayətindəki dəlillərini əsassızdır. Belə ki, X2 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi apelyasiya, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi isə kassasiya qaydasında mübahisələndirilmiş, apelyasiya və kassasiya şikayətlərinin əsasını isə ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin aşağı olması, İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan fərdi yaşayış evinin Əflatun Qəhrəmanovla "xxxx" KB ASC arasında bağlanmış əlavə kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi yüklü edilməməsi və bu barədə tərəflər arasında hər hansı bir ipoteka müqaviləsi, ipoteka müqaviləsinə əlavə və ya əlavə ipoteka müqaviləsi bağlanmaması və sair təşkil etmiş, iddiaçı tərəfindən isə apelyasiya şikayətində gösdərilən hallar həmin apelyasiya və kassasiya şikayətlərində ümumiyyətlə mübahisələndirilməmiş, apelyasiya və kassasiya instansiya məhkəmələrində iddiaçının hazırda mübahisələndirdiyi məsələyə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cu maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2831/2021 saylı, 09 avqust 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2831/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10742/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10742/2021
07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver