Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10748/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(006)- 2579/2021 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(006)- 2579/2021 saylı qərardadı ilə iddiaçı Cavabdehlər X1, X2 və İddiaçı İbrahim qızına qarşı "yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılması və s." tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini cəlb etməklə Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, mülki iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 2579/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki,... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X3 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Əvvəla, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan işlə hazırki işin asılılığının dərəcəsi, eləcə də həmin iş üzrə olan məsələ nizamlananadək hazırki işə baxılmasının mümkün olması yaxud olmaması tam və dəqiq müəyyən edilməmişdir. Belə ki, icraatın dayandırılması üçün işlərin hər hansı bir qarşılıqlı bağlılığı deyil, yalnız birinin baxılmasını digərindən məcburi asılı edən mütləq asılılığı nəzərdə tutulur. İkincisi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1637/2021 saylı mülki işlə hazırki iş mahiyyət etibarı ilə bir-bir biri ilə əlaqəli deyildir. Əlaqəli olsa belə icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkün ola bilər. Hazırki işin dayandırılmasına əsas olan işin icraatı özü belə eyni əsasla dayandırılmışdır. Başqa sözlə məhkəmənin hazırki işin baxılmasına mane olan hallar hesab etdiyi digər iş özü Bakı İnzibati Məhkəməsində icraatında baxılan başqa bir işə görə dayandırılmışdır. Demək, digər icraatda hər hansı bir işə baxılmır, baxılmadığına görə də məhkəmənin maneə hesab etdiyi hansısa halın aydınlaşdırılmasından da söhbət gedə bilməz. Üçüncüsü, hazırki işdə iddiaçı cavabdehdən maddi və mənəvi zərərin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşıdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsini tələb edir, cavabdeh isə digər işdə başqa cavabdehlərlə yanaşı bu iş üzrə olan iddiaçıdan da yaşayış yeri ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılma və.s tələb edir. Demək, məhkəmənin qənaətindən belə çıxır ki, digər işdə icraatı dayandırılmış, hazırki iddiaçının yaşayış yeri ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılma tələbi kimi hələ təmin edilib-edilməməsi bəlli olmayan bir iddia olduğuna və buna baxılmadığına görə, iddiaçı hazırki iddiada xüsusi mülkiyyətində olan mənzillə bağlı mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını cavabdehə qadağan edilməsini tələb edə bilməz yaxud bunu ən azında o işə görə gözləməlidir. Əlbətdə ki, bu cür möqe açıq-aşkar əsassız olmaqla yanaşı, mülkiyyət hüququnun toxunulmazlığı kimi konstitutision dəyərlərə də zidd bir mövqedir. Dördüncüsü, məhkəmə həmçinin qərardadında göstərir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1637/2021 saylı mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı hazırki mülki işin mahiyyəti üzrə həllinə təsir göstərə bilər. Məhkəmə həmçinin qeyd edir ki, 2(006)-2579/2021 saylı mülki iş üzrə tələblərdən biri iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağa edilməsi tələbidir. Bu tələbin özü məhkəmənin e-2(006)-1637/2021 saylı mülki iş üzrə dayandırılmasına səbəb olmuş müvafiq icra hakimiyyəti orqanın tikinitiyə icazə ilə bağlı verilmiş sərəncamın mübahisəsidir. Əgər verilmiş sərəncam məhkəmənin qanuni qüvvəyə minmiş aktı ilə etibarlı hesab edilərsə məhkəmə bu qənaətə gəlir ki, cavabdehin iddiaçının əmlakı ilə bağlı hərəkətləri qanuni olmuşdur. Göründüyü kimi, bu qənaəti ilə məhkəmə yaratdığı ziddiyyətli vəziyyəti bir qədər də dərinləşdirmişdir. Başqa sözlə, hazırki işin icraatının dayandırılmasını həm Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə əlaqələndirmiş, həm də inzibati icraatda aparılan iş üzrə müvafiq icra hakimiyyəti orqanın tikinitiyə icazə ilə bağlı verilmiş sərəncamın etibarlı hesab ediləcəyi təqdirdə, cavabdehin iddiaçının əmlakı ilə bağlı hərəkətlərinin qanuni olmasını artıq bəri başdan müəyyən etmişdir. Ancaq cavabdehin iddiaçının əmlakı ilə bağlı hansı hərəkətlərinin qanuni olacağını dəqiq açıqlamır. Əgər cavabdehin iddiaçının mülkiyyətində olan əmlakla bağlı müdaxiləsinin qanuni olacağını nəzərdə tutursa bu qanunsuz və əsassız qənaətdir, yox əgər bunu digər işdə cavabdehin hazırki iş üzrə iddiaçıya da aid olan iş üzrə olacağını nəzərdə tutursa, bu da yolverilməzdir. Çünki, cavabdehin iddiaçının əmlakı ilə bağlı hərəkətlərinin qanuni olması o iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edilə bilər. Hazırki icraatın dayandırılması barədə qərardadda o məsələlərə, özü də gələcəkdə həll edilməli məsələlərə hüquqi qiymət vermək isə əsassız və lüzumsuz olmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(006)- 2579/2021 saylı iş üzrə icraatın dayandırılması barədə qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10748/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10748/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver