Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5652/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə) «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə) «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki məhkəmə mübahisəsi həll edilənədək İddiaçı ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmişdir. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(006)- 2579/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclası barədə cavabdeh "Cavabdeh” Mənzil- Tikinti Kooperativinin məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2579/2021 saylı qərardadı 26.02.2021-ci il tarixdə qəbul edilsə də, qərardad barədə iclasda iştirak etməyən cavabdeh "Cavabdeh" MTK-yə xəbər verilməmişdir. Həmin qərardad barədə Cavabdeh MTK-nin yalnız Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 05.03.2021-ci il tarixdə təqdim edilmiş bildiriş əsasında məlumatı olmuşdur. İddiaçı fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) cavabdeh tərəfindən sökülməsi tələbi gələcəkdə “maddi ziyanın ödənilməsi” iddia tələbi ilə bağlı qəbul edilmiş qətnamənin icrasını necə çətinləşdirilə biləcəyi əsaslandırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Baxılan iş üzrə iddiaçı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, hasarların sökülməsi ilə yanaşı onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Beləliklə, mülkiyyət hüququnun pozulmasından müdafiəyə dair hissədə iddia tələbi ilə iddianı təmin etmə tədbiri barədə ərizə üst-üstə düşdüyündən həmin hissədə ərizənin təmin edilməsi işi qabaqcadan mahiyyəti üzrə həllinə münasibət bildirmək anlamı daşıyacaqdır. Bundan başqa, mülkiyyət hüququnun pozulmasından müdafiə olunmaq özlüyündə geniş anlayış olduğundan iddianı təmin etmə qismində konket hansı tədbirlərin görülməli olduğu müəyyən edilə bilmir. Qeyd edilənlərə əsasən, mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə qanuni və əsaslı hesba edilə bilməz. Ona görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv olunmalı, ərizə həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadı qismən – “iddiaçının mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Ərizə həmin hissədə təmin olunmasın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5652/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5652/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver