Məhkəmə qərarları › İş №2(103)-2338/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2338/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2338/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 4400 manat məbləğində maddi zərərin (kompensasiyanın), 5000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-2579/21) iddia qismən təmin edilərək cavabdehdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi,ev 74) saylı fərdi yaşayış evinin hasarının sökülərək məhv edilməsinə görə 4400 manat, vurulmuş mənəvi zərərə görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4930 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O, uzun müddət öz ailəsi ilə həmin evdə yaşamış, hazırda da həmin evdə qeydiyyatdadır və artıq 02.11.2015-ci il tarixdən isə yoldaşı X2 adına «ŞƏMS» Körpələr Evi-Uşaq Bağçanı təsis edərək həmin fərdi yaşayış evində həmçinin adı çəkilən bağçada fəaliyyət göstərməyə başlamışdır. Həmin bağçanın rəhbərliyini iddiaçı özü həyata keçirirdi. Bağçada 20 nəfər işçi çalışır. Bir müddət əvvəl yanında cavabdeh çoxmərtəbəli yaşayış binaları inşa etməyə başladı. MTK adından hər dəfə Bəxtiyar adlı şəxs iddiaçıya müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evini onlara satmalı olduğunu, satmadığı təqdirdə isə onu evindən çıxardacağını və əmlakın əlindən alacağını bildirdi. Daha sonra, cavabdeh məktubla iddiaçıya müraciət edərək guya AR Fövqəladə Hallar Nazirliyinin aktına əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin istismar müddətinin keçdiyini, mövcud tikinti qaydalarına, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab vermədiyindən tam qəzalı vəziyyətdə olduğunu bildirmiş, iddiaçının guya yaşayış şəraitini yaxşılaşdırılması məqsədi ilə tikiləcək yaşayış binasından onun yaşayış sahəsinə əlavə 20% nisbətinə qədər təmirli mənzilin verilməsi, həmçinin tikinti müddəti üçün yaşamaq üçün kirayə pulunun verilməsinin nəzərdə tutulduğunu göstərmiş və müqavilə bağlanması üçün MTK-nın ofisinə gəlməyini xahiş etmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi XXİ əsrin əvvəllərində tikilmiş, nə yararsız vəziyyətdə deyil, nə də ki, yaşayış binası deyil, fərdi yşayış evidir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi təxminən 13 il əvvəl tikilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirilmədiyi halda hansı qaydada iddiaçının fərdi yaşayış evinin yararsız vəziyyətdə olduğunun müəyyən edilməsi belə şübhə altındıdar. Cavabdeh MTK 2021-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 3-4 radələriində özlərini oğru kimi apararaq tikintidə istifadə etdikləri ekskavatorla onun fərdi yaşayış evinin ətrafında olan daş hasarının tikintiyə yaxın olan hissəsini qəsdən qanunsuz olaraq sökmüşdür. Baş verən qanunsuzluqla bağlı hüquq-mühfizə orqanlarına şikayət və ərizələr versə də, bu günədək heç bir qanunmüvafiq tədbirlər görülməyib. Yalnız Nəsimi rayon Prokurorluğunda hazırda müəyyən araşdırmalar aparılır. Bununla bağlı mütəxəssis tərəfindən təqdim edilən 16.02.2021-ci il tarixli rəyə əsasən vurulmuş ziyan 4400,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Daş hasarların yenidən tikilməsi və yaranmış qüsurların aradan qaldırılmasına müəyyən vaxt tələb edildiyi üçün 15.02.2021-ci il tarixə fərdi yaşayış evini uşaq bağçası üçün aça bilmədiyi üçün çox məyus olmuşdur. Cavabdeh onun daşınmaz əmlakının yola baxan hissəsini dik taxta hasarlarla örtmüşdür ki, bu da uşaq bağçasının xarici görünüşünün və reklam xarakterli şəkillərinin qarşısını almaqla onun fəaliyyətinə ciddi xələl gətirir. Bu görüntü uşaq bağçasının söküləcəyi təsəffürünü yaradır və nəticə etibarı ilə uşaq bağçasının müştərisi olan bir çox valideynlər həmin bağçasın fəaliyyətinin dayandırmasını zədd edərək başqa bağçalara üz tutur ki, bununla da o, müştəri itkisinə məruz qalır və nəticədə ona külli miqdarda ziyan dəyir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, Nəsimi rayon Prokurorluğu tərəfindən iddiaçının şikayəti ilə bağlı cavabdehin səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırma nəticəsində hasarın X13 tərəfindən sökülməsi müəyyən edilmiş, bu barədə göstərişi isə Bəxtiyar Cəfərovun özbaşına verilməsi, MTK-nın vəzifəli şəxslərdən heç kimin Bəxtiyar Cəfərova göstəriş verilmədiyi müəyyən olunmuşdur. Nəsimi rayon Prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə X1 barəsində AR İXM-nin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməsi qərar verilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1037/2021 saylı, 08.05.2021-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində - 3.532 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan da müəyyən olunur ki, Cavabdeh MTK-da nəzarətçi vəzifəsində işləyən X1 göstərişi əsasında usta X3 İbrahimovaya məxsus bağçanın hasarının bir hissəsini ekskavatorla dağıtmış, bundan sonra M.Əliyev 27.01.2021-ci il tarixdə, saat 13.30 radələrində ünvan 2 ünvanda olan hasarı sökərkən İddiaçı məxsus hasarın bir hissəsini yenidən dağıtmış və videomüşahidə kmmerasını yararsız hala salaraq sonuncuya ümumilikdə 3.432 manat məbləğində ziyan vurmaqla özgənin əmlakı qəsdən məhv edib zədələmişdir. X4 ilə Cavabdeh MTK arasında bağlanmış 13 saylı əmək müqaviləsinə əsasən Bəxtiyar Cəfərovun əmək funksiyalarına – pilot layihədə sökülməsi nəzərdə tutulan obyektlərin sahibləri ilə danışıqların aparılması, sahədə, istehsalatda tapşırıqların yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması, işə vaxtında gəlmək, nizam intizama nəzarət etmək, cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi daxildir. X13 Cavabdeh MTK-da işləmir və heç bir əmək münasibətləri yoxdur. M.Əliyev usta kimi sahibkar X5 işçisidir. X6 mübahisəli hasarı sökdüyü ekskavatorun mülkiyyətçisi X7r, o, qohumu X8 istifadə məqsədi ilə həmin ekskavatoru vermiş və ekskavatorun faktiki sahibi X9r. H.Səfərov söküntü işlərinin aparılması üçün ekskavatoru öz işçisi usta X10 vermişdir. Hesab edirlər ki, iddiaçıya dəymiş zərər görə məsuliyyəti Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin sahibi, yəni ekskavatorun mülkiyyətçisi X14 və ekskavatorun icarəçisi X15 daşımalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Nəsimi rayon prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında hasarın sökülməsi nəticəsində iddiaçıya ümumilikdə 3532 manat ziyan vurulduğu (mütəxəssisin rəyinə əsasən) qeyd edilmişdir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 11.02.2021-ci il tarixli hesabatına əsasən, dəymiş zərərin məbləği 4400 manat müəyyən edilmişdir. Beləliklə, hasarın sökülməsi nəticəsində ziyanın məbləği birində 3532 manat, digərində isə 4400 manat göstərilmişdir. Məhkəmə isə bu ziddiyəti aradan qaldırılması üçün məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yarandığına və bununla bağlı məhkəmə baxışında şifahi vəsatət də qaldırılmasına baxmayaraq maddi ziyanın məbləğini məhz "xxxx" MMC-nin hesabatına əsaslanaraq 4400 manat məbləğində müəyyən etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi müəssisənin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli ünvan iddiaçının xüsusi mülkiyyətində olmaqla, «Şəms» körpələr evi-uşaq bağçası (VÖEN **********) adı altında fəaliyyət göstərir. İş üzrə Nəsimi rayon prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 20.01.2021-ci il tarixdə gecə saat 03 radələrində Cavabdeh MTK-da nəzarətçi vəzifəsində işləyən X1 göstərişi ilə Cavabdeh MTK-da usta vəzifəsində işləyən X13 iddiaçıya məxsus uşaq bağçası körpələr evinin hasarının bir hissəsini ekskavatorla dağıtmış, bundan başqa Mehman Əliyev 27.01.2021-ci il tarixdə saat 13.30 radələrində Bakı şəhəri Nəsimi rayonu, A.Səhhət 51 ünvandakı hasarı sökərkən İddiaçı məxsus hasarın bir hissəsini yenidən dağıtmış və videomüşahidə kamerasını yararsız hala salaraq İddiaçı ümumilikdə 3532 manat məbləğində ziyan vurulmuş, cinayət təqibinin başlanması rədd edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində – 3.532 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin 11.02.2021-ci il tarixli hesabatı ilə dəymiş zərərin məbləği 4400 manat müəyyən edilmişdir. İddiaçı hadisə nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirərək hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddianı etiraf etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Hazırda iddiaçı qətnamədən şikayət verməmiş, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası buna görə də qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 21, 1096, 1097, 1115, 1099-cu maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılmış söküntü və tikinti işləri ilə əlaqədar iddiaçının mülkiyyətində olan əmlaka 4400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə həmçinin cavabdehdən iddiaçının xeyrinə mülkiyyət hüquqlarına birbaşa gecə saatlarında müdaxilə olduğundan 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını ağlabatan və eyni zamanda ədalətli hesab etmişdir. Cavabdeh iddianın təmin edilən hissəsini əsassız sayaraq bildirmişdir ki, cavabdehin hadisədə heç bir təqsiri yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə ziyanı cavabdeh şirkət tərəfindən deyil, ekskovatorun sürücüsü tərəfindən edildiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, ekskovatorun sürücüsü X13 olmuş və 19 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarındakı izahatında hasarı X1 göstərişi əsasında sökdüyünü bildirmişdir. X4 isə cavabdehin işçisi olaraq nəzarətçi vəzifəsində çalışmışdır. Qeyd olunan qərarda Bəxtiyar Cəfərovda izahat verərək göstərişi özünün verdiyini qeyd etmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video diskdən aydın olur ki, iddiaçının mülkiyyətində olan (texniki pasporta və mülkiyyəti təsdiq edən akta əsasən) hasarı cavabdehin işçisinin gəstərişi əsasında gecə saatlarında sökülmüş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda mübahisələndirilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, həm iddiaçı tərəfindən müstəqil qiymətləndirmənin nəticəsi olaraq , həmdə 19 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında prokurorluq orqanı tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizaları keçirilməsi müəyyən edilmişdir. Hər iki rəylərdə iddiaçının iddia etdiyi məbləğə uyğun qiymət müəyyən edildiyindən, yenidən prosessual qənaət prinsipini nəzərə almaqla qiymətləndirmənin keçirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddia zərərin əvəzinin ödənilməsi hissəsində sübuta yetirildiyindən əsaslı olaraq qismən təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya qaydasında mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar