Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10750/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3250/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3250/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 1500 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı və cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçının apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamışdır. Şikayətdə birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilsə də, işdə belə tarixli qətnamə mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.1, 361.1.2-ci və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Cavabdehin apellyasiya şikayəti isə, hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, MPM-in 69.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-in 74.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Baxılan işdən isə görünür ki, cavabdehin apellyasiya şikayəti nazir müavini Azər Bayramov tərəfindən imzalansa da, onun məhkəmə aktından apellyasiya şikayəti vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Şikayətə əlavə edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazliyində Maliyyə naziri, nazir müavinləri və Aparatın rəhbəri arasında iş bölgüsünün aparılması haqqında” 31.09.2019-cu il tarixli, İ-128 saylı əmr isə, kserosurət olmaqla orada şikayəti imzalamış şəxsin qeyd olunan səlahiyyətinin olması barədə birbaşa göstəriş yoxdur (həmin əmr ümumiyyətlə başqa məsələləri tənzimləmişdir). Belə olan halda, nazir müavini Azər Bayramovun cavabdehin nümayəndəsi kimi apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3250/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10750/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10750/2021
21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver