Məhkəmə qərarları › İş №2(103)-10754/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10754/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10754/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (əvvəlki adı İddiaçı X3 ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-218/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (əvvəlki adı İddiaçı X3 ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 20092,19 ABŞ dolları əsas, 23772,6 ABŞ dolları faiz və 422,08 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 30 iyul 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 536,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 45823,17 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 2 otaqlı, 31 m2 yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus mənzilə tutma yönəldikdə satışından 1 ay sonra cavabdehlərin mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 24500 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 m2 yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzili 30.07.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. 14 noyabr 2019-cu ilədək Cavabdeh1 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20092,18 ABŞ dolları əsas, 20200,85 ABŞ dolları faiz, 64,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40357,39 ABŞ dolları borcu vardır. Xəbərlarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmış, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Odur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun tutulmasına yönəldilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)- 218/2021 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia ərizəsi qismən təmin olunaraq, Cavabdeh1 20092,19 ABŞ dolları əsas, 23772,6 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 30.07.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 536,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 44901,09 ABŞ dolları borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 manat, ümumilikdə isə 44901,09 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən, 2 otaqlı, 31 m2 ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi və cəmi 44901,09 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 manatın ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2015ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pulun Cavabdeh1 tutularaq həmin MMC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissədə ləğv olunmasını, həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, faiz borcu ilə qismən razı olması, cərimə və əldən çıxmış fayda ilə razı olmaması, məbləğlərin şişirdilməsi, iddiaçıya olan faiz, cərimə və əldən çıxmış fayda borcunun təxminən 11000- 12000 ABŞ dolları həcmində olması, həmçinin ipoteka predmetinin ilkin sağış qiymətinin onları qane etməməsi, mənzilin real bazar qiymətinin daha yüksək olması, bu səbəbdən də peşəkar qiymətləndirici tərəfindən mənzilin real bazar dəyərinin yenidən müəyyən edilməli olması kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, apellyasiya şikayəti vermiş cavabdehlər isə qətnaməni qismən mübahisələndirmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25 faiz olmaqla, 24.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan «İpoteka saxlayan» qismində İddiaçı İKB ASC ilə «İpoteka qoyan» qismində Cavabdeh2 və «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 30.07.2015-ci il tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 24, mənzil 143 öhdəliklərin təminatı kimi İddiaçı İKB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 24, mənzil 143 İddiaçı İKB ASC-nin 2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı İKB ASC-nin Cavabdeh2 ünvanlanmış 08.10.2019-cu il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan İddiaçı İKB ASC-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 14.10.2019-cu il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh2 məxsus əmlaka dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan İddiaçı İKB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 14.11.2019-cu il tarixə banka 20092,19 ABŞ dolları əsas , 20200,85 ABŞ dolları faiz, 64,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40357,39 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 12.02.2021-ci il tarixə banka 20092,19 ABŞ dolları əsas, 26451,26 ABŞ dolları faiz, 1422,08 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 536,3 ABŞ dolları olmaqla, cəmi 47965,53 ABŞ dolları məbləğində borcu vardır. Qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında 30.07.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması, cavabdehə 60 ay müddətinə, illik 25 faiz olmaqla 24500 ABŞ dolları məbləğində kredit verilməsi, həmin öhdəliyin icrasının təmini kimi bankla Cavabdeh2 arasında 30 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin bağlanması, nəticədə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 24, mənzil 143-də yerləşən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi, əsas öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisələndirilməyən hallarıdır. Cavabdehlər apellyasiya şikayətində kredit öhdəliyi üzrə faizlərin, cərimənin və əldən çıxmış faydanın düzgün hesablanmamasını, şişirdilməsini göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun konkret nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3958 saylı, 21 dekabr 2020-ci il tarixli rəyi) rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 30.07.2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan 21.01.2020-ci il tarixə əsas borc üzrə 23642 ABŞ dolları, faiz borcu üzrə 20886,77 ABŞ dolları; 30.07.2020-ci il tarixə əsas borc üzrə 23642 ABŞ dolları, faiz borcu 23989,79 ABŞ dolları müəyyən edilmişdir (ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini (həmçinin faizləri) dəqiqləşdirmişdir. Cavabdeh tərəf isə, bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, ekspertiza rəyi ilə razılaşmamasının əsaslanı göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin (bunan sonra, MM) 467-ci maddəsinə əsasən, tələb olunmuş cərimənin məbləğini azaldaraq 500 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası tutulması qət olunmuş cərimənin məbləğinin daha da azaldılmasına zərurət görmür. Həmçinin, MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 536,3 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Cavabdehlər apellyasiya şikayətində qeyd edilən hissədə qətnamənin əsassızlığının nədən ibarət olmasını göstərməmiş, ümumi formada razı olmamasını göstərməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası işin hallarını və toplanmış sübutları nəzərə alaraq hesab edir ki, qətnamə yoxlanılan qeyd edilən hissədə əsaslıdır. Cavabdehlər həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Cavabdehlər apellyasiya şikayətində həmçinin ipoteka qoyulmuş mənzilinin dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşdə olan "xxxx" MMC-nin 18.08.2020-ci il tarixli 68/1-PLS saylı daşınmaz əmlakın (mənzilin) şiymətləndirilməsi barədə hesabatından və 07.06.2021-ci il tarixli, A/01-PLS saylı mənzilin likvid qiymətinin müəyyən edilməsi barədə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 24 nömrəli evin 143 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti – 68000 manat, likvid qiyməti 60000 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Cavabdehlər isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olması ilə bağlı hər hansı sübut təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin (əvvəlki adı İddiaçı X3 ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-218/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)- 218/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar