Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10755/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 4596/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2376,63 manat məbləğində sığorta ödənişi məbləğinin və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X2 arasında 20 noyabr 2017ci il tarixdə sığorta müqaviləsi bağlanmış və “Mitsubishi Pajero” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 1 il müddətinə sığorta təminatı almışdır. Cavabdeh 22 yanvar 2018-ci il tarixdə “Mitsubishi Pajero” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri M.Rəfili küçəsində yol nəqliyyat hadisəsi törətmiş və parklamada olan “Mitsubishi Pajero” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2376,63 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ tərəfindən 22 yanvar 2017-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYŞP-nin "xxxx" ASC-yə təqdim etdiyi 03.04.2018-ci il tarixli, 082-5362-1118 saylı arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı zərərin aradan qaldırılması üçün ödədiyi 2376,63 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 10.07.2018-ci il tarixli, AS-18/1719 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Göstərilənlərə əsasən 2376,63 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 2406,63 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 4596/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qeyri-qanuni və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, hadisə yerindən yayınmamışdır. Çünki qəza evinin qarşısında baş vermiş, hadisədən bir neçə saat keçdikdən sonra bu haqda sığorta nümayəndəsinə məlumat vermişdir. Hadisədən isə 3 il 8 ay keçdikdən sonra ona məlum olmuşdur ki, iddiaçı onu məhkəməyə vermişdir. Bundan əlavə digər avtomobilə dəyən zərər iddia tələbində göstərilən məbləğdə olmamışdır. Məhkəmə tərəfindən prosessual hüquq normaları da pozularaq məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənləri təsdiq edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)-4596/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 27.07.2018-ci il tarixli arayışa əsasən «Mitsubishi Pajero» minik markalı Az ** DB *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mitsubishi Pajero” markalı ** DB *** dövlət nömrə nişanlı avtomobil 20 noyabr 2017-ci il tarixdən 20 noyabr 2018-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ DYPŞ tərəfindən tərtib edilmiş 22 yanvar 2017-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 22 yanvar 2017-ci il tarixdə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən ara məsafəsi qaydalarının pozulması, 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaların pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyatı hadisəsi yerindən yayınması hallarına yol verilmişdir. Həmin hadisə ilə əlaqədar Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanması barədə 25 yanvar 2018-ci il tarixli arayışdan görünür ki, “Mitsubishi Pajero” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 2520,63 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19 fevral 2018-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən PAA170710523 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mitsubishi Pajero” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Kasko Butik məhsulu üzrə L290RLUS nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mitsubishi Pajero” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində zərər vurulmuşdur. Hadisə nəticəsində zərərçəkən sığortalıya "xxxx" MMC tərəfindən 2376,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq ödənilmiş 2376,63 manat məbləğində vəsaitin 5 təqvim günü ərzində "xxxx" MMCnin bank hesabına ödənilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi Pajero” markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil 20 noyabr 2017-ci ildən 20 noyabr 2018-ci il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi “Mitsubishi Pajero” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mitsubishi Pajero” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2520,63 manat ziyan dəymiş, həmin ziyan "xxxx" MMC tərəfindən ödənilmiş, bununla bağlı həmin MMC-nin müraciəti əsasında MMC-yə "xxxx" ASC 2376,63 manat sığorta ödənişi həyata keçirmişdir. İş üzrə 09 aprel 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1462/18/AA-791/18 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə 2376,63 manat sığorta ödənişi köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən hüquq normalarından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində digər avtomobilin sahibinə 2520,63 manat məbləğində ziyan dəymiş, həmin ziyanın 2376,63 manat hissəsi ziyan dəymiş avtomobilin sığortalandığı sığorta təşkilatı olan "xxxx" MMC tərəfindən ödənilmiş, "xxxx" ASC isə MMC-nin müraciəti əsasında 2376,63 manat pulu həmin MMC-nin hesabına ödəmişdir. İnzibati xəta haqqında iş üzrə qərara əsasən Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması müəyyən olunmuşdur. Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması "xxxx" ASC-yə “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişini geriyə tələb hüququ vermişdir. Cavabdeh apellyasiya şikayətində hadisənin onun yaşadığı evin qarşısında baş verməsini və hadisə yerindən yayınmamasını göstərsə də, Nəsimi RPİ DYPİ-də inzibati xəta haqqında iş üzrə icraat aparılarkən alınmış Cavabdeh və zərərçəkmiş X1 izahatlarından görünür ki, Cavabdeh yaşadığı evin həyətində idarə etdiyi avtomobili arxaya sürərkən parklamada olan “Mitsubishi Pajero” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuş və hadisə yerindən yayınmışdır. Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutan İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, həmin qərardan şikayət verməyərək faktiki olaraq qərarla razılaşdığını nümayiş etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, o, hadisə barədə müvafiq dövlət orqanlarına məlumat verməmiş, yalnız sığorta əməkdaşına məlumat vermişdir. Məhkəmə iclasında cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan SMS bildirişlərdən görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuşdur. Cavabdehin COVİD-19 virusuna yoluxduğuna görə 18 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməməsi barədə şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu barədə məhkəməyə məlumat verməmiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etməmişdir. Bundan başqa, cavabdeh zərər dəymiş avtomobilə görə ödənilmiş sığorta məbləğinin çox olmasını bildirsə, bunu təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə mübahisələndirilə bilən məbləğ 2376,63 manat olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 4596/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10755/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver