Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10761/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızının Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.05.2010-cu il təvəllüdlü X7 və 13.11.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 27.06.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 15.05.2010-cu il təvəllüdlü X7 və 13.11.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında saxlanılması qət edilmişdir. Həmin məhkəmənin 10.08.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16.07.2015-ci il tarixdən başlayaraq uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 108 manat, cəmi 216 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin alimenti ödəmək üçün kifayət qədər maddi imkanı olmadığı üçün və münasibətlərinin pisləşməsinin uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini nəzərə alaraq Sabunçu Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin, yəni 2015-ci il tarixdən 2017-ci il tarixədək olan yığılmış aliment borcuna dair Xəzər rayon İcra Şöbəsinin 30.05.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda cavabdeh övladları ilə maraqlanmır, onların maddi tələbatını ödəmir. Cavabdehin kifayət qədər maddi imkanı vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 15.05.2010-cu il təvəllüdlü X7 və 13.11.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 08.06.2021-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat, cəmi 350 manat aliment tutularaq iddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclası barədə məlumatlandırılmamışdır. İddiaçı başqa şəxsə qoşulub qaçmış, sonra isə gəlib ona məxsus evə yerləşmiş, onu və anasını isə evə buraxmamışdır. O, fəhlə işləyir, 250 manat maaş alır, başqa gəlir yeri yoxdur. Yeni ailə qurmuş və arvadı hamilədir. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, hər uşaq üçün 100 manat aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahlarından 15.05.2010-cu ildə Ramal və 13.11.2012-ci ildə Zəhra adlı uşaqları doğulmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16.07.2015-ci il tarixdən başlayaraq 15.05.2010-cu il təvəllüdlü X7 və 13.11.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 108 manat, cəmi 216 manat alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 15.05.2010-cu il təvəllüdlü X7 və 13.11.2012-ci il təvəllüdlü X3 iddiaçı X1 yanında saxlanılması qət edilmişdir. Xəzər rayon İcra şöbəsinin 30.05.2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh MMC-də 04.05.2020-ci il tarixdən hazıra kimi fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 175 manat (cəmi 350 manat) müəyyən edilməlidir. Cavabdeh hər uşağa görə 100 manat aliment ödəyə biləcəyini qeyd edir. İşin müəyyən edilmiş halları ilə bağlı Kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaqlar üçün 2019-cu il üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. 2020-ci il üçün bu məbləğ 170 manat, 2021-ci il üçün isə 175 manat müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üzrə müəyyən olunmuş yaşayış minimumu ilbəil artır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün alimentin məbləğinin yüksək olması, aylıq gəlirinin 250 manat olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşaq üçün sabit pul məbləğində 175 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Aylıq gəlirinin aşağı olması onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Cavabdehin qeyd etdiyi məbləğ hazırki dövrdə uşaqların saxlanılması üçün yetərli hesab edilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Məhkəmə iclası barədə məlumatlandırılmamasına münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdehin ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, həmçinin iş materiallarına məlum olan telefon nömrəsinə AZEMİS vasitəsilə SMS Bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10761/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10761/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver