Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10779/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı (eyni zamanda İddiaçı2 nümayəndəsi) İddiaçı1, Cavabdeh1 vəkili X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərinin birgə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər bacı-qardaşdırlar. X2 26 iyun 1975-ci ildə vəfat etmişdir. Mərhum ataları X12 20 avqust 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili onlara bərabər paylarda vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. Ömrünün son vaxtlarında ataları ağır yataq xəstəsi olmuş və yaddaşını itirmişdir. İddiaçılar atalarına baxmış və qulluq göstərmişlər. Ataları iddiaçılar evdə olmadığı vaxtda naməlum səbəbdən üz və boyun nahiyəsindən yaralanaraq ölmüşdür. Yaraların səbəbini soruşduqda cavabdeh atalarının yıxıldığını bildirmişdir. Onlara qaranlıq qalmışdır ki, yeriməyən ataları necə yıxıla bilər. Atalarının dəfn xərcini İddiaçı2 çəkmişdir. Sonradan onlara məlum olmuşdur ki, atalarının qoyduğu vəsiyyətnamə ləğv edilmədən, cavabdeh atalarına məxsus evin sənədlərini götürərək, atalarının ölməyinə 2 gün qalmış Bakı şəhəri 9 saylı notariat kontorunun notariusunu evə gətirmiş, aldatma və saxta yollarla atalarının evinin cavabdehə bağışlanması haqqında müqavilə bağlanmasını təşkil etmişdir. Hesab edirlər ki, bağışlama müqaviləsi atalarının həqiqi iradə ifadəsini əks etdirməmiş, ataları müqavilənin mahiyyətini başa düşmədən onu bağlamışdır. Çünki ataları ömrünün son günlərində özündə olmamış, yaxınlarını belə tanımamış, üzərinə dəfələrlə həkim çağırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)- 3120/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, apellyatorlar əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi ləğv edilmiş, X13 ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-837 nömrə ilə qeydə alınmış) «Daşınmaz əmlakın bağışlanması haqqında» 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında (əqdin nəticəsində) Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və şikayətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya icraatı qaydasında işə təkrarən baxılarkən İddiaçı1 özü və bacısı İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin olunaraq ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Aydın Hacıyev isə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Bakı şəhəri 9 saylı notariat kontoru məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunan yazılı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinin X6 mülkiyyətində olması, sonuncunun iş üzrə tərəflər İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Cümə oğlunun atası olması, X6 30 oktyabr 2015ci il tarixdə vəfat etməsi, ölümündən 2 gün əvvəl, yəni 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan həmin mənzilin oğlu Cavabdeh1 bağışlanması barədə 28 oktyabr 2015-ci il tarixli müqavilənin rəsmiləşdirilməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X13 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı2, İddiaçı1 və Cavabdeh1 bərabər paylarda vəsiyyət etmişdir. İddiaçılar iddia edirlər ki, ataları uzun müddət xəstəlikdən əziyyət çəkmiş, son vaxtları xəstəliyi kəskinləşmiş, huşu özündə olmamış, hətta yaxınlarını belə tanımamış, hərəkətlərinin mənasını başa düşməmişdir. Belə bir vəziyyətdə ölümündən iki gün əvvəl mülkiyyətində olan mənzili cavabdeh olan qardaşlarına bağışlaya bilməzdi. Halbuki, ataları mənzili onlara, yəni uşaqlarına bərabər paylarla vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan 4 saylı şəhər poliklinikasının 18 sentyabr 2017-ci il tarixli 125 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış 1934-cü il təvəllüdlü X14 ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağır gedişli kəskinləşmə fazasında, xroniki ağciyər ürək çatışmamazlığı, ürəyin iki tərəfli hidrotoraks diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. 17 avqust 2015-ci ildə xəstə ağırlaşmış vəziyyətdə 5 saylı Klinik xəstəxanada stasionar müalicə almışdır. Dəfələrlə təcili tibbi yardım köməyindən və sahə həkim terapevtin müalicəsindən istifadə etmişdir. Aparılan müalicələrə baxmayaraq axırıncı ay xəstənin vəziyyəti kəskinləşmişdir. 13.10-15.10-29.10.2015-ci il tarixlərdə təcili tibbi yardımın çağırışı əsasında sahə həkimi M.Mehdiyeva xəstənin ünvanına çağırışa getmişdir. Sahə həkiminin dediyinə görə xəstə ağır vəziyyətdə, hərəkətləri qeyri-adekvat, verilən suallara aydın cavab vermir, huşu aydın deyildir. Xəstə 30 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan 2072/530 saylı xəstəlik tarixinin epikrizindən görünür ki, X13 17 avqust 2015-ci il tarixdə kəskin ürək çatışmamazlığı diaqnozu ilə 5 saylı Klinik xəstəxananın terapiya şöbəsinə daxil olmuş və 31 avqust 2017-ci il tarixdə evə yazılmışdır. İşdə olan X3 adına açılmış ambulator xəstənin tibbi kartasından və xəstələrin ünvanlarına çağırış kitabından çıxarışdan görünür ki, X4 xəstəliyi ilə bağlı mütəmadi olaraq sahə həkimi X9 tərəfindən müşahidə olunmuşdur. Məsələn, 2015-ci ilin oktyabr ayına edilmiş qeydlərdən görünür ki, xəstənin vəziyyəti ağır olmuş, huşu özündə olmamış, verilən suallara aydın cavab verməmişdir. Qeyri-adekvatdır, halyusinasiya halları vardır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 4 saylı şəhər poliklinikasında sahə həkimidir. Dəfələrlə X3 vəziyyəti ilə bağlı ünvana çağırışa getmiş, həmin vaxt onun yanında qızı İddiaçı1 görmüşdır. Son vaxtlar xəstənin vəziyyəti ağır olmuş, xəstəliyi ilə əlaqədar boğulmaları olduğundan, huşu aydın olmamışdır. Sonuncu dəfə çağırış əsasında xəstəyə 29 oktyabr 2015-ci il tarixdə baxış keçirmiş, lakin oktyabr ayında artıq xəstə ölüm qabağı vəziyyətdə olmuşdur. Onun 15 oktyabr 2015-ci il tarixdən sonra apardığı qeydlərindən görünür ki, xəstənin huşu özündə olmamış, verilən suallara aydın cavab verə bilməmiş, halyusinasiya halları olmuşdur. İnqalyator artıq ona kömək etmədiyindən tez-tez boğulurdu. Məhkəmə baxışında şahid qismində dindirilmiş X10 və X16 ifadələrində Sevinc İlyasovanın qonşusu olmalarını, X4nu tanımalarını, dəfələrlə onunla söhbət etmələrini, lakin xəstəliyi kəskinləşdikdən sonra son vaxtlar yanına getdikdə mərhumun artıq onları tanımadığını bildirmişlər. Göründüyü kimi, apellyasiya baxışı zamanı araşdırılmış sübutlara əsasən X3 xəstəliyi ilə əlaqədar ömrünün son vaxtlarında vəziyyəti ağır olmuş, huşu aydın olmamışdır. Belə olan halda, mərhumun mübahisələndirilən əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşüb-düşməməsi, onlara rəhbərlik etmək iqtidarında olması və s. bu kimi sərbəst iradə ifadəsinin həyata keçirilməsinə əsaslı şübhələr yaranmış, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə psixiatrik ekspertizasının 26 may 2018-ci il tarixli 834 saylı rəyindən görünür ki, X4nda əvvəllər hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş ambulator xəstənin tibbi kartasından göründüyü kimi, 2015-ci ilin iyul ayından başlayaraq X1 somatik xəstəliyi ilə əlaqədar ümumi vəziyyəti həm ambulator, həm də stasionar həkimləri tərəfindən orta ağır və ağır dərəcəli kimi qiymətləndirilmişdir. 2015-ci ilin iyul ayından başlayaraq X6 adına poliklinikadan dəfələrlə sahə həkiminin çağırışları olmuş, həmçinin o, vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq 2015-ci ildə iki dəfə stasionar müalicə almışdır. Lakin müalicələrin nəticəsi olmamış, vəziyyətində yaxşılaşma olmamış, getdikcə daha da ağırlaşmışdır. X4 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzili Cavabdeh1 Cümə oğluna bağışlayarkən (əqdi bağlayarkən) onda ağır somatik xəstəliyi nəticəsində yaranmış psixotik pozuntular keçirmiş və həmin vaxt o özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmamışdır. X3 xəstəliyi və onun doğurduğu ağırlaşmalar şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə səbəb ola bilərdi. X3 xəstəliyi və onun doğurduğu ağırlaşmalar nəzərə alınmaqla onun vəziyyəti 28 oktyabr 2015-ci il tarixdə köməksiz vəziyyətdə olan şəxs kimi qiymətləndirilə bilərdi. Bundan əvvəl apellyasiya icraatı qaydasında işə baxılarkən məhkəmə iclasında dindirilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin şöbə müdiri X17 bildirmişdir ki, mərhum Cuma İlyasovun tibbi sənədlərə fəaliyyətsiz ola bilər yazılmışdır. Həkim müayinəsi vaxtı huşunu itirmişdir, hallüsinasiyaları olub. Nərimanov rayonu 4 nömrəli poliklinikanın tibbi kartasına əsasən vəziyyəti ağır olub. Mərhumun əvvəllər heç bir psixi xəstəliyi müəyyən edilməmişdir. Lakin suallara qeyri-adekvat cavablar verib, huşu aydın olmayıb, belə halların olması isə artıq psixi pozuntu hesab edilir. Mərhumun ölüm səbəbi kimi somatik xəstəlik yazılsa da, ağciyər çatışmazlığından ölmüşdür. Göründüyü kimi, istər işdə olan sübutlarla (tibbi və s.), istərsə də ekspertiza rəyi ilə X3 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzilə dair Cavabdeh1 Cümə oğlu ilə bağışlama müqaviləsi bağlayarkən xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yenə həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X13 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını övladları İddiaçı2, İddiaçı1 və Cavabdeh1 bərabər paylarda vəsiyyət etdiyindən və həmin vəsiyyətnamə qüvvədə olduğundan, İddiaçı2 və İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən faliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-cu bəndinin 2-ci hissəsinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyi və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Həmin Təlimatın 38-ci bəndinin 2-ci hissəsinə əsasən, notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Qanunun 35-ci maddəsinə əsasən, əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Qeyd edilməlidir ki, hər hansı əqdin (o cümlədən, bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki münasibətlərdə iştirak edən subyektin iradə ifadəsi düzgün ifadə olunmalıdır. Şəxsin öz arzuladığı məqsədə nail olmaq üçün bağlamaq istədiyi əqdin onun iradəsinə uyğun olub-olmaması səlahiyyətli şəxs tərəfindən aydınlaşdırılmalı, əqdin məzmunu və onun mühüm şərtləri haqqında düzgün təsəvvür formalaşmalı və bunu icra edən şəxs formal hərəkətlərdən çəkinərək, həqiqi niyyətə uyğun əqdin rəsmiləşdirməsini təmin etməlidir. Əks halda əsl iradə ifadəsi təhrif olunmuş şəkildə formalaşır, vacib əhəmiyyətli yanılmaya, aldadılmaya və allanmağa zəmin yaradılır, göstərilən halların toplusu isə şəxsin öz iradəsinə uyğun olmayan əqd üzrə tərəf olmasına imkan verir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Mülki Məcəllənin 346-cı maddəsinin şərhi ilə bağlı qeyd olunmuşdur ki, “Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. ...Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. ...anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. ...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir.” Göründüyü kimi Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulan etibarsızlıq halını yaşa görə və ya psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin bağladığı əqdlərlə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlmişdir ki, anlaqlılığını müvəqqəti olaraq itirmiş şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam, obyektiv və hərtərəfli yoxlamamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində əsaslıdır. Mülki Məcəllənin 141.3-cü maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Əqd etibarsız olduğundan, iddia tələbində göstərilib-göstərilməməsindən asılı olmayaraq onun hüquqi nəticələri, yəni həmin müqavilə əsasında Cavabdeh1 Cümə oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Cümə oğlu ilə X4 arasında bağlanaraq Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh1 Cümə oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Həmin müqavilə əhəmiyyətsiz əqd olduğundan, mübahisələndirmə üçün hər hansı müddət tətbiq edilmədən özlüyündə etibarsızdır. İddia tələbinin mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə mənzilin açıq hərracda satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi mümkün deyil. Belə ki, qeyd olunan məsələ bağışlama müqaviləsinin etibarsızlığının hüquqi nəticələri tətbiq olunduqdan və mənzilin vərəsələr arasında paylarına uyğun surətdə bölündükdən sonra Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət edilməklə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. X13 ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılsın və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş 15 manat pul Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10779/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10779/2021
14.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver