Məhkəmə qərarları › İş №2(103)-10781/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10781/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10781/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı vəkili Vəkil, «AZSİĞORTA” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “subroqasiya qaydasında pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən BA seriyalı, 943407 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən 36111 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı məxsus Sabirabad rayonu, Bazar daxilində yerləşən ərzaq mağazası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən sığorta risklərindən, o cümlədən yanğından sığortalanmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası haqqında BA seriyalı 943407 saylı, 24 yanvar 2019-cu il tarixli şəhadətnamə verilmişdir. Sığorta müqaviləsi bir il müddətinə bağlanmışdır. Sığorta müqaviləsi ilə sığorta məbləği 36111 manat, şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - 16 iyul 2019-cu il tarixdə həmin daşınmaz əmlakda iddiaçının təqsiri olmadan yanğın baş vermiş, nəticədə həmin ərzaq mağazası, onun yanında yerləşən X1 məxsus “Çıraq” market və digər ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır. Sığorta məbləğinin alınması üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə baxılmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş Sahil Əliyeva dəymiş zərərin əvəzi qismində tərəflərindən ödənilmiş 31000 manat sığorta ödənişi məbləğinin və məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq xeyrilərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X1 məxsus mağaza “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC ilə S.Əliyev arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığortalanmışdır. Bu barədə S.Əliyeva BA seriyalı 902842 saylı sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 16 iyul 2019-cu il tarixdə İddiaçı məxsus ərzaq mağazasında yanğın baş vermişdir. Nəticədə həmin ərzaq mağazasının yaxınlığında yerləşən X1 məxsus “Çıraq market” ərzaq mağazası da yanğına məruz qalmışdır. Yanğın hadisəsi nəticəsində sözü gedən obyektlərə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2019-cu il tarixli qərarından yanğının İddiaçı məxsus mağazadan baş verməsi öz təsdiqini tapmışdır. İddiaçı ona məxsus əmlakdan istismar qaydalarına düzgün riayət etməmiş, yüksək enerji tələb edən avadanlıqları buna uyğun olmayan elektrik xətlərinə qoşmuş, eləcə də ticarət mallarını və digər əşyaları elektrik yükləyicilərinə yaxın məsafədə yerləşdirmiş, bununla da onun bu hərəkətləri yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. İddiaçı məxsus əmlaka dair “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığorta müqaviləsi mövcud olmadığından subroqasiya hüququ zərərvuran şəxsə qarşı yönəlməlidir. S.Əliyeva məxsus mağaza "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığortası üzrə təminat aldığından müqavilə ilə müəyyən edilmiş sığorta məbləği 3565/M/CFİ- 237/2019 saylı sığorta aktına və 005XOH********** saylı ödəniş tapşırığına əsasən X1 31000 manat "xxxx" ASC tərəfinədn sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, "xxxx" ASC-dən 36111 (otuz altı min yüz on bir) manat məbləğində sığorta məbləği tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 31000 (otuz bir min) manat məbləğində sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1885/2021 saylı 10.02.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4147/2021 saylı, 13.09.2021-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1885/2021 saylı 10.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş,iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir. İlk iddia tələbi sığorta ödənişinin verilməsi barədədir və iddiaçı tələbin əsası kimi sığorta müqaviləsinə istinad etmişdir. Eyni zamanda cavabdeh də qarşılıqlı iddiasında subroqasiya qaydasında pulu zərərvurmadan yaranan öhdəliyə istinadən tələb edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə sığorta şirkəti arasında icbari sığorta müqaviləsi bağlanıb, müqavilədə sığortalanan daşınmaz əmlakın təyinatının ticarət təyinatlı Market olması göstərilmişdir. Cavabdehin hüquqi şəxs olması işin mübahisə edilməyən halı olduğu kimi, iddiaçının da sahibkarlıq fəaliyyətini həyata keçirməsinə müqavilədə sığortalanan daşınmaz əmlakın təyinatının ticarət təyinatlı Market olması dəlalət edir. Belə olan halda, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi görünür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə qeyd edilib ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, Ali Məhkəmənin qeyd edilən Plenum Qərarı mübahisələrin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi üçün meyarları göstərmiş və konkret hansı növ iddiaların kommersiya məhkəmələrinə aid edilməli olmasına aydınlıq gətirmişdir. Hazırki işdə də mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə əsas verə bilən hallar olmasına baxmayaraq, məhkəmələr buna diqqət yetirməmiş, məhkəmə aidiyyatı ilə bağlı məsələləri müzakirə etmədən işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməklə aidiyyatla bağlı prosessual normaların tələblərini pozmuşlar. Halbuki prosessual qanunvericilik aidiyyət qaydalarının pozulmasına yol vermir. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 418.4.9-cu maddəsinə görə şərh edilən pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsas olduğundan qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir”. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.5-ci -ci maddəsi müəyyən edir ki, apellyasiya instansiyası məhikəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Ona görə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, icraata xitam verilməli və iş Bakı kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2021 saylı, 17.06.2021-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. 2(004)-1955/2021 sayl iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar