Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10807/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(011)-6056/2021 saylı qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı – Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.12.2019-cu il tarixli, 2(103)-1524/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 01.08.2006-cı il təvəllüdlü X9, 16.07.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmasından azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(011)-7159/2019 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh ilə aralarında bağlanmış 12.01.2012-ci il tarixli nikahın pozulması, birgə nikah dövründə anadan olmuş iki uşaqları 01.08.2006-cı il təvəllüdlü X9, 16.07.2008-ci il təvəllüdlü X4 hər ay hər bir uşağın saxlanılması üçün 160 manat olmaqla, cəmi 320 manat alimenlin iddiaçıdan cavabdehin xeyrinə tutulması və hər iki uşağın cavabdehin yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.12.2019-cu il tarixli. 2(103)-1524/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17.09.2019-ci il tarixli 2(011)- 7159/2019 saylı qətnaməsi ilə alimentin tutulması hissəsində dəyişlik edilərək, 01.08.2006cı il təvəllüdlü X9, 16.07.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.09.2019-cu il tarixdən başlayaraq iddiaçıdan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Nikahlarının pozulması Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində qeydiyyata alınaraq iddiaçı nikahın pozulmasına dair şəhadətnaməni almışdır, iddiaçı hər iki uşağın saxlanılması üçün alimenti hər ay ödəmişdir, borcu yoxdur. İddiaçı 2019-cu ildən Türkiyə Respublikasının Edirnə şəhərində Türkiyə Respublikasının vətəndaşı Baki Çarpan ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, həmin nikahdan 11.01.2021-ci təvəllüdlü Çarpan Arda və 11.01.2021-ci il təvəllüdlü Çarpan Tamara adlı əkiz uşaqları doğulmuşdur. İddiaçı hal-hazırda əkiz körpə uşaqlara baxdığına görə və heç bir yerdə işləmək imkanı olmadığına görə aliment ödəmək iqtidarında deyil, məhkəmə iddiaçını əkiz uşaqlarının üç yaşınadək heç bir gəlir mənbəyinin olmamasını nəzərə alıb aliment ödəməkdən azad edə bilər. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.12.2019-cu il tarixli, 2(103)-1524/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 01.08.2006-cı il təvəllüdlü X9, 16.07.2008ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmasından 3 il müddətinə azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(011)-6056/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının vəkili-nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək qətaməinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı alimentin azaldılmasını 11.01.2021 təvəllüdlü Çarpan Arda və 11.01.2021 -ci il təvəllüdlü Çarpan Tamara adlı əkiz uşaqların doğulması ilə əsaslandırmışdır, əkiz uşaqlar digər iki uşağın saxlanılması üçün aliment müəyyən edildikdən sonra doğulduğuna görə iddiaçının ailə vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının uşaqlara baxması ilə əlaqədar işləmək imkanından mərhum olmaqla maddi vəziyyəti pisləşmişdir, ona görə də iddiaçı 3 il müddətinə aliment ödəməkdən azad edilməsini əkiz uşaqların doğulması ilə, yəni ailə vəziyyətində yaranmış dəyişiklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi isə AR Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd edilmiş ailə vəziyyətindəki dəyişikliyi mövcud mülki iş üzrə nəzərə almamışdır, əksinə iddiaçının maddi vəziyyətinin dəyişməsinə dair sübut təqdim edə bilmədiyinə istinad etmişdir. Mübahisə edilən iddianın mahiyyəti ilə ailə vəziyyətində yaranmış dəyişiklə əlaqədardır və beləliklə, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı öz tələbini sübut edə bilməmişdir. İddiaçı iddia tələbini, yəni alimentin azaldılmasını əkiz uşaqların doğulması ilə əlaqələndirmişdir və ailə vəziyyətində yaranmış dəyişikliklə bağlı uşaqların doğum şəhadətnamələri iddiaçı tərəfindən sübut növü kimi təqdim edilmişdir, məhkəmə isə həmin sübutları sübut kimi qəbul etməmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(011)-7159/2019 saylı qətnaməsi ilə tərəflər arasında 12.01.2012-cil tarixdə bağlanmış nikahları pozulmuş, nikah pozulduqdan sonra 01.08.2006-cı il təvəllüdlü X5 və 16.07.2008-ci il təvəllüdlü X7 ataları Cavabdeh yanında saxlanılmışlar, İddiaçı uşaqlarının yetkinlik yaşına çatanadək hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment pul məbləği tutulmuşdur. Bakı Apellyasiya Məhkəməməsinin 2(103)-15242/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsi ilə 01.08.2006-cı il təvəllüdlü X6 və 16.07.2008-ci il təvəllüdlü X1 üçün İddiaçı hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sait pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuşdur. İddiaçı 2019-cu il tarixdə Türkiyə Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmuş, 11.01.2021-ci il tarixdə Çarpan Arda və Çarpan Tamara adlı uşaqları anadan olmuşlar. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Lakin iddiaçı ondan tutulan alimentdən azad edilməsini məhkəmədən xahiş etsə də, həmin qətnamə qəbul edildikdən sonra onun maddi vəziyyətində mühüm dəyişiklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Hazırda isə iddiaçının aliment verməkdən azad edilməsi xeyrinə aliment tutulan yetkinlik yaşına çatmayanların mənafeyinə zidd olardı. Halbuki, nəzərə alınmalıdır ki, məhkəmə qətnamə qəbul edərkən uşaqlar üçün alimenti 2019-cu il üzrə müəyyən edilmiş yaşayış minimumundan daha az məbləğdə tutulmasını qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməməsinin 2(103)-15242/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı izahatında bildirmişdir ki, o heç bir yerdə işləyə bilmir, təyin edilmiş məhləği ödəmək imkanında deyil, hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəyə bilər. Həmin məbləği isə qohumlarının köməyi ilə ödəyəcək. Kollegiya hesab edir ki, İddiaçı 2019-cu ildən sonra ailə vəziyyətində dəyişiklik olsa da, maddi vəziyyətində hər-hansı dəyişiklik müəyyən edilmir.Belə ki, istər aliment məbləği tutulan zaman, istərsə də, hazırda o, əmək fəaliyyəti ilə məşğul olmur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində olan dəlillərin münasibətdə qeyd edir ki, iddiaçı bir ana kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun ailə vəziyyətinin dəyişməsi və maddi vəziyyətinin aşağı olması ilk nikahdan olan uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Belə olan halda kollegiya hesab edir, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(011)-6056/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10807/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10807/2021
23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver