Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10809/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ağali oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Ağali oğlunun Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2162/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Qaradağ Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasını və miqdarını dəyişərək 31 dekabr 2015-ci il tarixdə doğulmuş X2 və 24 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12 may 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları var. 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X3. Cavabdehlə aralarında bağlanmış nikah Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqların anaların himayəsində saxlanılması, onun həy ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə qəbul edilən zaman o, "xxxx" MMC-də fəhlə işləyirdi və aylıq əmək haqqı 376 manat təşkil etmişdir. Məhkəmə alimenti müəyyən edərkən aldığı əmək haqqı məbləğinin uşaqların yaşayış minumumdan az olduğunu əsas gətirərək əmək haqqımın 1/3 hissəsindən əlavə hər uşağa 80 manat olmaqla 160 manat sabit pul məbləğində aliment müəyyən etmişdir Sonradan o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir- Tikinti İdarəsində işləyirdi və aylıq əmək haqqı 1000 manat təşkil edirdi. Həmin məbləğin 1/3 hissəsi 330 manat təşkil edirdi. Lakin 11 avqust 2021-ci il tarixdən o, işdən azad edilmişdir. O, hazırda rəsmi qaydada heç bir yerdə işləmədiyindən ondan aliment Respublikası üzrə orta aylıq əmək haqqının 1/3 hissəsi ilə hesablanacadır. Hazırda Respublika üzrə orta aylıq əmək haqqı 727 manat təşkil edir. Həmin məbləğin 1/3 hissəsi 243 manat təşkil edir.243 manatdan əlavə də ondan 160 manat alimentin tutulacağı halda bu məbləğ 403 manat təşkil edəcəkdir. Onun nə vaxt işə düzələcəyi isə qeyri-müəyyən olduğundan və hazırda heç bir yerdə işləmədiyindən ondan bu şəkildə aliment hesablanacağı təqdirdə o, həmin məbləği ödəyə bilməyəcəyək. Həmçinin uşaqlara baxmaq hər iki valideynin borcudur. Cavabdeh özüdə işləyə bilər. Uşaqların saxlanılması üçün bütün məbləğin ondan tələb edilməsi düzgün deyildir. Cavabdehin ona xəyanət etməsi səbəbindən ailə münasibətləri pozulmuşdur. Onların gələcəkdə barışmağı mümkün deyildir. O, isə ailə qurmağa hazırlaşır. Məhkəmənin qət etdiyi məbləğdə alimentın ödənilməsi onun gələcəkdə ailə qurmağına böyük təsir edəcəkdir. Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qaradağ rayon məhkəməsinin 13.11.2020-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 24 noyabr 2011-ci il təvəllüdlü X3 və 31 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Qaradağ Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə ərəfəsində guya işdən çıxmış və 2(002)-2162/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnamə qəbul edildikdən sonra (qətnaməyə əsasən 2 uşağın saxlanması üçün 350 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir.) təzədən dərhal işə düzəlmişdir. Belə çıxır ki, o, məhkəmə və hüquq orqanları ilə oyun oynayır. İddiaçı hal-hazırda "xxxx" MMC-də mühəndis (tikinti üzrə) vəzifəsində işləyir və yüksək əmək haqqı alır. O, əvvəllərdə alimenti ödəməkdən yayındığı üçün bir neçə dəfə Ədliyyə Nazirliyinə şikayət etmək məcburiyyətində qalmışdır. Qaradağ rayon icra şöbəsi də alimenti ödəmədiyi üçün onu bir neçə dəfə məhkəməyə vermişdir. Hal-hazırda yenə artıq 3 aydır ki, alimenti ödəmir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinə edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(002)-1555/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların anaların himayəsində saxlanılması, onun həy ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışında təqdim olunmuş Sosial arayış üzrə çıxarışından görünür ki, İddiaçı Ağali oğlu 29.10.2021-ci il tarixdə "xxxx" MMC-də tikinti üzrə mühəndis vəzifəsindən azad edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2021-cı il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə alimentin miqdarını uşaqlar üçün yaşayış minimumu həddində müəyyən etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2162/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10809/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10809/2021
10.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver