Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10812/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(001)-4157/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdə olan, ona məxsus 700 manat dəyərində mebel dəsti (taxt, trümo, sandıq), 55 manat dəyərində sərinləşidirci, 550 manat dəyərində qızıl üzük, 700 manat dəyərində boyunbağı, 1800 manat dəyərində televizor, 700 manat dəyərində soyuducu, 180 manat dəyərində samovar çaynik dəsti, 350 manat dəyərində qazan dəsti, 200 manat dəyərində keramika qazan dəsti, biri 60, digəri 55 manat olan 2 ədəd xrustal meyvə vazı, 90 manat dəyərində 6 ədəd qənd qabı, 90 manat dəyərində 6 ədəd su bakalı, 32 manat dəyərində 2 ədəd su qrafini, 32 manat dəyərində 2 ədəd xrustal kompot bakalı, 25 manat dəyərində 2 ədəd xrustal qrafin, 28 manat dəyərində 2 ədəd xrustal ləpə qabı, 15 manat dəyərində çaydan, 330 manat dəyərində “Galaxy” fimalı sandıq qaşıq dəsti, 200 manat dəyərində 2 ədəd yataq dəsti, 120 manat dəyərində 2 ədəd yataq dəsti 85 manat dəyərində yataq dəsti, 50 manat dəyərində yataq dəsti, 21 manat dəyərində 6 ədəd çay dəsmalı, 187 manat dəyərində 6 dəst dəsmal, 405 manat dəyərində 6 ədəd süfrə, 350 manat dəyərində taxtüstü, 230 manat dəyərində taxtüstü, 100 manat dəyərində taxtüstü, 120 manat dəyərində 2 ədəd taxtüstü, 100 manat dəyərində xalça, 290 manat dəyərində pərdə dəsti, 95 manat dəyərində 3 ədəd yastıq, 120 manat dəyərində döşək, 135 manat dəyərində ziyafət ayaqqabıları, 210 manat dəyərində 3 dəst ziyafət paltarı, 27 manat dəyərində 2 ədəd çaydandan ibarət əmlakının ona qaytarılması və ya onların dəyəri kimi 8837 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2017-ci ilin iyun ayından rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətlərində yaşamışlar. Faktiki nikahlarından 15.01.2019-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 73 ünvanına qeydiyyata alınmışlar. Evləndiyi zaman valideynləri tərəfindən ona cehiz əşyaları verilmişdir ki, həmin əşyalar tərəflər arasında münasibət pisləşdikdən sonra cavabdehin Cəlilabad şəhərində yerləşən evində qalmışdır. Belə ki, onlar ailə qurduqları ilk vaxtlar bir müddət Cəlilabad şəhərində yerləşən, cavabdehə məxsus evdə yaşamışlar. Hazırda tərəflər arasında faktiki nikah münasibətləri də pozulduğundan iddiaçı cehiz əşyalarının qaytarılmasını tələb edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(001)-4157/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, mebel dəstinin dəyəri kimi 600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı gəlin köçdüyü evə cehiz əmlak və qızıl-zinət əşyaları da aparmışdır. Yəni həmin cehiz təkcə, 600 manat dəyərində mebel dəstindən ibarət olmamışdır. Bunu məhkəməyə təqdim edilmiş fotoşəkillər təsdiq edir. Şahidlər də cavabdehin evinə cehiz əşyalarının daşınıb, yerləşdirilməsini təsdiq etmişlər. İddiaçı haqqı olan, özünə məxsus əmlakları və qızıl zinət əşyalarını tələb etmiş, sübutlarını və şahidlərini təqdim etmiş, iddiasının əsaslılığını sübut etmiş, cavabdeh isə məhkəmənin çağırışlarına gəlməmiş və iddiaya dair münasibət bildirməmiş, iddianın əsaslılığını təkzib edən sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmənin belə ədalətsiz qərar qəbul etməsinin səbəbi bəlli deyil. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunsa da, iddiaçı faktiki olaraq qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini verilmiş apellyasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlayır. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq göstərdi ki, onunla cavabdeh ailə qurduqdan sonra təxminən bir ilə yaxın müddətdə Cəlilabad şəhərində cavabdehin anasına məxsus evdə yaşamışlar. Cehiz əşyalarını da məhz həmin evə yığmışdır. Sonradan işləmək məqsədi ilə onlar Bakıya gəlmişlər və bir müddət Lökbatan qəsəbəsində kirayədə, daha sonra isə iddiaçının anasının Binəqədi rayonunda aldığı fərdi evdə yaşamışlar. O, Bakıya gələn zaman özü ilə yalnız ən zəruri olan əşyalarını götürmüş bütün qalan cehiz əşyaları isə Cəlilabaddakı evdə qalmışdır. İddia ərizəsində göstərilən əşyalardan soyuducu və televizoru onlar birgə yaşadığı müddətdə almışlar. Qalan əşyalar isə onun özünə məxsus olmuşdur. Sadalanan qızıl zinət əşyalarından üzüyü və boyunbağını qaynanası ona hədiyyə almışdır. Onlar Binəqədidəki qaynanasına məxsus evə köçəndə o, Cəlilabaddakı cehiz əşyalarını bura gətirmək istəmiş, lakin qaynanası həmin əşyaların satıldığını, ona yeni əşyalar alacağını bildirmişdir. Ona məlum olmuşdur ki, qaynanası həmin əşyaları satmışdır. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ona qoşulub qaçdığından özü ilə yalnız bir çanta şəxsi geyim əşyaları gətirmişdir. Onlar iddiaçı ilə ailə qurduqdan sonra Cəlilabad şəhərində anasına məxsus evin bir otağına köçüb orada yaşamışlar. Həmin otaqda iddiaçının yalnız bir dəst yataq mebeli olmuşdur. Belə ki, evin başqa otaqları təmirsiz olmuşdur. Orada yaşadıqları müddətdə iddiaçının cehiz gətirdiyi mebel nəm çəkərək xarab olmuş və iddiaçının özünün razılığı ilə həmin mebelləri 200-300 manata satmışlar. Onlar Bakıya gələndə əvvəlcə Lökbatan qəsəbəsində 4-5 ay kirayədə qalmışlar. Həmin evdə ev sahibinə aid məişət əşyaları olmuşdur. Binəqədidəki evə köçəndə də həmin evdə bir çox əşyalar artıq var idi. Belə ki, onlar Cəlilabaddakı evi satanda orada olan anasına məxsus əşyaları yük avtomobili ilə həmin evə gətirmişlər. İddiaçının ərizədə göstərdiyi digər əşyalarla bağlı bildirdikləri həqiqətə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materialları ilə müəyyən edilir ki, tərəflər 2017-ci ildə faktiki ailə münasibətlərinə daxil olmaqla ailə kimi bir yerdə yaşamışlar və nikahlarını qeyd etdirməmişlər. Onların faktiki ailə münasbiətlərindən 15.01.2019-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. 2019-cu ildə tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(001)-8034/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11.10.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat və uşaq 3 yaşına çatanadək hər ay 40 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Tərəflər mübahisələndirmirlər ki, iddiaçı cavabdehlə Cəlilabad şəhərində cavabdehin ailəsinə məxsus evdə yaşadığı müddətdə cehiz əmlak olaraq ümumi dəyəri 600 manat olan 1 dəst yataq mebeli gətirmişdir. Digər əşyaların mövcud olmasını və onların cavabdehdə olmasını isə cavabdeh qəbul etmir, iddiaçı isə bunları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının anası Şahid1 və əmisi Şahid2, iddiaçıya evlənərkən, hər ailədə olduğu kimi cehiz əşyalar, o cümlədən 700 manata mebel dəsti alındığını, əşyaların cavabdehin Cəlilabad şəhərindəki evində yerləşdirildiyini, cehiz əşyaları iddiaçının əmisi və bibisinin taksi ilə apardıb yerləşdirdiklərini, sonradan cehiz əşyaların cavabdeh və onun ailəsi tərəfindən satıldığını bildirmişlər. Beləliklə, iddiaçı qaytarılması tələb olunan çeşiddə, sayda və dəyərdə əşyalara malik olduğunu, həmin əşyaların cavabdehdə qaldığını iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün şahid ifadələrini, fotoşəkilləri və “WOODPECKER Cəlilabad Ticarət Mərkəzi” tərəfindən verilmiş 30.07.2017-ci il tarixli nəğd satış barədə qaiməni təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şahidlər, iddiaçının qızıl zinət əşyalarına malik olması, həmin əşyaların cavabdehdə qalması halını təsdiq etməmişlər, yalnız iddiaçıya cehiz verilməsi halını təsdiq etmişlər. Bununla yanaşı, konkret olaraq hansı əşyaların cehiz verilməsini göstərməmişlər. Təqdim edilmiş fotoşəkillərdə görüntüləri əks olunmuş əşyaların, qaytarılması tələb olunan əşyalar olduğunu və bu əşyaların cavabdehdə qaldığını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan sübutlarla, o cümlədən “əsaslı şübhədən kənar” sübutlarla iddiaçının qaytarılmasını tələb etdiyi əmlaklara malik olması, həmin əşyaların cavabdehin evində yerləşdirilməsi və tərəflər arasında faktiki ailə münasibətlərinə xitam verildiyi vaxtdan cavabdehin qanunsuz sahibliyində qalması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaytarılmasını tələb etdiyi cehiz əmlaklara malik olması, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində qalması təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında şərh edilən hüquqi mövqeyə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. ….Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Konstitusiya Məhkəməsinin bu qərarında şərh etdiyi hüquqi mövqeyindən göründüyü kimi, mülki mühakimə icraatı zamanı işə baxan məhkəmənin məqsədi nəyin bahasına olursa olsun, obyektiv həqiqətin deyil, tərəflərin çəkişməsi və dispozitivlik prinsiplərinə riayət etməklə, onların təqdim etdikləri sübutlar əsasında «hüquqi həqiqətin» müəyyən edilməsindən ibarətdir. Beləliklə məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(001)-4157/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10812/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10812/2021
02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver