Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10845/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6772/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dəyəri üzrə ödədiyi 1056 manat, eyni ərazidən oxşar torpaq sahəsinin alınması üçün qiymət fərqi üzrə 28944 manat və dövlət rüsumu üzrə ödənilmiş 30 manat olmaqla, cəmi 30030 manatın cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6772/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6772/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, nə qədər ki, onlar qərarı mübahisələndirmirlər, Bələdiyyə hansı torpaq sahəsi barədə sərəncam verirsə, mütləqdir ki, işə baxılsın. Onların arasında alqı-satqı münasibəti olub, cavabdehin borcudur. Alqı-satqı zamanı dövlətin torpağı təqdim edilib, cavabdeh öhdəliyini icra etməyib. Qərarda qeyd edilir ki, bələdiyyə torpağından ayrılsın, lakin faktiki olaraq dövlət torpağı verilib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. İddia ərizəsindən görünür ki, İddiaçı, inzibati orqan sayılan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən bələdiyyə torpağına aid olmayan ərazidən torpaq alaraq iddiaçı maddi zərər vurulmasını iddia edir. Sözügedən qurumun iddia edilən hərəkəti publik sahədə hakimiyyət səlahiyyətinin icra edilməsindən irəli gəldiyini, eləcə də həmin dövlət qurumun “İnzibati orqanların təsnifatının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarına əsasən inzibati orqan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi inzibatı xarakterlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Zərərin ödənilməsi tələbi adı çəkilən inzibati orqanların hərəkətləri nəticəsində vurulmuş ziyanın kompensasiya edilməsi ilə əlaqədar olduğu üçün məhkəmə hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında baxılmalıdır. Beləliklə, İddiaçı iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdeh kimi göstərdiyi şəxsdən zərərin əvəzinin ödənilməsini ona görə tələb edir ki, Bələdiyyənin ona 1056 manat pulun əvəzində satdığı torpaq Bələdiyyənin mülkiyyətində olmamış və ona təhvil verilən tarixədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxsin sahibliyinə keçmişdir. Demək, iddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələb edir və bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 5.2 və 6.2-ci bəndlərinə istinad edir, ancaq nəzərdə qaçırır ki, həmin bəndlərdə yerli özünüidarə orqanları xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda onlarla fiziki və ya hüquqi şəxslər arasında yaranan münasibətlərdən irəli gələn mübahisələrə, eləcə də torpaqla bağlı müqavilələrdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Ancaq qeyd olunan qərarın 6.1 və 7.1-ci bəndlərində hazırki iş üzrə olan tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması dəqiq göstərilmişdir. Çünki, inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiya ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələblə rayon məhkəməsinə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6772/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6772/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10845/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10845/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver