Məhkəmə qərarları › İş №2(103)-10893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10893/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10893/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymtələndirilməsi Xidməti “ MMC tərəfindən aparılan 29.10.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" MMC tərəfindən aparılan 29.10.2019-cu il tarixli 224, 224/1, 224/2, saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəmsinin 2(103) -8400/2018 saylı, 05.10.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı 01.10.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəıli Nəsimi rayonu Fizuli küşəsi , 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən hazırlanan: - 29.10 2019-cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 3 ünvanında yerləşən qeyri yasşayış sahəsi 400 000 (dörd yüz min ) manat dəyərində qiymətləndirilmişdir. -29.10.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100 000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. -29.10.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili -130000 (yüz otuz min) manat dəyərində qiymətləndirilmişdir. Hesab edirəm ki, mülkiyyətimdə olan əmlakların qiymətləndirilməsi barədə Hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon,- yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində - Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400 000 manat qiymətləndirilməsi ağlabatan deyildir, bazar dəyəli müəyyən edilərkən həmçinin kommersiya cazibadarlığı nəzərə alınmamışdır. Eləcə də şəhərin mərkəzində- 28 may küçəsində yerləşən təmirli 2 otaqlı monizlin 130 000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100 000 manat qiymətləəndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Taqıyevin 01.10.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pulun İddiaçı tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X10” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 22 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. 22 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs Şaliko qızının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. 22 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X5 onun nümayəndəsi və vəkili Vəkil2 Rafiq oğlu apellyasiya şikayətlərinə etiraz edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətləri qətnamənin tam ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, “iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X6 qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(005)- 24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 4 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı X5 və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 400 000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 130 000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 100 000 manat təşkil edir. İş materiallarında 26.10.2020-ci il tarixli “X10” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 26.10.2020-ci il tarixinə yekun bazar dəyəri 450000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin yekun bazar dəyəri 150000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin yekun bazar dəyəri 110000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin 29.10.2019- cu il tarixə 40000 manat, 26.10.2020-ci il tarixə 36000 manat təşkil edir. İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərracda satış qiyməti - 400 000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin hərracda satış qiyməti - 130 000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin hərracda satış qiyməti - 100 000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satış qiyməti – 33000 manat müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı “X10” MMC tərəfindən verilmiş 26.10.2020-ci il tarixli ekspert rəyinə əsasən isə əmlakın ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 26.10.2020ci il tarixinə bazar dəyəri 450000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin bazar dəyəri 150000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin bazar dəyəri 110000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin 29.10.2019-cu il tarixə bazar dəyəri 40000 manat, 26.10.2020-ci il tarixə 36000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş 29.10.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır”. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməmiş və bununla da, o, mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etmişdir. Ona görə də, hərrac keçirilməsi qaydalarının pozulması nəticəsinə gəlməyə və Mülki Məcəllənin 416-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” dair iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir”. Birinci instansiya məhkəməsi aşağıdakı hüquq normalarına istinad etmişdir: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi əmlaklarının düzgan qiymətləndirilməməsinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və həmin dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası əmlakların dəyərləri arasında müəyyən fərqlərin olması ilə əlaqədar birinci instansiya məhkəməsinin “təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş 29.10.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır” kimi hüquqi mövqeyi ilə razılaşır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Maraqlı şəxs apellyasiya şikayətində ona istinad etmişdir ki, İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair X8 ilə 17 dekabr 2011ci il tarixli razılaşma müqaviləsi bağlamışdır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan bağlanmış müqaviləni o mübahisələndirmək hüququna malikdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X8 və İddiaçı arasında əmlakla bağlı mübahisələr uzun müddətdir ki, davam edir və Maraqlı şəxs həmin mübahisələrdən məlumatlıdır. Maraqlı şəxs17 dekabr 2011-ci il tarixli müqavilənin etibarsızlığı ilə əlaqədar bir il müddətində iddia qaldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apoellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu onları ödəyən tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar