Məhkəmə qərarları › İş №2(103)-1090/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1090/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1090/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisinə dair 40 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTKnın ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili təmir edərək İddiaçı təhvil verilməsini, sonuncu isə öz növbəsində ona məxsus Ə.Ağayev küçəsi 23 saylı ünvanda ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 5.2-ci bəndindən görünür ki, müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5000 manat olmaqla kirayə haqqı ödəniləcəyinə tərəflər razılaşmışlar.

2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinə dair 03 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının giriş İ mərtəbəsində ümumi sahəsi 380,0 kv.m olan qeyri-yaşayış sahəsini təmir edərək İddiaçı təhvil verməsini, İddiaçı öz növbəsində ona məxsus ünvan 3 ünvanda ümumi sahəsi 368,8 kv.m olan 3 nömrəli mənzili "xxxx" MTK-ya təhvil verməyi öz öhdəsinə gütürmüşdür.

3. Mənzil 2019-cu ilin fevral ayında iddiaçıya tam təmirli vəziyyətdə təhvil veriilmiş, xx.xx.2021-ci ildən İddiaçı mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödənilməyən mənzilin kirayə haqqına görə 21.600 manat məbləğində pulun, ona təhvil verdiyi mənzili parket döşəmə ilə təmir etmədiyinə görə və buna görə ona dəyən 10.000 manat məbləğində zərərin, cəmi 31.600 manat pulun, habelə ödədiyi 185 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında razılaşmışlar ki, onlar həmin mənzili ona parket döşəmə ilə təhvil verəcəklər. Lakin cavabdeh sözünə əməl etməmiş və ona həmin mənzili laminat döşəmə ilə təhvil vermişdir. Halbuki, onun MTK-ya təhvil verdiyi ünvan 4 ünvanda ümümi sahəsi 368,8 kvm. olan 3 saylı mənzil parket döşəməli olmuşdur. Bunu təsdiq edən fotoşəkillər vardır. Hal-hazırda mənzildə laminat döşəməni söküb parket döşəmə ilə əvəz olunması üçün 10.000 manat məbləğində xərc çəkmək lazımdır. Bundan başqa cavabdehlə aralarında bağlanmış həmin müqavilənin 5.2ci bəndində qeyd olunur ki, cavabdeh tərəfindən müqavilədə göstərilən mənzili tam təhvil verilənədək o, hər ay 5.000 manat olmaqla kirayə haqqı (arenda pulu) ödəniləcəkdi. Lakin cavabdeh həmin müqavilənin 5.2-ci bəndinin tələblərini də pozmuşdur. Belə ki, cavabdeh ona 30 aya görə hər ay 5.000 manat kirayə haqqını bu günə qədər ödəməmişdir. Beləliklə, cavabdeh 30 ay kirayə haqqına görə ona 150.000 manat pul ödəməlidir. Lakin cavabdeh ödəməkdən boyun qaçırır. O, hal- hazırda cavabdehdən 150.000 manat pulu hələ tələb etmir, o, bu gün cavabdehdən hər ayı 600 manat olmaqla 2017-2019-cu illər üzrə mənzilin 21.600 manat kirayə haqını və 10.000 manat parketin pulunu istəyir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.Cəfərli) iş üzrə 28 sentyabr 2023-cü il tarixli, 2(008)-5332/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qeyd edilən mənzil 12 ay ərzində iddiaçıya tam təhvil verilmişdir. İddiaçı hansı səbəbdən kirayə haqqını 12 deyil də, 30 ay hesablanmaqla təhvil verilməsini izah edə bilmədiyindən kirayə haqqı mənzil cavabdehə təhvil verildiyi tarixədək hesablanmalı, bundan sonra iddia tələbinin əsaslığına hüquqi qiymət verilməlidir. Cavabdeh tərəfindən 12 ay ərizində iddiaçıya 23500 manat kirayə haqqı ödənmiş olduğundan və ödənilən kirayə haqqının iddiaçının tələb etdiyi puldan yəni aylıq 600 manat hesablanmaqla 12 ay ərizində ödənilməli puldan (600manat*12ay=7200manat), hebelə iddiaçının tələb etdiyi kimi 30 ay (30ay*600manat=18000manat) hesablansa belə çox olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. xx.xx.2018-ci il tarixli müqavilədən cavabdehin mənzilin döşəməsini parket material vasitəsi ilə təmir etdirilməsinə dair öhdəlik olmadığından iddia tələbi bu hissədə də təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 448ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə görə ona cəmi 11 aya 600 manatdan 6.600 manat pul ödəmişlər. Fakt odur ki, fevral, mart, aprel, may, iyun ayında ona 600 manat, cəmi 3.000 manat pul vermişlər, qalan kirayə haqqını ona verməmişlər. Cavabdeh tərəfindən məhkəməyə verilən aktlar saxtadır, aktlarda olan imzalar onun deyil, məhkəmə xətşünaslıq ekspertizası təyin olunmasını xahiş edir. Belə ki, o, 5 aydan sonra MTK-ya getməyib və qalan pulları o almayıb. Heç bir tikilən hündürmərtəbəli bina 12-ci aya təhvil verilmir, bütün tikilən hündürmərtəbəli binalar 30 ay müddətində təhvil verilir. Bunu sübut etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərmək lazım idi. İşdə binanın 12 ayda təhvil verilməsinə dair heç bir mötəbər sübut yoxdur. Hakimin bu riyazi hesablaması tam səhvdir. Cavabdeh MTK məhkəməyə heç bir tutarlıı sənəd təqdim etməmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçının 368 kvm ümumi sahəsi olan mənzilinə görə MTK tərəfindən ona 850 000 manat, eləcə də həmin məbləğ ödənilənədək aylıq 5000 manat kirayə haqqı ödənilmişdir. İddiaçıya eyni zamanda bundan əlavə 2 otaqlı təmirli mənzil verilmişdir. Mənzil təhvil verilənədək ona aylıq 600 manat kirayə haqqı da ödənilmişdir. 2 otaqlı mənzillə bağlı müqavilədə MTK döşəməyə hansı parket vurulmasına dair üzərinə öhdəlik götürməmişdir.

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

17. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Kollegiyanın qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

24. İş materiallarından görünür ki, cavabdeh MTK xx.xx.2018-ci il tarixli müqavilə üzrə ilk 4 ay 5000 manat olmaqla cəmi 20000 manat, daha sonra isə 7 aylıq 600 manat olmaqla cəmi 3500 manat məbləğində aylıq kirayə haqqını iddiaçıya ödəmiş, iddiaçı isə akta imza edərək həmin pul məbləğlərini qəbul etmişdir. İddiaçı həmin aktları mübahisələndirsə də, aktların mötəbərliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir.

25. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə cavabdeh mənzilin döşəməsinə parket materialı vurulacağına dair öhdəlik götürməmişdir.

26. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir.

29. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar