Məhkəmə qərarları › İş №2(103)-10906/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10906/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10906/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(007)-2010/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmuş, iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia isə tam təmin edilməklə tərəflər arasında olan nikah pozularaq birgə nikahdan olan uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin Cavabdeh apellyasiya şikayəti verərək ilkin iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 01 oktyabr 2021-ci il tarixədək “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 və 8.4.11ci maddələrinə müvafiq olaraq iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilməlidir. İş üzrə qəbul edilmiş qətnamədən də görünür ki, ilkin Cavabdeh hər iki uşaq üçün, hər ay tutulacaq alimentin məbləği 350 manatdır və bu məbləğin illik məcmusu 500 manatdan artıq edir. MPM-in 112.1.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə müvafiq olaraq hazırkı apellyasiya şikayəti üzrə 15 manat dövlət rüsumu ödənilməlidir. Lakin ilkin Cavabdeh apellyasiya şikayətinə 10 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz, dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(007)-2010/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar