Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1091/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 1(004)-87/2019 saylı hökmü ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən İddiaçı cəza təyin edəməmişdir, barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilmiş və o, ev dustaqlığından dərhal azad edilmişdir. Ərizəçi ibtidai istintaq dövründə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə tutularaq istintaqa təqdim olunmuşdur, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə ərizəçi barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 1(004)-87/2019 nömrəli hökmü ləğv edilmiş və barəsində bəraət hökmü çıxarılmışdır, hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Ərizəçi qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə xəstəlik tapmış və hal-hazırki vaxtadək müalicə alır. Onun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi dərin mənəvi sarsıntılara səbəb olmuşdur. X1 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı ilə onun qanunsuz olaraq həbsdə yatdığı bir il yedi ay 15 günə görə mənəvi zərərə görə 57173 manat tutulmuşdur. Həmin praktika iddiaçıya münasibətdə də təmin olunmalıdır. Bundan əlavə, qanunsuz olaraq məhkum etmə faktı da mənəvi zərər zamanı nəzərə alınmalıdır. Ərizəçinin həbsdə saxlama müddəti faktiki olaraq aşağıdakı kimi olmuşdur: a) xx.xx.2018-ci il tarixdə tutularaq istintaqa təqdim olunmuşdur-bu müddətdə həbsdə olmuş; b) Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; c) xx.xx.2019-cu il tarixə kimi ev dustaqlığında olmuşdur;
3. Beləliklə həbs və ev dustaqlığı birlikdə 5 ay 20 gün həbs + 8 ay 25 gün ev dustaqlığı =14 ay 15 gün. Göstərilənlərə əsasən mənəvi zərərin əvəzi kimi cavabdehdən 50 min manat pulun tutulması məhkəmədən xahiş edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzi kimi cavabdehdən 200.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 6560 (altı min beş yüz altmış) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbi qalan hissələrdə rədd edilmişdir.
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
7. Cavabdeh qətnaməni mübahisələndirməmişdir.
8. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
9. İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş, işin hallarını düzgün müəyyən edilməmiş, ona tutulan kompensasiya adekvat və mütənasib olmamışdır. Ev dustaqlığı həbslə birə bir gün hesablandığı halda məhkəmənin yanaşması qanunsuzdur. X1 bəraət verilməsinə dair Ali Məhkəmənin23 aprel 2020-ci il tarixli qərarı ilə onun qanunsuz olaraq həbsdə yatdığı bir il yedi ay 15 günə görə mənəvi zərərə görə 57 173 manat tutulmuşdur. Hesab edir ki, həmin qərar məhkəmə praktikası kimi qəbul edilib iddiaçıya eyni münasibət göstərilməməsi ayrı-seçkilikdir. Odur ki, qətnamənin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1- ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək ev dustaqlığından dərhal azad edilmişdir.
13. Həmin hökmdən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Daha sonra İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 933/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 324/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-21/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığına görə İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilmişdir.
16. Apellyasiya instansiyası məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-362/2023 saylı qərarına əsasən kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)- 21/2022 saylı hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: -barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; -barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; -şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; -cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; -şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; -şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
21. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: -məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; -müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; -ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; -hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; -vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
22. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
23. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
24. Maddə 8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği hissədə dəyişdirilməlidir.
39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Hazırkı halda rayon məhkəməsi iddiaçıya vurulmuş ziyanın məbləğinin 5 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə 5660 manat (bir ay üzrə 1000 manat x 5 ay 20 gün), 8 ay 25 gün müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 900 manat (bir ay üzrə 100 manat x 9 ay) olmaqla, ümumilikdə 6560 manat məbləğində müəyyən olunması qənətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat, azadlığın məhdudlaşdırılması ilə bağlı isə hər ay üçün 500 manat tutulur. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan 6560 manat iddiaçıya qanunsuz tətbiq edilən 5 ay 20 gün müddətinə həbs qətimkan tədbiri, 8 ay 25 gün müddətinə ev dustaqlığı üçün oturuşmuş həmin məhkəmə təcrübəsinə uyğun olmamışdır. Odur ki, iddiaçıya mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləği kimi 5 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə (beş ay üçün 5x1000=5000; 1000/30=33,3x20 gün=667; 5000+667=5667) 5667 manat, 8 ay 25 gün müddətinə ev dustaqlığı üçün (8x500=4000; 500/30 gün=16,6x25=417; 4000+417=4417) 4417 manat olmaqla, cəmi (5667+4417=10.084) 10.084 manat məbləğində pul vəsaitinin tutulması oturuşmuş məhkəmə təcrübəsinə uyğun olacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 10.084 manat məbləğin tutulması hazırkı işin halları baxımından ədalətli və ağlabatan olduğundan apellyasiya şikayəti qalan hissədə əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, iddiaçının müqayisə üçün istinad etdiyi iş (X1 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı) üzrə Kollegiya bildirir ki, həmin işin halları tamamilə başqa olmuşdur. Nəticə:
40. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, cavabdehdən tutulmalı mənəvi zərərin məbləği hissədə dəyişdirilərək, mənəvi zərərin əvəzi kimi tutulmalı məbləğ 10.084 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulmalı mənəvi zərərin məbləği hissədə dəyişdirilərək, mənəvi zərərin əvəzi kimi tutulmalı məbləğ 10.084 (on min səksən dörd) manat müəyyən edilsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.