Məhkəmə qərarları › İş №2(103)-1092/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1092/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1092/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlərin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(006)-4180/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə X7 birgə nikahından 09 fevral 2009-cu il təvəllüdlü X14, 03 dekabr 2013-cü il təvəllüdlü X8 və 03 dekabr 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur.

2. X7 atası Cavabdeh1, anası Cavabdeh2dır.

3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən İddiaçı ünvanlanmış 23 fevral 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, borclu X15 barəsində 27 aprel 2019-cu il tarixdən Xətai RPİ-də mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi 110491 saylı yerli və dövlətlərarası axtarış işi açılmışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Вinəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli icra vərəqəsi əsasında Xətai rayon İcra şöbəsində başlanılmış icraat zamanı borclu alimenti ödəməmiş, onun tələbin yönələ biləcək əmlak və gəliri aşkar edilməmişdir. İcraat zamanı Rasif Feyziyevin olduğu yeri müəyyən etmək mümkün olmadığından icra məmurunun borclunun axtarılması haqqında qərarı əsasında Xətai rayon Polis İdarəsində 03 dekabr 2020-ci il tarixdə onun barəsində axtarış işi açılmışdır. Həmçinin borclu barəsində dövlətlərarası axtarış elan edilməsi üçün yerli qurum tərəfindən Xətai rayon Polis İdarəsinə müraciət edilmişdir.

5. Bakı şəhəri Xətai rayon İcra şöbəsindən İddiaçı ünvanlanmış 27 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə borclu X15 məhkəmə qərarı üzrə bu günədək tələbkar İddiaçı heç bir aliment ödənişi etməmiş və həmin tarixə kimi olan aliment borcu 22440 manat təşkil edir.

6. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 09 oktyar 2023-cü il tarixli məktubundan görünür ki, borclu X11iun 01 aprel 2019-cu il tarixindən həmin tarixə kimi olan aliment borcu 27620 manat təşkil edir.

7. “Elektron Məhkəmə” informasiya sistemindən olan çıxarışa əsasən Cavabdeh1 346,04 manat məbləğində pensiya alır.

8. “Elektron Məhkəmə” informasiya sistemindən olan çıxarışa əsasən əsasən Cavabdeh2 328,48 manat məbləğində pensiya alır.

9. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 09 fevral 2009-cu il təvəllüdlü X9, 03 dekabr 2013-cü il təvəllüdlü X2 və 03 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatan qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun himayəsində 3 azyaşlı uşaq var və Adəm Feyziyev daun sindromu diaqnozu ilə xəstədir. Uşaqların atası Rasif Feyziyev ümumiyyətlə uşaqlarını acınacaqlı vəziyyətdə qoyaraq ölkəni tərk etmişdir. 3 ildir ki, axtarışdadır. Bu barədə Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsi tərəfindən rəsmi cavab məktubları təqdim edilmişdir. Bütün müddət ərzində uşaqların atasının onlara sahib çıxmaması və aliment ödəməməsi iddiaçı və azyaşlı uşaqların vəziyyətini acınacaqlı hala gətirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqların atası Rasif Feyziyevnin valideynləridir. İddiaçı könüllü şəkildə nəvələrinin saxlanılması üçün maddi yardım göstərmirlər. İddiaçı və azyaşlı uşaqları illərdir maddi cəhətdən çətinlik çəkirlər. Cavabdeh1 1946-ci il təvəllüdlüdür, hazırda 76 yaşı var və digər Cavabdeh2 1948-ci il təvəllüdlüdür, hazırda 74 yaşı var. Hər ikisi yaşa görə əmək pensiyası alır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(006)- 4180/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin iş materiallarından göründüyü kimi cavabdehlərin yeganə gəlirləri yaşa görə aldıqları pensiyadan ibarətdir. Bu pensiya isə hərəsi üçün birinə münasibətdə 326 manat, digərinə münasibətdə isə 360 manat təşkil etmişdir ki, bu vəsaitdə yüksək məbləğ deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hər uşağa görə 179 manat olmaqla, ümumilikdə 579 manat pul istəyir ki, aliment tutulduğu təqdirdə 726 (ümumi pensiya )-579 (tələb edilən aliment) manat=149 manat olacaqdır. Bu isə onların hərəsinə 73 manat pulun qalması deməkdir. İddiaçı öz ərizəsində aliment olaraq tələb etdiyi məbləği cavabdehlərin qarşılaya bilmələri üçün zəruri vəsaitə malik olmalarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. X7 valideyn kimi uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsini layiqincə icra etməməsi, həmin vəzifəni icra etməkdən yayınması uşaqların nənə və baba olan cavabdehlərin üzərinə aliment ödəmək öhdəliyinin qoyulması üçün əsas deyildir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, 89-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, uşaqların atası artıq 10 ildir ki Rusiya Federasiyasına getmişdir. O, 5 il gözlədikdən sonra 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Feyziyev Rasifin cavabdehlərlə əlaqəsi var. 2014-cü ildən etibarən nə nənə-baba tərəfindən, nə də uşaqların atası tərəfindən onlara heç bir maddi köməklik göstərilməmişdir. Onun yeganə gəliri 500 manat olan əmək haqqıdır. Bu məbləğlə həm kommunal haqları, həm kirayə xərclərini ödəməli və uşaqların gündəlik tələbatını qarşılamalılsh. Məhkəmə nənə-babanın zəruri vəsaitə malik olmasına dair sübut tələb edir və qeyd olunur ki, yeganə gəlirləri pensiyadır. Ailə Məcəlləsinin müvafiq maddəsi təsbitedilərkən nənə-babanın uşaqların saxlanmasında iştirak vəzifəsi müəyyən olmuşdur. 3 uşağı təkbaşına böyütməyə məcbur olan ana əlavə olaraq daim sübut toplayıb məhkəməni inandırmağamı çalışmalıdır? Məhkəmə haqsız və əsassız olaraq alimentin təyin edilməsindən imtina etmişdir. Aliment müəyyən edildiyi halda nənə-babaya qalan pensiyanın məbləğini hesablayaraq, olduqca az olduğu qənaətinə gəlmişdir. O, uşaqlar üçün yaşayış minimumuna uyğun aliment tələb etmişdir. Halbuki iddia qismən də təmin oluna bilərdi. Məhkəmə nəzərə almır ki, əvvəllər cavabdehlərin onlara verdiyi gəlin köçdüyü evdə yaşamış, lakin məhkəmə qətnaməsinə əsasən cavabdehlərin tələbi ilə zorla ordan çıxarılmış və kirayə yaşamağa məcbur qalmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib, şikayətin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X12 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “....Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır....”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə X6 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilsə də, X15 isə bu günədək heç bir aliment ödənişi etməmişdir. Bunun nəticəsində iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X6 uşaqların saxlanmaları üçün maddi yardım ala bilmədiyindən uşaqların nənə və babalarından aliment məbləğinin tutulmasını tələb edir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

27. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

28. “Elektron Məhkəmə” informasiya sistemindən olan çıxarışlara əsasən Cavabdeh1 346,04 manat məbləğində və Cavabdeh2 328,48 manat məbləğində pensiya alır.

29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Pensiyaçılar üçün nəzərdə tutulmuş yaşayış minimumu ilə cavabdehlərin aldığı pensiya məbləği arasındakı fərq müvaifq olaraq 124 və 106 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ cavabdehlərin zəruri vəsaitə malik olması tələbinə cavab vermir və onların zəruri vəsaitə malik olmalarını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(006)- 4180/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(006)- 4180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar