Məhkəmə qərarları › İş №2(103)-10941/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10941/2021

20.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10941/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)-3553/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 2704,29 manat əsas borc, 5,49 manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, həmçinin aralarında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19- 23-102046 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 36 ay müddətinə qaytarılmaq şərti ilə 4333 dollar məbləğində kredit verilmiş və 18.02.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş, bunun əsasında borc restruktruzasiya olunaraq cavabdehlə bank arasında 2704,29 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 13.12.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Belə ki, müqavilənin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərti ilə). Müqavilənin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)- 3553/2021 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçı tərəfindən əvvəl də analoji tələblə məhkəməyə müraciət olunması, lakin iddiadan imtina olunması, bu səbəbdən də iş üzrə icraata xitam verilməsi, kredit borcuna görə pensiyasından tutulmaların aparılması, iddianın rədd olunmalı olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəlki kredit müqaviləsi üzrə məhkəməyə müraciət olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanın icrası sahəsində cavabdehin qalıq kredit borcu restrukturizasiya olunaraq müəyyən olunmuş 2704,29 manat hissəsinə illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə yeni müqaviə bağlanmışdır. Bu səbəbdən də Fərmanın tələblərinə əsasən məhkəmənin icraatında olmuş əvvəlki iddia tələbindən imtina olunmuşdur. Lakin, cavabdeh yenə də müqavilə şərtlərinə əməl etməmiş, borcu qaytarmamışdır. Belə olan halda, hazırki iddia ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 13.12.2019-cu il tarixli, 00-19-23-102046 nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq borclunun banka qalan 2704,29 manat məbləğində borcu illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bölünmüşdür. İşdə olan 01 mart 2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən 2704,29 manat əsas borcu, 5,49 manat faiz borcu vardır. İşdə olan 04 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir (rabitə orqanının məlumatından görünür ki, göndəriş cavabdehə təqdim olunmuşdur). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən;

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanda, həmçinin milli valyutada 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmışdır. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, Fərmanda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması banklara tövsiyə edilmişdir. Məhz bu çərçivədə tərəflər arasında borcların restrukturizasiyasına dair yeni müqavilə bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində hazırki kredit müqaviləsini bağlayarkən (imzalayarkən) aldadılmasını və s. göstərsə də, bunun nədə ifadə olunması və s. bu kimi zəruri halları qeyd əsaslandırmamış, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdeh keçən müddət ərzində müqaviləni müstəqil qaydada mübahisələndirməmişdir. Əksinə, müqavilədən də göründüyü kimi, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının tətbiqi nəticəsində restrukturizasiya olunaraq qalıq borc kimi müəyyən olunmuş 2704,29 manat hissəsinə illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bağlanmışdır. Lakin, cavabdeh müqavilə şərtlərini pozmuş, xəbərdarlıq göndərilməsinə baxmayaraq yenə ödənişləri müəyyən olunmuş qaydada həyata keçirməmişdir. Belə olan halda isə iddiaçı kredit borcunu vaxtından əvvəl tələb etməkdə haqlı olmuşdur (tərəflər arasında bağlanmış müqavilənin 5.1.2, 5.1.5 və digər bəndləri). Cavabdeh apellyasiya şikayətində bunun əksini (müqavilə öhdəliklərini pozmaması və s.) təsdiq edən halları əsaslandırmamış, sübutlarını təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi apellyasiya şikayətində göstərilən hallar iddia tələbini aradan qaldırmır. Eyni zamanda, işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə, yəni iddiaçı tərəfindən iddia tələbindən imtina olunması ilə bağlı dəlilən münasibət bildirərək qeyd edir ki, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2(006)- 5695/2020 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi əsası üzrə xitam verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-5695/2020 saylı mülki iş tələb edilərək ona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 18 fevral 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə 4333 ABŞ dolları kredit verilmiş, öhdəliyin lazımınca icra olunmaması səbəbindən tələbkar İddiaçı ASC 27 noyabr 2015-ci il tarixdə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 27 noyabr 2015-ci il tarixli əmr qəbul edilmişdir. Lakin, məhkəmə əmri cavabdehin etirazına əsasən 28 oktyabr 2020-ci il tarixdə ləğv olunmuş, iddia icraatına keçilmiş, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı iddiadan imtina olunmuşdur. Göründüyü kimi, iddiaçının iddiadan imtina etdiyi mübahisə tərəflər arasında bağlanmış əvvəlki kredit müqaviləsi ilə bağlı olmuş, hazırki mübahisə isə sonradan tərəflər arasında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19-23-102046 nömrəli kredit müqaviləsinin şərtlərindən irəli gəlmişdir. Yəni, cavabdehin apellyasiya şikayətində istinad etdiyi həmin hal (iddiadan imtina) prosessual baxımdan hazırki mübahisəyə baxılmasına maneə yaratmır. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)-3553/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)- 3553/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar