Məhkəmə qərarları › İş №2(103)-10943/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10943/2021

30.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10943/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilm iş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; qeyd edilən hallar ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək o, Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir. 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq o, vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik iş saatlarından artıq işləmişdir. Belə ki, ƏSF ləğv prosesində olan bankların ləğvedicisidir. İşlədiyi dövrlərdə ləğv prosesində olan bankların çoxluğu iş yükünün həddən artıq artmasına səbəb olmuşdur. Bununla əlaqədar, o, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixlərədək həftənin 6-cı günlərində və gündəlik olaraq iş saatından artıq vaxtlarda vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmçinin, o, İİ qrup əlil olduğu üçün onun iş saatı həftəlik 36 saat olmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, ödənilmiş son haqq-hesab zamanı iş vaxtından artıq işlədiyi saatlar nəzərə alınmadığı, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş həftəlik 36 saat normasından artıq işləməsini əlavə iş saatı kimi nəzərə alaraq, ona hesablanması və ödənilməsi barədə müraciətləri fond tərəfindən icra edilmir. İş vaxtından artıq işləməsinin təsdiqi Fondun elektron sənəd dövriyyəsi (Aurora proqramı) üzərindən onun icraatına verilmiş sənədlər üzrə müəyyən etmək olur. Həmin proqramda sənədə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd məlumatları bölməsində əks edilir. Bəzən iş çoxluğu zərurətindən hətta bayram və bazar günləri də işləmişdir. İş vaxtlarından artıq işləmələri elektron sənəd dövriyyəsi proqramından hər icraatına daxil olmuş sənədlərin tərəfindən icra edildiyi vaxt sənəd məlumatlarında qeyd edilir. Təqribi hesablamalara görə 650 saat bilavasitə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməlidir. Həmçinin iş günləri ərzində əlavə işlədiyi saatlar üzrə ortalama 3-4 saat gündəlik üçün 3.000 saatın, 6-cı və bayram günləri üçün 2.000 saatın haqqı ona əlavə iş saatları sonuncu əmək haqqı üzrə hesablanaraq ödənilməlidir. 500.000 manat ona ödənilməlidir. İddiaçı, Əmək Məcəlləsinin 91-ci maddəsinə, 99-cu maddəsinin İ hissəsinə, 102-ci maddəsinin İ hissəsinə istinad edərək daha sonra qeyd etmişdir ki, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək ƏSF-in Elektron sənəd dövriyyəsində onun icraatına daxil olmuş bütün sənədlər üzrə məlumatlarını məhkəməyə təqdim etməklə, iş saatından artıq işlədiyi vaxtların düzgün hesablanmasını təmin etməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinin İ hissəsinə, 195-ci maddəsinin «d» bəndinə, «e» bəndinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Əmanətlərin Sığortalanması Fondu ödənişin hər gecikdirilmiş gün üçün ona əlavə kompensasiya verilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə şifahi müraciət edilmiş, cavab alınmadıqda 2 dəfə onun tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba fond tərəfindən ona iş saatından artıq hesablanmış kompensasiyanın cəmi 7 gün üçün verilməsi qeyd edilsə də, bu cavab, onun tələbi üzrə imtina hesab edilməlidir. Əmək Məcəlləsinin 164, 165, 172-ci maddələrinə istinad edən iddiaçı həmçinin qeyd etmişdir ki, onun həftəlik 36 saat işləməli olduğu halda 40 saat rəsmiləşdirildiyi hal üçün əmək haqqına əlavə 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək ona ödənilməmişdir. Həmçinin iş vaxtından əlavə və istirahət günlərində işlədiyi üçün əmək haqqına əlavələri vaxtında ödənilməmişdir. Bu səbəbdən həmin gecikmə üçün sonuncu haqqhesab günü üzrə 50.000 manat fond tərəfindən ona ödənilməlidir. Əlavə olaraq qeyd edilən hallar ona mənəvi ziyan vurmuş, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzinə fond ona 50.000 manat kompensasiya ödəməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə istinad edən iddiaçı bundan başqa qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun ona vurduğu zərər maddi təminatının düzgün verilməməsi səbəbindən əldən çıxmış fayda üzrə ona ödəniləcək məbləğ 10.000 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, 16.06.2021 hazırlıq, 13.07.2021-baxış qarşı tərəfin nüməyəndəsi iştirak etmədiyi üçün 10.08.2021-ci il tarixə təxirə salınan proses, 10.08.2021-ci il tarixdə tərəflərin izahatları dinlənirək 28.09.2021-ci il tarixə təyin edilən məhkəmə prosesi aldatma yolu ilə prosesdə iştirakını təmin etmədən təcili şəkildə həmin tarixdə maddi və ya sair maraq müqabilində əsasız və qanunsuz məhkəmə aktının qəbulu ilə yekunlaşmışdır. 10.08.2021-ci il tarixli məhkəmə prosesi zamanı cavabdehin nümayəndələrinin verdiyi şifahi cavabların qeyd edilməsi barədə iclas zamanı həmin cavabların xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə iclas protokolunda qeyd edilməsi barədə bir neçə dəfə katibdən xahiş etmiş və sonradan həmin qeydlərin aparılmasını müəyyən etmək məqsədilə protokolla tanış olmağ ilə əlaqədar rəsmi ərizə ilə müraciət etsə də, müxtəlif əsasız və bəhanələrlə protokolla tanış olmağına şərait yaradılmamışdır. Həmçinin 1ci instansiya mərhələsində işə baxan hakim, özünü cavabdehin vəkili kimi aparmış hətta qəbul etdiyi məhkəmə aktında iddiaçıya qərəzini belə ifadə etməkdən çəkinməyərək, əlavə olaraq absurd əsaslandırma etmişdir. Belə ki, Bilərəkdən iddiaçının hüququndan sui istifadə etməsini iddia edərək əlilliklə bağlı sənədi təqdim etməməkdə günahlandırmış, lakin nəzərə almamışdır ki, iddiaçı tərəfindən əlilliklə bağlı sənəd təqdim edilməmişdirsə ƏSF tərəfindən hər ay əmək haqqından əlilliklə bağlı vergidən azadolma məbləğinin tutulması fond tərəfindən mütəmadi olaraq həyata keçirilmişdir. Bu barədə ilk baxış iclasında hakim tərəfimdən məlumatlandırılmışdır. Hakim bu fikrini dəqiqləşdirmək istəsəydi aylıq pul təminatım barədə ətraflı arayış tələb etməliydi. Hakimin daha bir qəzrəzi və prosessual pozuntusu 24.09.2021-ci il tarixli maraqlı şəxs qismində müvafiq icra hakimiyyəti orqanlarını cəlb edilmə barədə ərizəmə rəğmən prosesi iştirakını belə təmin etmədən yekunlaşdırması və bu ərizəyə münasibət bildirməməsindən aşkardır. Hakim qətnamədə cavabdehin mahiyyəti üzrə baxışın keçirilməsini tələb etdiyini qeyd etsə də cavabdehin bu barədə ərizəsinin mövcudluğu şübhəlidir. Həmçinin üş üzrə mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmək məqsədilə 12.07.2021, 13.07.2021, 10.08.2021, 13.08.2021, və s. Tarixli yazılı ərizə və vəsatətlərinə 10.08.2021-ci il tarixli iclasda cavabdehin nümayəndələrinə ərizələrimdə tələb edilən məlumatların təqdim edilməsi barədə şifahi sorğu verdiyini bildirərək növbəti iclasadək həmin sənədləri təqdim etmədikdə müvafiq məhkəmə aktı ilə həmin sənədləri tələb edəcəyini bildirməsinə və cavabdehin nümayəndələrinin növbəti prosesədək həmin sənədləri təqdim edəcəklərini bildirsələr də təəssüf ki, hakim tələm-tələsik öz şəxsi mövqeyini üstün tutaraq qərəzli məhkəmə aktını qəbul etmək üçün müvafiq prosessual normaları pozmuş və 29.09.2021-ci il tarixli ədalətsiz, qanunsuz və qərəzli əsallarla qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin və ona əlavənin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarında iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi təsbit edilməsə də, 27.08.2020-ci il tarixli iş yerinə dair arayış əlavə olunmuşdur. 01.09.2020-ci il tarixdən qüvvədən düşən həmin arayışdan görünür ki, tərəflər arasında 23.07.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 14.11.2016-cı il tarixli tibbi sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 12.11.2021-ci il tarixə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı iş vaxtından artıq işləməyə məcbur edilməmişdir, işəgötürənlə işçi arasında bununla bağlı hər hansı razılıq yoxdur, işəgötürən bu barədə hər hansı əmr, sərəncam, qərar verməmişdir. Bundan başqa bu barədə işəgötürənin əmri olmadan öz təşəbbüsü ilə, könüllü surətdə iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirməsi faktı mövcud olsa da belə, o, bununla əlaqədar həmin günlər üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdehdən tələb edilməsinə dair hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. İddiaçı hüquqşünas ixtisasına malik şəxs olmaqla özünün qanunvericiliklə təsbit edilmiş hüquqlarını bildiyi halda, müqavilə bağlanarkən bilə-bilə əlil statusuna malik olmasını cavabdehdən gizlətmiş, bağladığı əmək müqaviləsində iş saatının həftəlik 40 saat müəyyən edilməsi ilə razılaşmış, əmək müqaviləsinə xitam verildikdən sonra əlil olması əsası ilə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtların iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməli olmasına dair iddia tələbini irəli sürmüşdür ki, məhkəmə də bunu hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin İ hissəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 99-cu maddəsinin İ hissəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işçinin iş vaxtından əlavə əmək işləməsinə işə götürənin müvafiq yazılı əmri və işçinin razılığı ilə mümkündür. İddiaçı isə iş vaxtından əlavə iş saatlarına cəlb edilməsini bildirsə də, buna dair nə işə götürənin müvafiq əmrini təqdim etmiş, nə də, əlavə iş saatlarına cəlb edilməsinə etiraz etməsini təsdiq edən hər-hansı sübut təqdim etmişdir. Göründüyü kimi, əlavə iş saatlarına cəlb edilməsinin qanunsuz olmasını göstərsə də, eyni zamanda onun iddia etdiyi dövr ərzində əlavə iş saatlarına cəlb edilməsinə dair etirazlarnı işəgötürənə təqdim etməmişdir. Yəni iddiaçının əlavə iş saatlarına cəlb edilməsi hər-hansı sübut, eyni zamanda iddiaçının hərəkət və ya hərəkətsizliyi ilə sübuta yetirilmir. Bundan başqa məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İddiaçı İİ qrup müddətli əlil olsa da, o, əmək müqaviləsi bağlanan zaman bununla bağlı işəgötürəni məlumatlandırmamışdır. Belə olan halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayan zaman 40 saatlıq iş həftəsi müəyyən edərkən öz hüquqlarından vicdanla istifadə etmiş, lakin, iddiaçı qanunla ona verilmiş hüquqlardan sui-istifadə etmişdir. İddiaçı müqaviləni imzalayarkən, müqavilə şərtləri ilə tanış olmuş və qəbul etmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının tələblərinin əsasını təşkil edən maddi ziyanın ödənilməsi tələbi təmin edilmədiyindən, həmin tələblə bağlı əldən çıxmış faydanın və mənəvi ziyanın tutulması tələblərinin təmin edilməməsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmiş və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar