Məhkəmə qərarları › İş №2(103)-10944/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10944/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10944/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3004/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 1994-cü ildə orta məktəbi, 1998-ci ildə Bakı Ali Hərbi Məktəbi bitirərək leytenant hərbi rütbəsi, 26.07.2000-ci ildən baş leytenant hərbi rütbəsi almışdır. 26.12.2008-ci ildən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar xəsarət almışdır və bu səbəbdən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. Ancaq hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməli olan sığorta pulu ödənilməmişdir. Cavabdeh orqana müraciət edərək, ödənilməmiş sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin sonuncu 22.02.2021-ci il tarixli məktubla bildirmişdir ki, bu məsələdə 7 ildən artıq müddət keçib. Hesab edir ki, imtina tam əsassızdır. İddiaçı iddia ərizəsini əsaslandırarkən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 151-ci maddəsinə, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, 5-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə istinad etmiş və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3004/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlillərini iddia tələbinin dəlillərinə uyğun əsaslandıraraq göstərmişdir ki, işə baxan məhkəmə qanunun tələblərini səhv tövsif edərək onun hüquqlarını pozmuşdur, bu səbəbdən də qətnamə qanuni və əsaslı olmadığından, ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iş üzrə İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3004/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 izahatında apelyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3004/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən iddiaçının apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Kollegiya izahatları, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatdadır. 20.10.2003-cü il tarixli, ZE № ******* seriyalı Bakı şəhəri Nizami rayon RHK tərəfindən verilmiş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16.08.1994-cü il tarixdən 22.06.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 22 yanvar 2013-cü il tarixli 21 saylı qərarı ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1994-cü il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və 13.10.2001-ci ildən 25.10.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «İrinli follikulyar angina» və 24.12.2001ci ildən 07.01.2002-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «Kəskin enterokolit. Disbakterioz» (SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin 20.12.2012-ci il tarixli 2152 nömrəli məktubu, göndərişi, 20.12.2012-ci il tarixli 1178 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 25.10.2001-ci və 07.01.2002-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi – terapevtin və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır». İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə 22 fevral 2021-ci il tarixdə 07-07-57 saylı məktubla cavab verərək, 2008-ci ildə hərbi xidmətdən tərxis olunub, bu hadisədən 7 ildən artıq müddət keçdikdən sonra, yəni 2015-ci ildə İİ qrup əlillik dərəcəsi aldığından, ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu iddiaçının nəzərinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, xeyli sonra təyin edildiyindən, sığorta haqqını almaq hüququna malik deyil. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən gəldiyi qənaət əsassız olmuş və maddi hüquq norması səhv tövsif edilmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra onun əlil hesab edilməsinə əsas verən fiziki və sosial məhdudiyyətləri arıq yaranıbsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması icbari sığortası haqqında qanunvericiliyin məqsədləri baxımından hərbi qulluqçuların sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinasının dəlili odur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunan sığorta məbləğini almaq hüququna malikdir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 7 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz. Məhkəmə kollegiyası cavabehin sığorta ödənişindən imtinasında istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti zamanı alması ilə bağlı olmasını müəyyən etməkdir. Kollegiya bununla bağlı bildirir ki, hazırkı mülki iş materiallarının 4-cü səhifəsində olan arayış və 8-ci səhifəsində olan Qərardan müəyyən olunur ki, iddiaçı ikinci qrup əlildir və əlilliyin səbəbi hərbi xidmət dövründə aldığı xəstəlikdir. Bununla da müəyyən olunur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununda nəzərdə tutulan üç illik müddət hazırkı işin faktiki halları baxımından əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Bundan başqa, müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusilə əhəmiyyətlidir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, «... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur...» Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmadığından, qətnamə ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3004/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar