Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10947/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli e-2(006)-3394/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması, ona dəymiş 70000 manat məbləğində real zərərin əvəzinin, habelə dəymiş 30000 manat məbləğində mənəvi zərərin və habelə 30 manat dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X11” MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 042/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “X11” MMC-yə, X8, X9 və İddiaçı qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur, əksinə olaraq banka 229559,35 manat məbləğində artıq ödəmə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 ASC qarşısında borc öhdəliklərinin tam yerinə yetirilməsinə və bununla bağlı müvafiq məhkəmə qərarının qanuni qüvvəyə minməsinə baxmayaraq, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospektində yerləşən 81 saylı evin 73 saylı mənzilini ipotekadan azad etməmiş, bu barədə Fonda 08 fevral 2021-ci il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana əmlakın ipotekadan azad edilməsi barədə ərizə göndərilməmişdir. Həmçinin onlar tərəfindən Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmetinin ipotekadan azad edilməsi barədə 16 fevral 2021-ci il tarixli son xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus həmin mənzilin alqı-satqısı üçün X5 ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli beh müqaviləsinə əsasən sözügedən mənzilin ümumi satış qiyməti 600000 manata razılaşdırılmışdır. Həmin beh müqaviləsinə əsasən beh verən X5 mənzilin ümumi satış qiymətinin 15 %-nə bərabər olan 90000 hissəsini müqavilə imzalanan gün beh olaraq İddiaçı vermiş və beh alan isə müqaviləyə əsasən 1 ay ərzində notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilini beh alanın adına rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Beh müqaviləsinin 5-ci bəndinin 1 və 2-ci yarımbəndlərinə əsasən beh alan bu müqavilə üzrə üzərinə düşən öhdəliyi 28 fevral 2021ci il tarixədək yerinə yetirməlidir. Beh alan behlə təmin edilmiş mənzilə dair alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan bütün sənədləşmə işlərinin təmin olunmasını, mənzilin hər cür yüklülükdən azad şəkildə beh verənə təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Beh alan öz növbəsində öhdəsinə götürmüşdür ki, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş son xəbərdarlıq məktubuna baxmayaraq, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipotekadan azad edilməmişdir. Bu səbəbdən beh müqaviləsinin şərtləri Əmanətlərin Sığortalanması Fondunun hərəkətsizliyi nəticəsində pozulmuş və müqavilə tərəfi olan beh verən X1 Fəxri Firudin oğlu tərəfindən aldadıldığını iddia edərək onun barəsində 102 xidməti vasitəsi ilə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə şikayət vermişdir. Həmin şikayət 20-ci Polis Bölməsində araşdırılmış, tərəflərin izahatları alınmış və aparılmış təhqiqatın nəticəsində tərəflər arasında 01 mart 2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən beh alan İddiaçı bu müqavilənin müddəti bitdiyinə və öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilə üzrə 90000 manat behi və həmin məbləğin ikinci misli olan 90000 manatın 20000 manatı güzəşt olunmaqla 70000 manatı, ümumilikdə isə 160000 manatı beh verən X4 qaytarır, beh verən isə beh alandan 102 xidməti vasitəsilə 20-ci Polis Bölməsinə verdiyi şikayətini geri götürməyi və gələcəkdə beh alana güzəşt olunan 20000 manat məbləği tələb etməyəcəyini öz öhdəsinə götürür. X3 şikayətinə əsasən araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərar qəbul edilmişdir. Beləliklə, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsas öhdəliyə xitam verilməsinə (borc ödənildiyi üçün iddia tələbi rədd edildiyindən) baxmayaraq, ipoteka predmeti olan sözügedən mənzilin ipoteka yüklülüyündən azad olunmaması nəticəsində İddiaçı ilə X5 arasında alqı-satqı müqaviləsi baş tutmamış, nəticədə İddiaçı istinad olunmuş beh müqaviləsinin 2.2-ci bəndinə əsasən beh verən qarşısında aldığı behin iki misli, yəni 180000 manat məbləğində öhdəlik yaranmış və həmin öhdəlik məcburiyyət qarşısında icra edilmişdir. Ona görə də hesab edirlər ki, ləğvedici tərəfindən İddiaçı dəymiş 70000 manat real zərərin əvəzi ödənilməlidir. Bundan başqa, ləğvedicinin qanunsuz hərəkətsizliyi nəticəsində alıcı qarşısında reputasiyasına xələl gəlmiş, onun inamını itirmişdir. Habelə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuş kredit borcu öhdəliklərini tam icra etməsinə baxmayaraq, ləğvedicinin onun mülkiyyət hüquqlarını pozması, əsassız olaraq sərəncam hüquqlarını məhdudlaşdırması, əmlakı üzərində yüklülüyün aradan qaldırılması üçün zəruri hərəkətləri aparmaması nəticəsində əsəb, stres, psixoloji gərginlik və depresiya keçirmişdir. Ona görə də hesab edir ki, ləğvedici tərəfindən ona 10000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli e-2(006)- 3394/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə borc alan şəxsin öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipoteka yüklülüyündən azad edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qətnamədən həm İddiaçı, həm də cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunub iddianın tam təmin edilməsini, cavabdeh LPO Cavabdeh3 ASC isə qətnamənin iddia tələbinin təmin olunmasına dair hissədə ləğv olunub həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuş, alqı-satqı müqaviləsinin icra olunmaması nəticəsində İddiaçı 70000 manat məbləğində maddi ziyana düşmüşdür. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə maddi hüquq normalarını pozmuş, sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh LPO Cavabdeh3 ASC isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hal-hazırda bank sistemi üzrə “X11” MMC-nin Cavabdeh3 ASC-yə 675916,54 manat məbləğində borcunun olmasına baxmayaraq, məhkəmə əsassız olaraq ipoteka predmeti olan mənzili ipoteka yüklüyündən azad etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli e-2(006)- 3394/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili “X11” MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 042/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “X11” MMC-yə, X8, X9 və İddiaçı qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur, əksinə olaraq banka 229559,35 manat məbləğində artıq ödəmə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. “X11” MMC-nin Cavabdeh3 ASC qarşısında öhdəliyini yerinə yetirməsi qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir. “X11” MMC-nin Cavabdeh3 ASC-yə 675916,54 manat məbləğində borcunun olması barədə LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayətinin dəlilini isə məhkəmə kollegiyası əsassız hesab edir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, iddiaçının ipoteka predmeti olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, iddiaçının mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Kollegiya hesab edir ki, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti ev 81 mənzil 73-lə bağlı X5 ilə alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq etmək üçün Məhəmməd Abdullayevlə 28 yanvar 2021-ci il tarixdə beh müqaviləsi bağlamış, mənzilin dəyəri 600000 manata razılaşdırılmış, beh verən beh alana müqavilə imzalandığı anda mənzilin dəyərinin 15 faizi olan 90000 manat məbləğində beh verməyi öhdəsinə götürmüşdür. X5 beh müqaviləsinin şərtlərinin pozulmasını və İddiaçı tərəfindən aldadıldığını iddia edərək onun barəsində 102 xidməti vasitəsi ilə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə şikayət vermişdir. Həmin şikayət 20-ci Polis Bölməsində araşdırılmış, tərəflərin izahatları alınmış və aparılmış təhqiqatın nəticəsində tərəflər arasında 01 mart 2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən beh alan İddiaçı bu müqavilənin müddəti bitdiyinə və öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilə üzrə 90000 manat behi və həmin məbləğin ikinci misli olan 90000 manatın 20000 manatı güzəşt olunmaqla 70000 manatı, ümumilikdə isə 160000 manatı beh verən X4 qaytarır, beh verən isə beh alandan 102 xidməti vasitəsilə 20-ci Polis Bölməsinə verdiyi şikayətini geri götürməyi və gələcəkdə beh alana güzəşt olunan 20000 manat məbləği tələb etməyəcəyini öz öhdəsinə götürmüşdür. X3 şikayətinə əsasən araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı 2018-ci ildən ipoteka qoyan, borc alan və bank arasında mübahisənin olduğunu, həmin mübahisə üzrə mülki işə birinci instansiya məhkəməsində baxıldığını və 08 avqust 2018-ci il tarixdə qətnamə çıxarıldığını, qətnamənin apellyasiya qaydasında mübahisələndirildiyini və apellyasiya instansiyası məhkəməsi tərəfindən 12 dekabr 2018-ci il tarixdə qətnamə qəbul olunduğunu, həmçinin həmin qətnamədən kassasiya şikayəti verildiyini və kassasiya instansiyası məhkəməsi tərəfindən 22 may 2019-cu il tarixdə qərar qəbul olunduğunu və həmin qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə ipotekaya xitam verilmədiyini bilə-bilə 28 yanvar 2021-ci il tarixdə beh müqaviləsi bağlamış, bundan 11 gün sonra 08 fevral 2021-ci il tarixdə cavabdehə birinci pretenziya ünvanlamış, 16 fevral 2021-ci il tarixdə ikinci – son xəbərdarlıq məktubu ünvanlamış, 18 fevral 2021-ci il tarixdə beh verən beh alandan polis orqanlarına şikayət etmiş, beh verən və beh alan arasında razılaşma 01 mart 2021-ci il tarixdə imzalanmış, həmin tarixdə təhqiqat orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı Fəxri X2 ilə beh müqaviləsi bağlayarkən mənzilin üzərindən ipoteka yüklülüyünün götürülmədiyini, beh müqaviləsini icra etməsinin 1 ay ərzində mümkün olmayacağını bildiyi halda, göstərilən müddət ərzində icrası mümkün olmayan beh müqaviləsi bağlamışdır. Həmin beh müqaviləsi real olaraq bağlandığı təqdirdə belə, müqavilənin icra edilməsinin mümkünsüzlüyü iddiaçıya öncədən bəlli olduğundan, ona cavabdehlər tərəfindən hər hansı maddi və mənəvi ziyanın vurulması mümkün deyil. İddiaçı bank və ləğvedicisi ilə aralarında yaranmış mübahisənin həll edilməsindən və mənzil ipoteka yüklülüyündən azad edildikdən sonra, mənzillə bağlı icrası real olan istənilən müqavilə bağlaya bilərdi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X3 şikayət ərizəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərarda tərəflər arasında mübahisənin beh müqaviləsindən irəli gələn mülki xarakterli mübahisə olduğu vurğulanaraq ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Lakin İddiaçı qarşı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini gözləmədən təhqiqat orqanında cinayət işinin başlanmasının rədd edildiyi gün Məhəmməd Abdullayevə beh hesabına 160000 manat məbləğində pul ödəməsi barədə razılaşma imzalamışdır. Halbuki, İddiaçı beh müqaviləsi üzrə öhdəliyin pozulmasının onun təqsiri üzündən baş verməməsini və ya öhdəliyin icra edilməməsinin onun risk dairəsinə daxil olmamasını məhkəmədə mübahisələndirə bilərdi. Kollegiya həmçinin hesab edir ki, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun hərəkətsizliyi nəticəsində ona mənəvi zərər vurulmasını da sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayəti əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli e-2(006)- 3394/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10947/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10947/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver