Məhkəmə qərarları › İş №2(103)-10948/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10948/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10948/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran rayon Mərkəzi xəsləxanasınadan müştərək qaydada onun xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İsayev Qair Vidadi oğlu vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan Babayeva Gülnar Rauf' qzının ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin 06.01.2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19.09.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı"nın 7-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yəni 03.02.2020-ci il tarixdə saat 09-15-də Lənkəran Mərkəzi Rason Xəstəxanasının Perinalal Mərkəzinə "Hamiləlik İİ. 38-39 həftə: baş gəlişi LMA uşaqlıqda çapıq" diaqnozu ilə daxil olmuş Babayeva Gülnar Rauf qızına təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğuşun operatis solla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyərək, hamiləliyin başa çatdırılmasında yalnız 18.01.2020-cı il tarixdə digər klinikada "Medical Hospital" aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində "Kesar kəsiyi" cərrahiyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyid münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozaraq, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirərək "Relaporatomiya. Uşaqlığın ekstrpasiyası" əməliyyatını effektsiz icra etməklə orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində uşaqlığın zədələnməsi ilə əlaqədar qanaxması baş vermiş, kəskin qanaxma ilə ehtiyyatsızlıqdan Babayeva Gülnar Rauf qızının ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü çıxarılmış və tərəfindən hökmdən verilmiş apellyasiya şikayətim qismən təmin olunaraq İsayev Qair Vidadi oğluna birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılmışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki. hadisə Səhiyyə Nazirliyinin əməkdaşının — Lənkəran rayonu Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə və qərara əsasən İsayev Qair Vidadi oğlu Azərbaycan Respublikası CM- in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə məyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi göstərilmişdir. Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağına qızının adını qoşmuşlar. Qızından yadigar olaraq 2 uşaq qalmışdır. Qızının vəfatı zamanı dünyaya gələn uşağa o, digər uşağa isə qızının yoldaşı baxır. Hər dəfə ona baxanda adını çəkəndə qızı gözlərinin önündə durur. Bir ata kimi onun nələr qəkdiyimi hiss etmək qətin deşil, üzünüzü bir anlıq mənim yerimə qovsanız bütün bunlar gözünüzün önündə canlanar. Xüsusilə qeyd etmək istəyirəm ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsə münasibətdə qismən təmin edilməsi, “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsdən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pulun tutulması, iddianın digər hissədə rədd edilməsi, iddianın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətanmə qəbul edilməsini qət edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu göstərilənləri nəzərə almamaqla sonda iddia məbləği ilə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Bu da məhkəmənin sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Bunlardan başqa, məhkəmə iddianı yalnız “Lənkəran Mərkəzi Xəstəxanasına nisbətdə təmin etməsi, digər orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə isə təmin edilməməsi əsası da düzgün deyildir. Belə ki, Səhiyyə Nazirliyi birbaşa olaraq yuxarı struktur orqanı kimi tibbi xidmət üzərində nəzarəti həyata keçirən qurum olduğundan, “Lənkəran Mərkəzi Rayon Xəstəxanasına” maliyyə nəzarətini həyata keçirdiklərindən (əmək haqqı və digər maliyyə vəsaitlərini onlar ödədiyindən) birgə maddi məsuliyyət daşımalıdırlar. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarını qətnamədə göstərsə də, mənəvi ziyana görə məbləğin təmin edilməsində səhvə yol vermişdir. Həmin qətnamədən həmçinin cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə qanunsuz və əsassız olduğu sübuta yetirilir və bu səbəbdən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk öncə qeyd olunmalıdır ki, işin qanuni və əsaslı həll edilməsi üçün tərəflər arasında mövcud olmuş münasibətlər düzgün təfsir edilməli, bütövlükdə işin bütün halları qarşıiıqlı müqayisəli təhlil edilməlidir. İddiaçının (vəfat etmiş xanımın atası kimi) qarşılaşdığı vəziyyət insani cəhətdən başa düşüləndir, bununla belə yenidən doğulan uşağa doğuş vaxtı vəfat etmiş anasının adının qoyulması ifadə olunan gündəlik izdirabın artması və vəfat səbəbilə çəkilən acının davamlı xarakterdə olması ilə nəticələnmişdir. Digər bir ifadə ilə, iddiaçının iddia etdiyi hazırki böyük stress və izdirabının psixolojik səbəbinin bu olduğu və bunun da birbaşa cavabdehin hərəkətləri ilə bağlı olmadığı mübahisəsizdir. Digər tərəfdən, hazırki iş üzrə preyudisal əhəmiyyətə malik Lənkəran Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmündən görünür ki, İsayev Qadir Vidadi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin maddədə nəzərdə tutulmuş əməl ehtiyatsızlıqla törədilən cinayət kimi tövsif edilməkdədir, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həkimin hərəkətlərində qəsdin olmadığı sübut olunur. Ehtiyatsızlıqla törədilmiş cinayət əməlinin nəticəsinə görə iddia olunan zərərə görə, subyektiv məsuliyyət sahibi şəxs əvəzinə obyektiv məsuliyyət üzrə xəstəxanın bu məbləğdə maliyyə sanksiyasınakompensasiyasına məruz qalması kifayət qədər ağır qərardır. Burada məhkəmə ümumiyyətlə düzgün qanun normasını tətbiq etməmişdir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən Mülki Məcəllənin 1099-cu maddəni tətbiq etmişdir. Halbuki hazırki işdə birmənalı olaraq "Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsidə dair Mülki Məcəllənin 1112-ci maddə tətbiq olunmalı idi. Həmin maddə "Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsas larla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir." redaksiyasında tənzimlənmişdir. Ümumi əsaslarla delikt öhdəliyinə məsuliyyət üçün də mübahisəsizdir ki, iddia olunan zərər ilə iddianın hədəfində olan cavabdehin hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Birinci instansiya məhkəməsi isə, bu ölüm hadisəsində vurulmuş zərərlə hüquqi şəxs-xəstəxananın hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqəni, xəstəxanın təqsirini qətnaməsində müəyyən etməsə də, böyük məbləğdə iddianı təmin etmişdir. Məhkəmənin yol verdiyi prosessual pozuntu isə, hazırki iş üzrə cavabdehin subyektiv hüququnun olub-olmamasının yoxlanılmamasıdır. İş materiallarından iddiaçının məlum cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb-tanınmamasını müəyyən etmək mümkün deyildir. Halbuki mülki icraatda iddiaçının müvafiq tələblə iddia qaldırmağa imkan verən subyektiv hüquqa malik olub-olmaması işin mahiyyəti üzrə baxılmasından daha əvvəlki mərhələdə nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu hissəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Qeyd edilməsi zəruridir ki, işin halları üzrə məhkəmə araşdırması düzgün aparılsaydı yuxarıda qeyd olunan hüquqi mövqeyin əsaslılığı tam şəkildə müəyyən olunacaqdı. Qeyd olunan bu əsaslara görə hazırki ş üzrə xəstəxanın təqsiri mövcud olmadığından və iddia olunan zərərlə hüquqi şəxs-xəstəxananın hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqə yaranmadığından xəstəxanaya qarşı hazırki iddianın təmin olunmasının qanuni əsası yoxdur. Məhkəmə kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 01.06.1996-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağazadə Gülnar Rauf qızı 20.05.1996-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Şabanova Rəsmiyyə Səyad qızı göstərilmişdir. İş materiallarında olan Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 12.02.2020-ci ildə verilmiş AZ-İV seriyalı, 405090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babayeva Gülnar Amil qızı 03.02.2020-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, ata qrafasında Babayev Amil Tağıhüseyn oğlu, ana qrafasında Babayeva Gülnar Rauf qızı göstərilmişdir. İş materiallarında olan Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 03.01.2019-cu ildə verilmiş AZ-İV seriyalı, 092476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babayeva Nərmin Amil qızı 22.12.2018-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, ata qrafasında Babayev Amil Tağıhüseyn oğlu, ana qrafasında Babayeva Gülnar Rauf qızı göstərilmişdir. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.08.2020-ci il tarixli, AZ-İİ 098967 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayeva Gülnar Rauf qızı 03.02.2020-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.08.2020-ci il tarixdə 328 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsi 27.08.2020-ci il tarixli, 1(049)- 180/2020 saylı hökmündən görünür ki, İsayev Qair Vidadi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsi tərəfindən Vəkil ünvanlanmış 01.04.2021-ci il tarixli məktubundan görünür ki, İsayev Qair Vidadi oğlunun barəsində olan Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü Şirvan Apelyasiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarına əsasən qismən dəyişdirilmişdir. Apelyasiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti və ya prostesti verilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi CK-nın 24.11.2020-ci il tarixli, 1(106)-558/2020 saylı qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Elşən Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin olunması, Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmünün zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilməsi, İsayev Qair Vidadi oğluna birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılması, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmünün apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Lənkəran rayon məhkəməsinin 27.08.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmünə əsasən, Lənkəran mərkəzi rayon xəstəxanasının əməkdaşı olmuş İsayev Qair Vidadi oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının qızı Babayeva Gülnar Rauf qızında doğuş zamanı yaranmış kəskin qanaxma mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. Belə ki, sözügedən hökmə əsasən Babayeva Gülnar Rauf qızının ölümünə səbəbin uşaqlığının zədələnməsi nəticəsində uşaqlıq qanaxması nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Gülnar Babayevə Lənkəran MRX-da göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs mərhumun vəziyyətini, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyən, əməliyyat zamanı vaxt itkisinə yol verən, doğuşu qeysəriyyə əməliyyatı vasitəsilə icra edən mama-ginekoloq İsayev Qair Vidadi oğludur. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Lənkəran MRXnın əməkdaşının qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsin əməkdaşı İsayev Qair Vidadi oğlunun vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində Babayeva Gülnar Rauf qızı vəfat etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının ölməsi və nəvələrinin anasız qaldıqları ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı (nəvələrinə qulluq və s.) keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsədən iddiaçının xeyrinə 40.000 (qırx min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1dən Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı hər hansı öhdəliyin daşıyıcısı deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişir ki, iddia «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsə münasibətdə qismən təmin edilməli, həmin cavabdehdən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul tutulmalıdır. İddia «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsə münasibətdə digər hissədə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar