Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1095/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4677/2024 nömrəli qətnaməsindən cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 200.000 manat kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehin vasitəsilə dövlət büdəcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı hərbi qulluqçu olub, xidmət müddətində işgəncə və qeyri-insani rəftara məruz qalıb. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-58/2023 nömrəli hökmü ilə müəyyən edilib ki, 2017-ci ildə iddiaçı hərbi xidmətdə olarakən düşmənlə əməkdaşlıqda şübhəli bilinərək AR Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin vəzifəli şəxsləri və hərbi qulluqçularından ibarət mütəşəkkil dəstə tərəfindən işgəncə və qeyri-insani rəftara məruz qalıb. Hökm qanuni qüvvəyə minib. İddiaçı işgəncə və qeyri-insani rəftara məruz qaldığına görə zərərin əvəzinin ödəniməsini tələb etmək hüququna malikdir.Belə ki, AR Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd olunub: “Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”. İddiaçı mənəvi zərərin əvəzi kimi 200.000 manat tələb etsə də, məhkəmə 10.000 manat tutulmasını qət edib. İddiaçı qətnaməni mübahisələndirməyib. Cavabdehin apellyasiya şikayəti əsasında qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsi yoxlanıla bilər. Apellyasiya şikayətinin iki dəlili var: 1) Maliyyə Nazirliyi zərərə görə məsuliyyət daşımır; 2) zərərin əvəzi kimi müəyyən olunan məbləğ yüksəkdir. Apellyasiya şikayətinin birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərərə görə dövlət məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 4-cü hissəsinə görə, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Göründüyü kimi, belə hallarda dövlətin mülki məsuliyyət daşıması Konstitusiyada qeyd olunub. Konstitusiyanın 147-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Dövlət büdcəsindən pul tutulması barədə iddialar AR Maliyyə Nazirliyinə qarşı verilməlidir. İddia təmin olunduğu halda həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən tutulur. Belə ki, AR Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə görə, dövlət maliyyəsinin idarə olunmasının təşkili səlahiyyəti həmin Nazirliyə aiddir. AR Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Hazırkı münasibətdə AR-nın səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin əvəzinin 10.000 manatdan az müəyyən edilməsi üçün əsas yoxdur. Cavabdeh həmin məbləğin yüksək olduğunu əsaslandırmaq üçün azadlıqdan məhrum edilmiş, lakin bəraət almış şəxslərə ödənilən məbləgə dair məhkəmə təcrübəsinə istinad edib. Bu, düzgün müqayisə deyil. Belə ki, istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılan şəxslər işgəncə və ya qeyri-insani rəftara məruz qalmır. İddiaçı işgəncə və qeyri-insani rəftara məruz qalıb. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4677/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1095/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1095/2025
31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver