Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10957/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-756/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan 66 ədəd cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olaraq 75020 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-756/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-756/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh1 qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-756/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Nümayəndə2 elektron kabinetinə yüklənmişdir. Nümayəndə2 ilə arasında bağlanmış hüquqi yardım haqqında müqavilədə onu Yasamal Rayon Məhkəməsində təmsil etmək, hüquqlarını müdafiə etmək nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsində onu təmsil etməsi barədə Nümayəndə2 ilə arasında hüquqi yardım haqqında müqavilə bağlanmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsində nümayəndə və vəkili olmuş Nümayəndə2 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.07.2021-ci il tarixli 2(004)-756/2021 saylı qətnaməsinin onun elektron kabinetində yerləşdirilməsi barədə ona məlumat verməmişdir. Hüquqlarını müdafiə etməklə bağlı səlahiyyətləri yalnız birinci instansiya məhkəməsində icraat aprılarkən mövcud olmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-756/2021 saylı,14 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh1 şikayətlə eyni məzmunlu izahat verərərk şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İş materiallarının 133-cü vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 22 iyul 2021-ci il tarixdə, saat 16:53-də 2(004)- 756/2021-017 saylı 02.07.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 22 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən 17 gün sonra, yəni 09 sentyabr 2021-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, cavabdehin nümayəndəsi və vəkili ilə onu birinci instansiya məhkəməsində təmsil etmək və hüquqlarını müdafiə etmək haqqında müqavilə bağlanmış olsa da elə birinci instansiya məhkəməsinin qətnaməsi nümayəndə və vəkilin elektron kabinetində yerləşdirilmişdir. Başqa sözlə qətnaməni nümayəndə vasitəsilə almaq apellyasiya instansiyası məhkəməsinin icraatına aid məsələ deyil, birinci instansiya məhkəməsində aparılmış icraatın yekun nəticəsi olan məhkəmə qətnaməsinin alınması ilə bağlı nümayəndənin məhkəmədə işi aparmaq səlahiyyətinə və vəzifələrinə aiddir. Nümayəndə və vəkilin cavabdehi apellyasiya instansiyasında təmsil edibetməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin iş üzrə yekun məhkəmə aktını təmsil etdiyi şəxsə vaxtında təqdim etmək yaxud bu barədə məlumat vermək vəzifəsi olmuşdur. Çünki, qətnamə onun elektron kabinetinə yüklənmişdir. Yəni, təmsil edən nümayəndə və vəkil təmsil edilənin özü və ona bərabər tutulan şəxs deməkdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-756/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10957/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10957/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver