Məhkəmə qərarları › İş №2(103)-1098/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1098/2020

28.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1098/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iş üzrə iddiaçının vəkili (nümayəndəsi) X4 və cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-də növbə rəisi vəzifəsini icra etdiyinə görə 28.150,72 manat, artıq iş saatlarına görə 16.069,2 manat, axşam növbəsində çalışdığına görə 4.656,75 manat, gecə növbəsində çalışdığına görə 10.644,01 manat, cəmi isə 59.520,68 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2008-ci il tarixdə “xxxxxxxxxxxx” MMC-nin “Lövhələrin üzlənməsi” sexində rəisin köməkçisi vəzifəsinə, xx.xx.2009-cu il tarixdə həmin MMC-nin nəzdində olan “X8 Fabrikində” İstehsalat Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2010-cu ilin əvvəllərində “xxxxxxxxxxxx” MMC ləğv edilmiş və bununla əlaqədar, o, xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra Cavabdeh MMC yaradılmış və əvvəllər çalışdığı “X8 Fabriki” Cavabdeh MMC-nin tərkibində fəaliyyətini davam etdirməyə başlamışdır. xx.xx.2010-cu il tarixdə iddiaçını həmin Fabrikdə “Lövhələrin üzlənməsi” sexinin rəisi vəzifəsinə təyin etmişlər. 2019-cu ilin mart ayınadək həmin vəzifədə çalışmışdır. Bundan başqa, iddiaçı, yuxarıda qeyd etdiyi sex rəisi vəzifəsində çalışmaqla yanaşı, əlavə olaraq, növbə rəisinin vəzifələrini də icra etmişdir. Belə ki Fabrik üç növbəli iş rejimində çalışırdı. Həmin növbələr üzrə iş saatları aşağıdakı qaydada bölüşdürülmüşdür: 1-ci növbə saat 08:00-dan – 15:00-dək; 2-ci növbə saat 15:00-dan – 22:00-dək; 3-cü növbə saat 22:00-dan – növbəti gün səhər 08:00-dək. Həmin növbələrin hər birinin rəisi olmalı idi. Lakin həmin vaxt növbə rəisləri təyin edilməmişdi. Buna görə də, Fabrikin vəzifəli şəxslərindən hər gün biri, o cümlədən iddiaçı, iş vaxtından sonra, yəni 18:00-dan növbəti gün səhər saat 09:00-dək, məsul şəxs kimi növbədə qalırdılar. Bu qayda 2009-cu ilin fevral ayından 2011-ci ilin noyabr ayınadək davam etmişdir. 2011-ci ilin noyabr ayında Ramin Məmmədov adlı şəxs növbə rəisi vəzifəsinə təyin olunmuşdur. Digər iki növbəyə isə hələ rəis təyin edilməmişdi. Buna görə də, iddiaçıya və Ramin Məmmədova təklif olundu ki, digər növbə rəisləri təyin olunanadək, növbə ilə həmin növbə rəislərinin vəzifələrini onlar icra etsinlər. Bundan sonra, həmin vəzifədə bir sutka Ramin Məmmədov çalışır, növbəti sutkada isə həmin vəzifəni iddiaçı icra edirdi. Beləliklə, onlar ikisi 3 növbənin rəisi vəzifəsini icra edirdilər. Bu qayda 2013-cü ilin aprel ayınadək davam etmişdir. Həmin dövrdə iddiaçı, öz sex rəisi vəzifəsini icra etməklə yanaşı, hər ay əlavə olaraq 15 sutka növbəyə çıxırdılar. 2013-cü ilin aprel ayında isə Rahin Rzayev adlı şəxs ikinci növbə rəisi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, yenə Fabrikin rəhbəri tərəfindən iddiaçıya təklif olundu ki, üçüncü növbə rəisi təyin olunanadək, növbələrdən birinin rəisi vəzifəsini o icra etsin, üçüncü növbə rəisi təyin olunandan sonra isə, yalnız öz işini, yəni sex rəis vəzifəsini icra etsin. Lakin üçüncü növbə rəisi təyin olunmadı və iddiaçı, işdən azad olunanadək, yəni xx.xx.2019-cu ilədək sex rəisi vəzifəsi ilə yanaşı, həmin növbə rəisi vəzifəsini də icra etmişdir. Yuxarıda qeyd etdiyi həmin işlərə görə iddiaçıya əlavə ödənişlər verilməmişdir. İddiaçı, 2011-ci ilin noyabr ayından 2013-cü ilin aprel ayınadək, yəni 18 ay ərzində hər dalbadal gələn iki iş günü ərzində 8 saatdan artıq işlərə cəlb edilmişdir. Belə ki, növbəli iş rejimində ardıcıl olaraq 24 saat çalışdığı üçün, növbəti iki sutka ərzində ona istirahət verilməli idi. Çünki Əmək Məcəlləsinə görə işçi bir həftə ərzində 40 saatdan artıq işə cəlb edilə bilməz. Lakin ardıcıl olaraq 24 saat çalışdığı halda, iddiaçıya yalnız bir sutka istirahət verilmiş, növbəti sutka yenidən işə cəlb olunmuşdur. Bununla da, iddiaçı, dalbadal gələn iki iş günü ərzində 16 saat işə cəlb edilməli olduğu halda, 24 saat işləmişdir. Deməli bu halda iddiaçı, hər dalbadal gələn iki iş günü ərzində 8 saat artıq işlərə cəlb olunmuş hesab edilir. Cavabdeh MMC-nin rəhbərliyi iddiaçını nəinki qanunda nəzərdə tutulmuş normadan artıq işlərə cəlb etmiş, hətta cəlb etdiyi əlavə işlərin əmək haqqını da ödəməmişdir. İddiaçı, ay ərzində 15 sutka iş növbəsinə cəlb edildiyi üçün, hər ay üzrə 120 saat (15 x 8=120) artıq işə cəlb olunmuşdur. Belə olan halda, həmin iş saatlarına görə əmək haqqı ikiqat ödənilməli idi. Lakin cavabdeh MMC həmin artıq işlərə görə iddiaçıya yalnız bir qat həcmində əmək haqqı ödəmişdir. Buna görə də, cavabdeh MMC iddiaçını 18 ay ərzində, hər ay 120 saat artıq işlərə cəlb etdiyi üçün, həmin saatlara görə əlavə olaraq bir qat həcmində də əmək haqqı ödəməlidir. Həmin dövr üzrə hər bir iş saatı üzrə tarif 3,68 manat olduğu üçün, MMC tərəfindən iddiaçıya əlavə olaraq (3,68 x 120 x 18 =) 7.948,8 manat əmək haqqı ödənilməlidir. 2013-cü ilin aprel ayından sonra, yəni ikinci növbə rəisi təyin edildikdən sonra isə iddiaçı, ardıcıl olaraq bir həftə 1-ci növbədə, bir həftə 2-ci növbədə, bir həftə isə 3-cü növbədə həmin vəzifəni icra edirdi. Həmin işləri iddiaçı, sex rəisi vəzifəsinin icrası ilə paralel olaraq aparırdı. Lakin növbə rəisi kimi gördüyü işlərə görə iddiaçıya əmək haqqı ödənilmirdi. Bu qaydada iş rejimi 2013-cü ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək, yəni 67 ay davam edib. Həmin dövrdə tarif saatı 4,04 manat olub. Buna görə iddiaçıya hər bir iş saatı üçün həmin məbləğin 50 %-i həcmində, yəni 2,02 manatdan hesablamaqla, əlavə olaraq, (8 saat x 26 gün x 2,02 manat x 67 ay =) 28.150,72 manat məbləğində əmək haqqı ödənilməli idi. Amma gördüyü həmin əlavə işlərə görə də iddiaçıya heç bir ödəniş edilməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Əmək Məcəlləsinə əsasən işçi bir həftə ərzində 40 saatdan artıq işə cəlb oluna bilməz. Lakin iddiaçı, gecə növbəsində, yəni 22:00-dan, növbəti gün saat 08:00-dək olan iş növbəsində çalışdığı hər həftədə 60 saat işə cəlb olunmuşdur. Deməli, həmin dövr üzrə cavabdeh MMC iddiaçını hər həftədə (60 saat – 40 saat =) 20 saat artıq işlərə cəlb etmişdir. Hər iki ay ərzində üç həftə gecə növbəsində çalışdığı nəzərə alınsa, deməli hər iki ayda 60 saat artıq işlərə cəlb olunmuşdur. Deməli bu qaydada iddiaçı, hər ay orta hesabla 30 saat artıq işlərə cəlb edilmiş olur. Amma cavabdeh MMC həmin iş saatları üzrə əmək haqqını da iddiaçıya 1 qat həcmdə ödəmişdir. Həmin dövrdə tarif saatı 4,04 manat olmuşdur. Deməli, həmin məbləği hər ay üçün orta hesabla müəyyən edilmiş 30 iş saatına vurmaqla, iddiaçıya əlavə olaraq (30 x 4,04 =) 121,2 manat əmək haqqı ödənilməli idi. Bu qaydada iş rejimi 2013-cü ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək, yəni cəmi 67 ay davam etdiyinə görə, cavabdeh tərəfindən həmin dövr üzrə iddiaçıya əlavə olaraq cəmi (121,2 x 67 =) 8.120,4 manat məbləğdə əmək haqqı ödənilməli idi, lakin ödənilməmişdir. Bundan sonra iddiaçı, xx.xx.2018-ci il tarixdən növbəyə çıxmaqdan imtina etmiş və yalnız sex rəisi kimi tutduğu vəzifəni icraya etməyə davam etmişdir. Yəni hər gün saat 08:00-dan 18:00-dək işdə olurdu. Növbə rəisi olaraq əlavə gördüyü işləri isə bundan sonra digər növbə rəisləri icra etməyə başladılar. 2019-cu ilin yanvar ayında səhhəti ilə əlaqədar olaraq cərrahi əməliyyat olundu. Buna görə də, iddiaçı xx.xx.2019-cu il tarixədək işə çıxa bilmədi. xx.xx.2019-cu il tarixdə işə çıxandan sonra sex rəisi vəzifəsi ilə yanaşınövbə rəisi vəzifəsini də icra etməyə yenidən iddiaçıdan tələb etdilər. Lakin iddiaçı bundan imtina etmişdir. Buna görə də, iddiaçıdan ərizə yazaraq, işdən çıxmağını tələb etdilər. Daim rəhbərliyin təzyiqi altında olduğu üçün ərizə yazıb işdən çıxmağa məcbur olmuşdur. Gördüyü əlavə işlərə görə əmək haqlarını isə iddiaçının tələb etməyinə baxmayaraq, ödəməkdən imtina etdilər. İddiaçı, 2011-ci ilin noyabr ayından, 2018-ci ilin noyabr ayınadək olan (95 ay x 26 iş günü =) 2.470 iş gününün 823,33 günü gündüz iş növbəsində, yəni 08:00-dan 15:00-dək olan iş növbəsinə, 823,33 günü ikinci iş növbəsinə, yəni 15:00-dan 22:00-dək olan iş növbəsinə, qalan 823,33 günü isə üçüncü iş növbəsinə, yəni 22:00-dan növbəti gün səhər 08:00-dək olan iş növbəsinə düşür. Qüvvədə olan qanuna görə, iş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edildiyi üçün, iddiaçının çalışdığı ikinci növbə axşam növbəsi hesab edilir. Buna görə də, həmin növbədə çalışdığı işin hər saatına görə əlavə olaraq 20 % ödəniş edilməlidir. Axşam növbəsində iş vaxtı 7 saatdan ibarət olmuşdur. Belə olan halda, 2011-ci ilin noyabr ayından, 2018-ci ilin noyabr ayınadək olan dövr üzrə (823,33 gün x 7 saat =) 5.763,31 saat axşam növbəsində işləmişdir. Deməli, bu işə görə həmin vaxtın tarif maaşının 20 %-i həcmində hesablanmaqla, axşam növbəsində görülən işlərə görə iddiaçıya (5.763,31 x 4,04 x 20% =) 4.656,75 manat əlavə ödəniş verməli idi. Üçüncü növbənin, yəni 22:00-dan növbəti gün səhər 08:00-dək olan iş növbəsinin isə 8 saatı gecə növbəsinə düşdüyü üçün 2011-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan dövr üzrə (823,33 x 8 =) 6.586,64 saat gecə növbəsində çalışmışdır. Həmin vaxt tarif maaşının 40 %-i həcmində hesablanmaqla, gecə növbəsində gördüyü işlərə görə iddiaçıya (6.586,64 x 4,04 x 40% =)10.644,01 manat əlavə ödəniş verilməli idi. İş üzrə cavabdeh MMC-nin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iş rejimi işəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsində öz əksini tapmışdır. İddiaçı işə sex rəisinin köməkçisi kimi başlamış və onunla bağlanılmış əmək müqaviləsi ləğv olunanadək sex rəisi vəzifəsində çalışmışdır. Əgər iddiaçı əlavə işlərə cəlb olunsa idi bu barədə işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) olmalı idi. İşəgötürən MMC tərəfindən iddiaçıya əlavə (artıq) işlərə cəlb edilməsi ilə bağlı hər hansı əmr (sərəncam, qərar) verilməyib. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən gündəlik normal iş vaxtının müddəti, yəni günlük 8 saat, həftədə isə 40 saat iş vaxtı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı iddia edir ki, sex rəisi vəzifəsini icra etməklə yanaşı növbə rəisi vəzifəsinin icra edilməsinə cəlb edilmiş və buna görə ödəniş almamışdır. Başqa işə keçirilmə və ya başqa vəzifənin iddiaçıya həvalə edilməsi halları mövcud olsa idi, işəgötürənin müvafiq əmri və əmək müqaviləsinə əlavələrlə (dəyişikliklərlə) həyata keçirilərdi. Həmçinin, iddiaçının əmək haqqının miqdarı əmək müqaviləsi ilə müəyyən edilmişdir. Onunla bağlanmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmamışdır. İşə baxmış Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən işlərin iddiaçı tərəfindən görüldüyünü, həmçinin həmin işlərin bir hissəsinin axşam və gecə saatlarında görüldüyünü təsdiq edən kifayət qədər sübutlar vardır. Həmin faktlar cavabdeh MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Lakin cavabdeh MMC-nin nümayəndəsi həmin işləri könüllü olaraq və heç bir əlavə əmək müqaviləsi bağlanılmadan icra etdiyini qeyd edərək, həmin işlərin görülməsinə görə MMC-nin iddiaçıya əlavə əmək haqqı ödəməyə borclu olmadığını bildirmiş, məhkəmə də onun bu mövqeyi ilə razılaşaraq, iddiaçının nə qədər əlavə işlərə cəlb edildiyini və buna görə nə qədər əlavə əmək haqqı ödənilməli olduğunun müəyyən edilməsini ümumiyyətlə zəruri saymayaraq, bu istiqamətdə heç bir araşdırma aparmadan, iddia tələbini rədd etmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) Ə.Rzayev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddianı təsdiq edən sübutları məhkəmələrə təqdim etmişdir, digər sübutları isə cavabdeh MMC təqdim etməlidir, real əmək münasibətlərini təsdiq edən sübutlar və kompüter çıxarışları iş materiallarına əlavə edilmişdir. İddiaçı 1 il çalışdığı dövrdə 13.500 manat maaş alıb, çünki növbə rəisi vəzifəsində və əlavə işlərdə çalışmışdır, həm gecə, həm axşam, həm də əvəzçilik üzrə işlədiyi üçün iddiaçıya əlavə pul ödənilməlidir. İddiaçının əlavə işə götürülməsi barədə əmrin olub-olmamasını deyə bilmir. Bildiyi qədər əlavə işlərə cəlb edilməyə görə işəgötürənin əmri olmayıb, amma iddiaçı faktiki olaraq bu işləri görüb. Həmçinin gecə və axşam işlərinə cəlb edilməsinə görə işəgötürənin rəsmiləşdirilməsi olmayıb, iş materiallarında olan iddiaçının tərtib etdiyi iş vaxtının uçotuna dair sənədlər iddiaçının özü tərəfindən “Excel” proqramında tərtib olunmuşdur. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının özü apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh MMC-nin nümayəndəsi X.Əmrahov apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və MMC-nin iddia tələbinə qarşı verdiyi etirazın, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində işəgötürən MMC tərəfindən əlavə işlərə, axşam və gecə növbəsində işlərə cəlb edildiyini iddia edir və artıq cəlb edildiyi işlərə görə işəgötürəndən əlavə pul ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1-ci maddəsinə görə, iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə görə, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Məcəllənin 61-ci maddəsinin 2-ci maddəsinə görə, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, İddiaçılə birlikdə işləyib. İddiaçını növbə rəisi kimi tanıyıb, lakin sonradan sex müdiri olduğunu bilib. İddiaçı axşam saat 20:00-dan səhər 08:00-a kimi öz razılığı ilə işləyirdi. Aylıq gəliri isə 1.000 AZN-dən yuxarı olub. Əmək haqqı kartla və imza etməklə onlara ödənilmişdir. Əmək haqqı iş saatlarına görə ödənilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, onların iş yerində 3 növbəli iş rejimi olub. İddiaçı əvvəl 2 növbədə, sonra isə hər üç növbədə işləyib. 2011-2012-ci illər arası 3 növbəli iş rejimi olub, üçüncü növbəni isə növbə rəisi kimi işləyib. Əmək haqqı kartla və imza etməklə onlara ödənilmişdir. Əmək haqqı iş saatlarına görə ödənilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iş yerlərində üç növbəli iş rejimi olmuşdur və əlavə işlədiklərinə görə əmək haqqıdan əlavə pul almamışdır. Əlavə işə çıxmaları üçün rəhbərlik tərəfindən hər hansı bir məcburiyyət olmayıb. Əmək haqqı kartla və imza etməklə onlara ödənilmişdir. Əmək haqqı iş saatlarına görə ödənilmişdir. Həmin şahidlərdən Ceyhun Ağayev və Ramin Məmmədov apellyasiya baxışı zamanı verdikləri ifadələrində də Rayon Məhkəməsində işə baxılan zaman verdikləri ifadələri təsdiq etmiş və həmin ifadələrlə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək MMC-nin X8 fabrikinin lövhələrin üzlənməsi sexinin sex rəisi vəzifəsində işləmişdir. MMC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi İddiaçı 170 manat əmək haqqı ödənilməklə, gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq iş saatı 09:00-dan 17:00-a kimi, şənbə günü 09:00-dan 15:00-dək müəyyən edilməklə bağlanmışdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı əsassız olduğu üçün rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin “xxxxxxxxxxxxxx” üzərinə düşən iddiaçının işəgötürən MMC tərəfindən əlavə işlərə cəlb edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə görə, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir Göründüyü kimi, işçinin iş vaxtından artıq işləməsi üçün tərəflərin razılığı və işəgötürənin hər hansı əmri və ya sərəncamı olmalıdır. İş üzrə tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin şərtlərinə əsasən İddiaçı cavabdeh MMC-də iş saatları İ-V günlər saat 09:00-dan 17:00-a dək, Vİ gün saat 09:00-dan 15:00-dək müəyyən edilmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-də əmək qanunvericliyinin normalarına müvafiq olaraq iş saatlarından artıq işləməsi əlavə axşam və gecə növbəsində işlərə cəlb olunması müəyyən edilmir. Buna görə də, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında əlavə işlərin görülməsinə, iddiaçının axşam və gecə növbəsində işlərə cəlb edilməsinə görə əmək münasibətləri yaranmadığından iddiaçının tələbi rədd edilməlidir. İddiaçının faktiki işləri işəgötürən tərəfindən müvafiq rəsmiləşdirmə olmadan könüllü olaraq xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yerinə yetirməsi və buna görə müvafiq iş saatlarına görə əmək haqqı hesablaması iş üçün mühüm faktiki hal hesab edilmir və həmin aralıqda faktik olaraq işçinin nə qədər könüllü olaraq işləməsinin və onun tərəfindən bu işlərə görə nə qədər əmək haqqı hesablamasının müəyyən edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar