Məhkəmə qərarları › İş №2(103)-110/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-110/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-110/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (hazırda – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6) qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiya ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 hektar torpaq sahəsinin bazar dəyəri olaraq 219.000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18.000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43.800 manat, cəmi 280.800 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olmuş torpaq sahəsi dövlət ehtiyacları üçün, yəni su anbarının tikintisi üçün cavabdeh Təşkilatın istifadəsinə verilmiş torpaq sahəsinə düşmüş, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində su anbarı inşa edilməsinə baxmayaraq, iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada kompensasiya verilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, su anbarının tikintisi zamanı iddiaçıya məxsus torpaq sahəsinin hasarı da sökülərək, məhv edilmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh kompensasiya ödəmək imkanına və səlahiyyətinə malik deyil. Bu məsələlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli və hər hansı şəxsin iddiasından azad torpaq sahəsi cavabdehə ayrılmalı idi. Bundan əlavə cavabdehə torpaq sahəsi 2004 və 2005-ci illərdə ayrılmış, iddiaçının isə torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün cavabdehə ayrılmış torpaq sahəsinin ərazisinə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin kompensasiyası olaraq eyni ərazidə yerləşən eyni ölçüdə torpağın verilməsi, köçürülmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi, habelə yeni ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xərclərin də cavabdeh tərəfindən ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 54 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamın icrasının mümkün olmaması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin əsassız və işin hallarına uyğun gəlməməsi əsası ilə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasısında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

8. Cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddiaya qarşı verilmiş etirazın, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

11. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.1.1-ci maddələrinin mənasına görə, bu Qanunun məqsədləri üçün alınma dedikdə, dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür.

12. Həmin Qanunun 1.1 və 1.1.6-cı maddələrinin mənasına görə, bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə, bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz başa düşülür.

13. Həmin Qanunun 83-cü maddəsinə görə, bu Qanunun qüvvəyə minməsindən əvvəlki qanunvericiliyə uyğun olaraq torpaqların alınması ilə əlaqədar başlanılmış hər hansı hərəkət və ya prosedurlar kompensasiyanın qiymətləndirilməsi və ödənilməsi, həmçinin layihənin təsirinə məruz qalmış şəxslərin köçürülməsi məsələləri istisna olmaqla, əvvəlki qanunvericiliyə uyğun davam etdirilir.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş verilmiş MN seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,0594 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

15. Bakı Şəhər İcra Hakimiyyətinin Cavabdeh1 ASC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 290 saylı və xx.xx.2005-ci il tarixli, 257 saylı sərəncamları ilə ayrılmış ərazinin dəqiqləşdirilməsi haqqında” 54 saylı, xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla (1) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 17/4457- 12 dərkənarını və Cavabdeh1 ASCnin xx.xx.2014-cü il tarixli, QH-01 -3/1 -15899 saylı məktubunu nəzərə alaraq, Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 290 saylı və xx.xx.2005-ci il tarixli, 257 saylı sərəncamları ilə Səbail rayonu, Badamdar qəsəbəsinin cənub-qərb hissəsində su anbarlarının tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 4,2287 ha müəyyən edilməsi, (1.1) Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ayrılmış ərazisində yerləşən vətəndaşların (siyahı əlavə olunur) torpaq sahələrinin kompensasiya məqsədilə həmin ASC tərəfindən geri qaytarılmış ərazidə (eyni ölçüdə) yerləşdirilməsini təmin etməsi və bununla bağlı xərclərin həmin ASC-nin vəsaiti hesabına həyata keçirilməsi, (1.2) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin vətəndaşların torpaq sahəsi üzərində istifadə hüquqlarına dair verilmiş sənədlərdə müvafiq dəyişikliklər edilməsinin xahiş olunması qərara alınmışdır.

16. Həmin sərəncama əlavə olan siyahıda ASC-yə ayrılmış əraziyə torpaq sahələri düşən vətəndaşlar siyahısında iddiaçının adı göstərilmişdir.

17. Göründüyü kimi, tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus torpaq sahəsinin ASC-yə dövlət ehtiyacları üçün ayrılımış torpaq sahəsinə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin kompensasiyası olaraq eyni ərazidə yerləşən eyni ölçüdə torpağın verilməsi, köçürülmə xərclərinin ASC tərəfindən ödənilməsi, habelə yeni ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xərclərin də ASC tərəfindən ödənilməsi barədə Bakı ŞİH-nin 54 saylı xx.xx.2015-ci il tarixli sərəncamı vardır.

18. Həmin sərəncamın icrasının mümkün olmaması barədə sübutların məhkəməyə təqdim edilməməsini əsas götürmüş Rayon Məhkəməsi iddianın rədd olunması qənaətinə gəlmişdir.

19. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bakı ŞİH tərəfindən qəbul edilmiş sərəncamın icrasının mümkün olmamasını sübut etmək iddiaçının vəzifəsi deyil. Alınan torpaq sahəsinin əvəzinə sərəncamda göstərilən öhdəliklərin icra edilməməsini nəzərə alan iddiaçı cavabdehdən kompensasiya tələb etməkdə haqlıdır.

20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir ki, bu qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir (maddə 3.1.1.). Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir (maddə 7.2.). Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqların alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun ədalətli kompensasiya ödənilməlidir (maddə 54.1.).

21. Birinci instansiya məhkəməsində mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən olunması ilə bağlı hər hansı ekspert, yaxud mütəxəssis rəyi alınmadığını nəzərə almış Məhkəmə, işin güzgün həlli üçün bu halın müəyyən edilməsini zəruri hesab etmişdir. Bu məqsədlə alınmış “X4” LTD ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə xx.xx.2025-ci il tarixli, MB18/1375 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanda yerləşən 0,0594 ha torpaq sahəsinin 2004-2005-ci illərdə (iddiaçıya ayrıldığı zaman) bazar dəyəri 21.000 manat, 2007-ci il tarixə (iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı zaman) isə bazar dəyəri 74.600 manat təşkil edir.

22. Həmçinin “X4” LTD ("xxxx") MMC-nin iş üzrə verdiyi xx.xx.2025-ci il tarixli, MB18/0806 saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin sahəsinin hazırkı (rəy verilən tarixə olan) bazar dəyəri 207.000 manat təşkil edir.

23. İddiaçıdan alınan torpaq sahəsinin bazar dəyərinin 207.000 manat olmasını nəzərə alan Məhkəmə hesab edir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar 207.000 manat kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbləri sübuta yetmədiyi üçün əsassız hesab edilməlidir. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

25. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

26. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçıya məxsus torpaq sahəsinə görə iddiaçıya 219.000 manat məbləğində kompensasiyanın tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin tələb qismən təmin edilməli, iddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiya olaraq 207.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bu tələbin qalan hissəsi təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi iddiaçıya aid edilməli, qalan hissəsi, yəni 1.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. İş üzrə gəldiyi nəticəni nəzərə alan Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbini əsas tutaraq hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi iddiaçıya aid edilməli, qalan hissəsi, yəni 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmənin xərcinin əvəzi olaraq 500 manat cavabdehdən, 100 manat isə iddiaçıdan tutularaq "xxxx" LTD MMC-yə ödənilməlidir.

28. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli qətnamə qismən, yəni İddiaçı məxsus torpaq sahəsinə görə iddiaçıya 219.000 manat məbləğində kompensasiyanın tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus torpaq sahəsinə görə iddiaçıya 219.000 manat məbləğində kompensasiyanın tutulması tələbi qismən təmin edilsin. İddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiya olaraq 207.000 (iki yüz yeddi min) manat cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 (əvvəlki adı: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti) tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus torpaq sahəsinə görə iddiaçıya 219.000 manat məbləğində kompensasiyanın tutulması tələbinin qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi İddiaçı aid edilsin, qalan hissəsi, yəni 1.000 (min) manat məbləğində pul cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tutularaq İddiaçı ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi İddiaçı aid edilsin, qalan hissəsi, yəni 200 (iki yüz) manat cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5, 100 (yüz) manat isə İddiaçı tutularaq “X4” LTD ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar