Məhkəmə qərarları › İş №2(103)-11007/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11007/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11007/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tutulması və birgə xərclərdə iştiraka cəlb olunma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12.08.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması və Cavabdeh uşağın müalicəsi üçün hər ay əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12.08.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması və Cavabdeh uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin olunması, 17.08.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03.05.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat, əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 50 manat, cəmi 225 manat sabit pul məbləğində aliment tutulması, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsinin qismən - əlavə xərclərin ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində iddiadan imtina etdiyini bildirərək, həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsinin yalnız əlavə xərclərə cəlb edilmə hissəsindən narazı olduğu üçün apelyasiya şikayəti verdiyini bildirərək, iddiaçının həmin hissədə iddiadan imtinasının qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsinin yalnız əlavə xərclərə cəlb edilmə hissəsindən verildiyindən qətnamənin qanunuliyi və əsaslığı həmin hissədə yoxlanılır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, İddiaçı cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində iddiasından imtinası qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsi qismən, yəni cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı «əlavə xərclərdə iştiraka cəlb olunma» tələbinə dair iddiasından imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(002)-1660/2021 saylı qətnaməsi qismən, yəni Cavabdeh əlavə xərclərə cəlb edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar