Məhkəmə qərarları › İş №2(103)-1102/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1102/2023

20.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1102/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Bəhmən oğlunun və qeyrilərinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: “boşdayanmaya görə əmək haqqının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı7 Əbdül oğlunun, İddiaçı6 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" ASC-yə qarşı boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3690/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinə əsasən məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

2. "xxxx" ASC-nin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmrinə əsasən İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq “Spirtin istehsalı və spirtin saxlanması” və “Kompressor-qazanxana” sexinin işçilərinin ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 21 noyabr 2019-cu il tarixli 12 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 22 noyabr 2019-cu ildən geri çağırılmaları (həmçinin sexi nəqledən İddiaçı3) əmr edilmişdir.

5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 24 dekabr 2019-cu il tarixli 13 nömrəli əmrinə əsasən X3 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 25 dekabr 2019-cu ildən geri çağırılmaları əmr edilmişdir.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 27 yanvar 2020-ci il tarixli 01 nömrəli əmrinə əsasən maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin 28 yanvar 2020-ci il tarixdən bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 02 mart 2020-ci il tarixli 03 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 27 yanvar 2020ci il tarixli 01 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin 30 iyun 2020-ci il tarixədək uzadılması əmr edilmişdir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 30 iyun 2020-ci il tarixli 04 nömrəli əmrinə əsasən X3 27 yanvar 2020ci il tarixli 01 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 01 iyul 2020-ci ildən geri çağırılmaları əmr edilmişdir.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 10 iyul 2020-ci il tarixli 01 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 11 iyul 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 05 yanvar 2021-ci il tarixli 01 nömrəli əmrinə əsasən X3 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 06 yanvar 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir.

11. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 11 yanvar 2021-ci il tarixli 02 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 10 yanvar 2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 09 iyul 2021-ci il tarixli 03 nömrəli əmrinə əsasən X3 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 12 iyul 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir.

13. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 16 iyul 2021-ci il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 15 iyul 2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

14. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 23 dekabr 2021-ci il tarixli 05 nömrəli əmrinə əsasən X3 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 24 dekabr 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir.

15. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 30 dekabr 2021-ci il tarixli 07 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 05 yanvar 2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

16. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 20 nömrəli əmrə əsasən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

17. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 12 nömrəli əmrə əsasən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

18. Əmək müqaviləsinə xitam verilməsi barədə 03 noyabr 2021-ci il tarixli 17/ŞH nömrəli əmrə əsasən İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) 03 noyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

19. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 28 nömrəli əmrə əsasən İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

20. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 27 nömrəli əmrə əsasən İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

21. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 14 nömrəli əmrə əsasən İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

22. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 18 nömrəli əmrə əsasən İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

23. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müəyyən edilmiş 310 manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7.440 manat, yəni İddiaçı1 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı2 - 310 m x 36 ay = 11.160 manat: 3 – 3.720 m x 2 = 7.440 manat; İddiaçı3 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı4 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı5 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı7 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı6 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" ASC-dən alınıb onlara ödənilməsi və Mediasiya Şurasına ödədikləri ümumilikdə 350 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

24. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 1988-1992-ci ildən "xxxx" zavoduna (hazırda Açıq Səhmdar Cəmiyyəti) işə daxil olmuşlar və onların hər biri ilə aylıq əmək haqqı 310 manat olmaqla əmək müqaviləsi bağlanmışdır. Lakin cavabdeh onlarla bağlanmış əmək müqaviləsinin surətini heç vaxt təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən hər birinin əmək haqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsanları və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisənin rəhbərliyi “guya müəssisədə istehsalat azaldığından işə gəlməmələrini” bildirmişdir. Bununla əlaqədar onlar ailələrində yeganə işləyən şəxs olduqlarını və əgər onlar işləməyəcəkləri təqdirdə ailələrinin maddi vəziyyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kimi onları işə çağıracaqlar. Onlar müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün, rəhbərliyə qarşı mübahisə yaratmamaq üçün gözləmişlər. O zamana cavabdeh onların işə gəlməmələri barədə heç bir sənədləşdirmə aparmamış və bununla əlaqədar ərizə almamışdır. Çünki rəhbərlik bildirmişdir ki, tezliklə onları çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi – cavabdeh onları işə çağırmadığı üçün onlar dəfələrlə müəssisədə olmuşlar və işləmək istədiklərini bildirsələr də, cavabdeh hər dəfə “iş yoxdur, gedin sonra çağıracağıq” deyərək onları sakitləşdirmiş və vaxt uzatmışdır. O zaman onlar digər işçilər kimi cəmiyyətin rəhbərliyinin sözünə inanmışlar və gözləmişlər. Bir neçə müddətdən sonra onlar cəmiyyətin sədrinə müraciət edərək ailələrini qismən də olsa saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündən boşdayanmalar olduğu üçün əmək haqlarının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. 2019-cu ildə müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi surətdə işə buraxılmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmalara görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürülərək işlədilir və onlara əmək haqqı verilir. Eyni zamanda, müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqavilələri rəsmi və qeyri-rəsmi bağlanmış və rəsmi müqavilələrlə ödənilən məbləğlər müəssisənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Həmçinin, müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa forma davam etdirilir. Onlar heç bir yerdə işləmirlər və ailələrini dolandırmaq üçün heç bir başqa təminatları yoxdur, pensiya almırlar. Ona görə hesab edirlər ki, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat, yəni İddiaçı1 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı2 - 310 m x 36 ay = 11.160 manat: 3 – 3.720 m x 2 = 7.440 manat; İddiaçı3 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı4 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı5 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı7 - 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat; İddiaçı6 – 310 m x 36 ay = 11.160 manat: 3 = 3.720 m x 2 = 7.440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" ASC-dən alınıb onlara ödənilməlidir. Cavabdeh tərəfindən boşdayanmaya görə əmək haqqının ödənilməməsi nəticəsində gələcəkdə onlar pensiyaya çıxarkən həmin dövr iş stajı kimi nəzərə alınmayacaq və sığorta kapitalının az olması səbəbindən onlara pensiya verilməyəcəkdir.

25. Cavabdeh iddiaya etiraz və iddia müddətinin tədbiqi barədə ərizə verərək göstərmişdir ki, iddia tələbi cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq iddiaçılara ödənilməsindən ibarətdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçılar 11-ci gündə əmək haqqını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdə müddətin axımı kəsilmişdir. İddiaçıların 2019, 2020 və 2021-ci ilin avqust ayı üzrə tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən “Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Göründüyü kimi, hazırkı iddia tələbinin 2019, 2020 və 2021-ci ilin avqust ayına qədər olan hissəsi həmçinin 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Göstərilənlərə əsasən iddiaçıların cavabdeh "xxxx" ASCyə qarşı cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq ödənilməsi tələbinin 2019, 2020 və 2021-ci ilin avqust ayına qədər olan hissəsinin iddia müddəti keçməklə verildiyi üçün iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

26. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3690/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddianın İddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1.860 manat tutularaq İddiaçı1, 1.860 manat tutularaq İddiaçı2, 1.860 manat tutularaq İddiaçı4, 1.860 manat tutularaq İddiaçı5, 1.860 manat tutularaq İddiaçı7, 1.860 manat tutularaq İddiaçı6 və 413 manat tutularaq İddiaçı3 xeyrinə ödənilməsi, iddiaçılar tərəfindən ödənilmiş cəmi 350 manat mediasiya xərci üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 50 manat tutularaq İddiaçı1, 50 manat tutularaq İddiaçı2, 50 manat tutularaq İddiaçı4, 50 manat tutularaq İddiaçı5, 50 manat tutularaq İddiaçı7, 50 manat tutularaq İddiaçı6 və 50 manat tutularaq İddiaçı3 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

27. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrlə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq işçiləri, o cümlədən hazırkı iş üzrə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla davamlı olmuş və sonuncu dəfə 30 dekabr 2021-ci il tarixli əmrlə Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsi və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cü bəndi əsas götürülərək rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyəti 05 yanvar 2022-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar. Ancaq bu cür əmrlər verilərkən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinin tələblərinə, yəni iddiaçıların bu barədə müraciətlərinin olubolmamasına yaxud tərəflərin qarşılıqlı razılığına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollektiv müqavilələrdə işçilərə ödənişsiz məzuniyyət verilə bilər. Lakin bu halda da işçilərin, o cümlədən hazırkı iş üzrə iddiaçıların buna razılığı olmalı idi. Lakin iddiaçıların belə bir razılığı olmamışdır.

28. Məhkəmə həmçinin hesab etmişdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsi işçilərə ödənişsiz məzuniyyətin müddətini 6 ayla məhdudlaşdırmışdır, başqa sözlə, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməzdi. Lakin cavabdeh 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyun ayına qədər, yəni 36 ay müddətinə davamlı olaraq, 1, 3, 6 ay müddətlərində fasilələrdə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Bu cür vəziyyətdə qeyd olunan maddənin tələblərini də açıq-aşkar pozmuşdur.

29. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıların iddia ərizəsi məhkəməyə 24 avqust 2022-ci il tarixdə daxil olsa da, onların iddia tələbləri 2019-cu ildən 2022-ci ilin may ayına kimi olan, yəni 36 aylıq dövrü əhatə edir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin təqdim edilməsi onu deməyə əsas verir ki, iddiaçılara sonuncu bir il üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə görə işçinin təqsiri olmadan boşdayanma vaxtı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

30. Məhkəmə nəticədə belə qənaətə gəlmişdir ki, iddiaçıların hər birinin aylıq əmək haqqı 310 manat olmaqla, 9 ay, yəni 24 avqust 2021-ci il tarixdən 24 may 2022-ci il tarixədək olan dövr üçün 2.790 manat, 2.790 manatın üçdə iki hissəsi isə 1.860 manat təşkil edir. Lakin iddiaçılardan İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə 03 noyabr 2021ci ildən xitam verilmişdir. Ona görə də, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 hər birinə 1.860 manat, İddiaçı3 isə 413 manat (xx.xx.2021xx.xx.2021; 310 m x 2 ay = 620 m : 3 = 206,6 m x 2 = 413 m) ödənilməlidir. Çünki İddiaçı3 hazırkı tələbi əmək müqaviləsinə xitam verildiyi gündən sonrakı dövr üzrə təmin edilə bilməz.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə, Əmək Məcəlləsinin 28.3, 29, 31.1, 129.1, 129.2, 146.1, 146.2, 169.1, 296.4-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə, “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

32. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırmasına əsasən “ancaq bu cür əmrlər verilərkən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2cihissəsinin tələblərinə, yəni iddiaçıların bu barədə müraciətlərinin olub-olmamasına yaxud tərəflərin qarşılıqlı razılığına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollektiv müqavilələrdə işçilərə ödənişsiz məzuniyyət verilə bilər. Lakin bu halda da işçilərin, o cümlədən hazırki iş üzrə iddiaçıların buna razılığı olmalı idi. Lakin iddiaçıların belə bir razılığı olmamışdır.” Halbuki, 129-cu maddədə belə bir tələb mövcud deyil. Həmin maddənin 2-ci hissəsində 3 ayrı əsas nəzərdə tutulmuşdur: tərəflərin qarşılıqlı razılığı, kollektiv müqavilədə nəzərdə tutulma və əmək müqaviləsində müəyyən edilmə. Bunlardan bir-birindən asılı olmayan, müstəqil əsaslardır. Cavabdeh iddiaçıları tərəflərin razılığı əsası ilə deyil, kollektiv müqavilədə nəzərdə tutulma əsası ilə ödənişsiz məzuniyyətə buraxmışdır. Bu zaman hər hansı razılıq və ya müraciət qanunvericiliklə tələb olunmur. Çünki mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, “İstehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər.” Göründüyü kimi, məhkəmə maddəni düzgün tətbiq etməmiş, pozuntuya yol vermişdir. Daha sonra qeyd olunur: “Bundan başqa, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsi işçilərə ödənişsiz məzuniyyətin müddətini 6 ayla məhdudlaşdırmışdır, başqa sözlə, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməzdi. Ancaq hazırkı işdən görünür ki, cavabdeh 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyun ayına qədər, yəni 36 ay müddətinə davamlı olaraq, 1, 3, 6 ay müddətlərində fasilələrdə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Bu cür vəziyyətdə qeyd olunan maddənin tələblərini də açıq-aşkar pozmuşdur.” Cavabdeh qanunun bu tələbini də pozmamış, işçilərə 6 aya qədər ödənişsiz məzuniyyət buraxmış, daha sonra işə geri çağırmış və yeni bir əmrlə başqa vaxtda yeni ödənişsiz məzuniyyətə buraxmışdır. Qanun işəgötürənin ümumilikdə yalnız 1 dəfə ödənişsiz məzuniyyətə buraxmasını təsbit etməmiş, bu barədə hər hansı məhdudlaşdırı norma mövcud deyildir. Qanunun tələbi buraxılan məzuniyyətin müddətinin 6 aydan çox olmaması ilə əlaqədardır. Bu halda isə belə bir pozuntu mövcud deyildir. İddia tələbinin təmin edildiyi 2021-ci ilə dair hissədə də iddiaçılar 03 saylı əmrlə məzuniyyətə buraxılmış, işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 05 saylı əmrlə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 07 saylı əmrlə işçilər xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Kollektiv müqavilənin 4.10-cu bəndində də qeyd olunduğu kimi, “İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər.” Daha sonra qətnamə Əmək Məcəlləsinin 146-cı maddəsinə istinad olunaraq iddiaçıların iddialarında haqlı olduğu qeyd olunmuşdur. Məhkəmə bu dəfə də kobud pozuntuya yol verərək əvvəlcə kollektiv müqavilədə işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməsinin, qanunvericilikdə müəyyən edilmiş müddətdən çox olmayaraq bir təqvim ilində bir neçə dəfə ola bilməsi nəzərdə tutulduğunu qeyd etsə də, daha sonra bu mübahisəyə aid olmayan Əmək Məcəlləsinin 146-cı maddəsinə istinad etmişdir. Halbuki, bu maddə spesifik bir hallarla — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallarla əlaqədardır və bu halda onun maksimum müddəti əsas məzuniyyətin iki illik müddətinin cəmi qədərdir. Əgər bu mübahisəyə məhkəmə 146-cı maddənin tətbiq olunmalı olduğu qənaətinə gəlmişdisə, məhkəmə iddiaçıların 6 aylıq məzuniyyətə buraxılma hüququnu deyil, məhz əsas məzuniyyətlərinin iki illik müddətinin cəmini təsbit etməli idi. Apellyasiya məhkəməsinin nəyə görə 6 aylıq məzuniyyətə istinad edərək daha sonra 146-cı maddəsini sitat gətirməsi məlum deyildir. Oxşar tələb üzrə qəbul edilmiş Ali Məhkəmənin 2(102)-1992/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında da göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olmasını təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləğimüvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy əsasında müəyyən etmişdir.” Göründüyü kimi, oxşar tələb üzrə Ali Məhkəmənin də mövqeyi ondan ibarət olmuşdur ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. Məhkəmə qanunvericiliklə nəzərdə tutulmamasına baxmayaraq, kollektiv müqavilə əsasında işəgötürənin işçiləri ödənişsiz məzuniyyət buraxmasını onların razılığı və ya müraciəti ilə şərtləndirmiş, kobud pozuntuya yol vermişdir. Əmək Məcəlləsinin 146-cı maddəsi bu mübahisəyə tətbiq olunmamalı olduğu halda, məhkəmə qətnamədə bu maddəyə istinad etmişdir. İddiaçılar xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2022 tarixlərində iş yerinə çağrılaraq iş yerində olduqları üçün bu dövr üçün yalnız əmək haqqı tələbi ola bilərdi. İddiaçıların yalnız boşdayanmaya görə tələbi olmasına baxmayaraq, məhkəmə bu müddəti də əlavə edərək iddia tələblərini bu hissədə də təmin etmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam araşdırılması həyata keçirilməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımlar atılmamışdır. Məhkəmə iddia tələbindən kənara çıxaraq, iddiaçıların işlədiyi dövrü də boşdayanma halı kimi nəzərə alıb, iddiaçıların belə tələbinin olmamasına baxmayaraq, həmin hissədə də iddia tələblərini təmin etmişdir. Məhkəmə iddiaçılar tərəfindən aylıq əmək haqlarının 310 manat olmalarına dair hər hansı sübut təqdim etməmələrinə baxmayaraq, özü müvafiq faktları sübuta yetirilmiş kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçıların əmək haqlarını, ödənilən son haqq-hesabı araşdırmamış, nəticədə hər hansı sübut təqdim edilmədən iddiaçıların qeyd etdikləri tələbi həqiqət kimi qəbul edib iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iddiaçıların aylıq əmək haqqını 310 manat hesablasa da, bu hal sübuta yetirilməmişdir. Məhkəmə tərəflər arasında ödənişsiz münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, müəssisədə kollektiv müqavilə olmasına, Əmək Məcəlləsində bu qaydaya icazə verilməsinə baxmayaraq, hər hansı əsaslandırma aparılmadan işəgötürənin obyektiv hallardan ödənişsiz məzuniyyətə buraxma hüququnu nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı7 Əbdül oğlu, İddiaçı6 və iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər.

36. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

38. Maddə 28.3. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir.

39. Maddə 29. Kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir.

40. Maddə 31.1. kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər.

41. Maddə 129.1.Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

42. Maddə 129.2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

43. Maddə 146.1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

44. Maddə 146.2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

45. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

46. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

50. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh şikayətində qətnamənin iddianın təmin olunan hissəsini apellyasiya qaydasında mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən "xxxx" ASC işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrlə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq işçilərin, o cümlədən hazırki iş üzrə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsnin 2-ci hissəsində əsaslanmaqla davamlı olmuş və sonuncu dəfə xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsi və kollektiv müqavilənin (2020-2023 il) 4.10-cü bəndi əsas götürülərək rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyyəti xx.xx.2022 -ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar.

58. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, bu cür əmrlər verilərkən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinin tələblərinə, yəni iddiaçıların bu barədə müraciətlərinin olubolmamasına yaxud tərəflərin qarşılıqlı razılığına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollektiv müqavillərdə işçilərə ödənişsiz məzuniyyət verilə bilər. Lakin bu halda da işçilərin, o cümlədən hazırki iddiaçıların buna razılığı olmalı idi. Lakin iddiaçıların belə bir razılığı olmamışdır.

59. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsi işçilərə ödənişsiz məzuniyyətin müddətini 6 ayla məhdudlaşdırmışdır, başqa sözlə, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməzdi. Lakin cavabdeh 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyun ayına qədər, yəni 36 ay müddətinə davamlı olaraq, 1, 3, 6 ay müddətlərində fasilələrdə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Bu cür vəziyyətdə qeyd olunan maddənin tələblərini də açıq-aşkar pozmuşdur.

60. Məhkəməyə təqdim edilmiş kollektiv müqavilənin 4.10-cu bəndində işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdən çox olmayaraq bir təqvim ilində bir neçə dəfə ola bilməsi nəzərdə tutulsa da, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməz.

61. Bununla belə, Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsinin axırıncı cümləsində də işəgötürənin təqsiri olmadan istehsalın və işin dayandırılması zamanı ödənişsiz məzuniyyətin müddətinin işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması imperativ qaydada müəyyən edilmişdir.

62. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizəni də nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçıların hər birinin aylıq əmək haqqı 310 manat olmaqla, 9 ay, yəni 24 avqust 2021-ci il tarixdən 24 may 2022-ci il tarixədək olan dövr üçün 2.790 manat, həmin məbləğin üçdə iki hissəsi isə 1.860 manat təşkil edir.

63. Lakin, iddiaçılardan İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə 03 noyabr 2021ci ildən xitam verilmiş, ona görə də, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 hər birinə 1.860 manat, İddiaçı3 isə 413 manat ödənilməlidir. Çünki İddiaçı3 hazırkı tələbi əmək müqaviləsinə xitam verildiyi gündən sonrakı dövr üzrə təmin edilə bilməz.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıların əmək haqqının məbləğinin aydınlaşdırılmaması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçılar iddia ərizələrində əmək müqaviləsinin onlara təqdim edilməməsini, mühasibatlıq tərəfindən onlara əmək haqqının 310 manat olduğunu bildirmiş, lakin mühasibatlıq sənədləri cavabdehdə olmasına baxmayaraq onun tərəfindən iddiaçıların bildirdiklərinin əksini təsdiq edən sənədlər (aylıq əmək haqqının iddiaçılara nağdsız ödənilməsini təsdiq edən bank sənədləri, ödəniş tapşırıqları və s.) məhkəməyə təqdim edilməmişdir.

65. Halbuki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada həyata keçirilir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

67. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin hər iddiaçıya münasibətdə mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3690/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar