Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11032/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(006)-2452/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə təyin edilmiş 11.000 icbari sığorta haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili X1 teleqram ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 manat deyil, 6.600 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü il tarixdə Kəpəz rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldıqdan sonra hərbi xidmətini çəkərkən 22.04.2004-cü il tarixdə travma almış və ona «sol qamış sümüyünün distal metaepifiznin qapalı oynaqdaxili sınığı» diaqnozu qoyulmuşdur. Etdiyi müraciətlərdən sonra 2017-ci il tarixdə yekunda ona Hərbi Həkim Komissiyası tərəfindən aldığı xəsarətin travma olduğu və travmanın hərbi xidmət dövründə aldığını təsdiqlədikdən sonra ona 13.10.2017-ci il tarixdə əlillik təyin edilmişdir. Bundan sonra o, aldığı xəsarətlə bağlı cavabdehə müraciət etsə də, ona hərbi qulluqçular üçün müəyyən edilmiş sığorta haqqının ödənilməsindən imtina edilmişdir. Bütün sənədlər təqdim edilmişdir, onun aldığı xəsarət 2004-cü ildə baş verdiyindən, həmin qanuna 03 dekabr 2013-cü il tarixdə edilmiş dəyişiklik geriyə qüvvəyə malik olmamaqla yanaşı o, 02.09.2014-cü il tarixdə təxris olunduğu müddətdə 3 il müddətinə əllillik əldə edərək cavabdehə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(006)-2452/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 02.09.2014-cü il tarixdə təxris edilmiş, əlillik dərəcəsi isə 13.10.2017-ci il tarixdə təyin edilmişdir, şəxs hərbi xidmətdən təxris olunduqdan sonra müddəti 1 ay 11 gün fərqlə ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 19.09.2014-cü il tarixdə verilmiş hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0362 saylı 24.06.2004-cü il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilmiş, 0646 saylı 02.09.2014-cü il tarixli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 16.03.2017-ci il tarixdə verilmiş 621 nömrəli qərarın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz RHK tərəfindən 2004-cü ildə hərbi xidmət keçərkən 22.04.2004-cü ildə aldığı və 22.04.2004-cü ildən 30.04.2004-cü ilə kimi SQ-nin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma – diaqnoz: “sol qamış sümüyünün distal metaepifizinin qapalı oynaqdaxili sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nın Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 16.01.2017-ci il tarixli, ZG/98 nömrəli göndərişi, 16.01.2017-ci il tarixli, ZG/15 nömrəli arayışı, SQ-nin BKH-dan verilmiş 30.04.2004-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, Hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Gəncə şəhəri Kəpəz rayon filialının direktoruna ünvanlanmış 06.11.2017-ci il tarixli cavabından görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Ona görə də əgər İddiaçı hərbi xidmətdən buraxılan gündən üç il müddətində əlillik təyin edilərsə, o halda ona sığorta ödənişinin verilməsi təmin oluna bilər. Əks halda İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2-ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmaması iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və hərbi xidmət zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Apelyasiya şikayətində irəli sürülən dəlil onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı müddəti 1 ay 11 gün fərqlə ötürmüşdür. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apelyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasına hərbi xidmət dövründə xəsarət alması səbəb olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2452/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11032/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver