Məhkəmə qərarları › İş №2(103)-11047/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11047/2021

09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11047/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(007)-3146/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 06.02.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 22.09.16-cı il tarixdə pozulmuş və bu barədə Nizami rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları X5 (06.02.2016-cı il təvəllüdlü) vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2821 saylı, 19.08.2016-cı il tarixli icra sənədinə əsasən, Cavabdeh 11.04.2016-cı il tarixdən başlayaraq 06.02.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Diplomatik nümayəndəliklərinin Mühafizəsi üzrə Əlahiddə polis Taborunun polis nəfəri vəzifəsində işləyib, tutduğu vəzifəyə görə əmək haqqısının dörddə bir hissəsi tutularaq 11.04.2016-cı il tarixdən 18.12.2020-ci il tarixə kimi aliment ödənilmişdir. Lakin Cavabdeh 2020-ci ilin dekabr ayından işdən azad olunduğu üçün 01.01.2021-ci il tarixindən bu günə qədər X1 üçün heç bir maddi köməklik göstərməmiş,onunla maraqlanmamış və heç bir aliment ödəməmişdir. Cavabdeh polis nəfəri vəzifəsindən azad olunduğu səbəbindən alimentin ödənilməsi dayandırılmışdır. Uşağı saxlamaq isə onun üçün maddi cəhətdən çətindir. 01.01.2021-ci il tarixdən X2 yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh məhkəmə qaydasmda aliment tutulması barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(007)- 3146/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(007)-3146/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini və alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə boşanan zaman məhkəmənin qətnaməsi ilə birgə nikahdan doğulmuş azyaşlı uşağının anasının yanandı qalması və uşağın saxlanması üçün ondan aliment tutulması qət edilmişdir. Lakin qətnamə qəbul edidikdən sonra maddi vəziyyətində əhəmiyyətli dəyişliklər baş vermiş və 2020-ci ilin noyabr ayından işdən azad olunduğu üçün alimenti ödəyə bilməmidir. Bundan başqa, o ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan iki uşağı dünyaya gəlmişdir. Həmçinin, o hazırda işsizdir, iddiaçı isə Azəriqaz İB-də çalışır və əmək haqqı alır. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 175 manat aliment məbləği azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İ № 251268 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X7 ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 sentyabr 2016-cı il tarixdə 288 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Süleymanlı soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05 aprel 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 735976 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 06 fevral 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 01 aprel 2016-cı tarixdə 204 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2821/2016 saylı, 19.08.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə Yusubova (Süleymanlı) Nərminə Ağa qızı arasında 11 aprel 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 321 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 06 fevral 2016cı il təvəllüdlü X5 anası X4 himayəsində saxlanılması, Cavabdeh 11 aprel 2016-cı il tarixdən başlayaraq 06 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdehin birgə nikahından 06 fevral 2016-cı-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2821/2016 saylı, 19.08.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə Yusubova (Süleymanlı) Nərminə Ağa qızı arasında 11 aprel 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 321 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 06 fevral 2016-cı il təvəllüdlü X5 anası X4 himayəsində saxlanılmış, Cavabdeh 11 aprel 2016-cı il tarixdən başlayaraq 06 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, 06 fevral 2016cı-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq müddəalarına, habelə Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərinə, uşağın mənafeyinə, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə, işin faktiki hallarına (cavabdeh işləmədiyindən iddiaçının uşağı saxlamaqda çətinlik çəkməsinə) istinad etmişdir. Məhkəmə kollegiyası Nizami rayon məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, apellyatorun özünün də etiraf etdiyi kimi, o, əvvəllər daxili işlər orqanlarında çalışmış və aylıq stabil gəliri olmuşdur. Bu səbəbdən də, ondan tutulmalı olan alimentin məbləği onun gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilmişdir. Lakin sonradan o, işdən çıxmışdır və hazırda gəlirləri qeyri-müntəzəm xarakter daşıyır. Bu isə ondan uşağın saxlanması üçün tutulmalı olan alimentin hesablanmasında və ödənilməsində çətinliklər yaratmış, nəticədə iddiaçı həmin cavabdehdən alimentin sabit pul məbləğində tutulması ilə aliment məbləğinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Hazırda apellyator ondan alimentin sabit pul məbləğində tutulmasına etiraz etməsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 175 manat məbləği ödəməyin onun üçün ağır olacağını bildirir, ondan tutulmalı olan alimentin məbləğinin 120 manat müəyyən edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri kimi isə özünün işsiz olmasına, yeni ailə qurmasına və himayəsində iki azyaşlı uşağının olmasına, habelə cavabdehin özünün işləməsinə və stabil gəlirlərinin olmasına istinad edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşağın və aliment ödəməli olan valideynin qanuni maraqları arasında ziddiyyət yaranarsa, bu zaman uşağın üstün mənafeyi nəzərə alınmalıdır. Bu yanşamadan çıxış edərək kollegiya qeyd edir ki, uşağın saxlanması üçün alimentin məbləği ölkə üzrə 2021-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində olmuşdur. Başqa sözlə, cavabdehdən tutulmalı olan alimentin məbləği uşağın minimal ehtiyaclarının ödənilməsinə kifayət edəcək həddə müəyyən edilmişdir. Bundan daha az məbləğdə alimentin tutulması isə uşağın ən minimal ehtiyaclarının da tam ödənilməməsinə, bununla da uşağın qanuni maraqlarının pozulmasına gətirib çıxarmış olacaqdır. İddiaçının özünün işləməsi və stabil gəlirinin olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının aylıq əmək haqqı 250 manat təşkil edir ki, bu məbləğ onun özünün və uşağın maddi ehtiyaclarının qarşılanması baxımından kifayət deyildir. Göstərilənə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün olaraq 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumu məbləğinə istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(007)- 3146/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar