Məhkəmə qərarları › İş №2(103)-11051/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11051/2021

03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11051/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Fatimə Rəsulzadənin iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “alimentin tutulma formasının dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Nizami Rayon Məhkəməsinin 08.06.2020-cı il tarixli qətnaməsi ilə 13.02.2016-cı il təvəllüdlü uşaq X1 üçün ata İddiaçı ana Fatimə Rəsulzadənin xeyrinə tutulan, qazancın ¼ hissəsi miqdarında alimentin tutulma forması dəyişdirilsin və hər ay sabit pul məbləğində 170 manat aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh Fatimə Rəsulzadə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Nizami Rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli qətnaməsi ilə 13.02.2016-cı il təvəllüdlü uşaq X1 üçün ata İddiaçı hər ay sabit pul miqdarında 150 manat alimentin tutularaq ana Fatimə Rəsulzadəyə verilməsi qət olunub. Daha sonra ana alimentin miqdarının artırılması üçün iddia ilə məhkəməyə müraciət edib. Həmin iddianın əsasında qəbul olunmuş Nizami Rayon Məhkəməsinin 08.06.2020-cı il tarixli qətnaməsi ilə alimentin tutulma forması dəyişdirilib, alimentin qazancın ¼ hissəsi kimi tutulması qət edilib. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Bundan 1 ay 21 gün sonra ata hazırkı iddia ilə məhkəməyə müraciət edib. O, iddia tələbini belə əsaslandırıb ki, sağlamlığında müəyyən problemlər var, işləyə bilmir, ikinci dəfə ailə qurub, həyat yoldaşı və valideynlərinin gəliri yoxdur, bankdan götürdüyü krediti ödəyə bilmir, hal-hazırda maddi vəziyyəti ağırdır. İddia tələbi daha sonra onunla əsaslandırılıb ki, aliment təyin edilən zaman yol verilən qanun pozuntuları, pandemiya dövrü və müharibə şəraiti nəzərə alınaraq alimentin miqdarı azaldılmalıdır. Lakin sonuncu qətnamənin qəbul edilməsindən sonra alimentin miqdarının azaldılması və ya formasının dəyişdirilməsi, yəni yenidən sabit formada tutulması üçün üçün Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddəsində müəyyən edilmiş hallar baş verməyib. Ona görə də iddia təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar