Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11095/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5611/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı – birgə nikahdan olan 19.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 22.01.2010-cu ildə nikah qeydə alınmışdır ( №64 ilə qeyd edilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 19.01.2012-ci il təvəllüdlü X2 anası Alış (İsrafilova) Ülviyyə Akif qızının yanında saxlanması qət edilmişdir. Nikah pozulması tələbinə baxılarkən iddiaçı tərəfindən aliment tələbi qoyulmamış və aliment təyin edilməmişdir. Birgə nikahdan olan 19.01.2012-ci il təvəllüdlü X1 və onun xərclərinin qarşılanması hər iki valideynin vəzifəsidir. 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müğyyən edilmişdir. Cavabdeh rəsmi şəkildə heç bir yerdə işləmir.
3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5611/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 19.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh 25 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Lalə Rəhimli).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, aliment məbləğinin 50 manat müəyyən edilməsi və övladı ilə görüşün təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hazırda rəsmi iş yeri yoxdur. Faktiki olaraq işsiz kimi 13 saylı ərazi məşğulluq mərkəzində qeydiyyatdadır. Cavabdehin aylıq 50 manat aliment ödəməyə imkanı çatır. Digər tərəfdən, iddiaçı cavabdehin uşaqla görüşməsinə mane olur. Cavabdeh 6 aydır ki, övladı ilə görüşə bilmir. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 06.07.2020-ci il tarixində pozulmuşdur.
11. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19.01.2012-ci il təvəllüdlü X2 “Valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “X3”dır.
12. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-1028/2020 saylı 03.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Alış (İsrafilova) Ülviyyə Akif qızı arasında 22.01.2010-cu il tarixində 64 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 19.01.2012-ci il təvəllüdlü X2 anası Alış (İsrafilova) Ülviyyə Akif qızının yanında saxlanılması qət olunmuşdur. Hüquqi dəyərləndirmə:
13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur;
14. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;
16. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
18. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
21. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur;
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
24. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur.
27. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən işləməməsi, işsiz kimi məşğulluq orqanında qeydiyyatda olması və.s onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
28. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
29. Kollegiya hesab edir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5611/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 19.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
30. Cavabdeh apellyasiya şikayətində işləməməsi, işsiz kimi qeydiyyatda olması hallarına istinad etmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, valideynlərin hər ikisi uşağa münasibətdə eyni hüquq və vəzifələrə malikdir. Lakin bu hal cavabdehi uşağı üçün yaşayış minimumu həddində aliment ödəmək öhdəliyindən azad etmir.
31. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5611/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev