Məhkəmə qərarları › İş №2(103)-111/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-111/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-111/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının prosessual hüquqi varisləri X4, X3, X5, X2 (eyni zamanda X8 nümayəndəsi) və X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X22 (eyni zamanda üçüncü şəxs X18 nümayəndəsi) və X23 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı icbari sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)-9199/2014 saylı qətnaməsindən X25 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 aprel 1994-cü ildə hərbi xidmət zamanı həlak olmuş övladı X10 dövlət tərəfindən icbari sığortasına görə 11000 manat pulun cavabdeh sığorta şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)- 9199/2014 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən X1 arvadı X25 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 11000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, İddiaçı 11 aprel 2015-ci il tarixdə ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(103)-9387/2019 saylı qərardadı ilə mərhum İddiaçı prosessual hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Apellyasiya baxışı zamanı mərhum İddiaçı uşaqları X11, X9, X12, X7, X15 və X13 iddiaçının prosessual hüquqi varisi kimi tanınaraq prosesə cəlb olunmuş və iş üzrə icraat təzələnmişdir. X1 arvadı X25, uşaqları X28, X26 və X29 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə iclasında apellyator Rəna Fərəcova apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının prosessual hüquqi varisləri və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə mübahisənin qanuni şəkildə həll olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)-9199/2014 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin faktiki hallarından görünür ki, İddiaçı mübahisələndirilən qətnamə çıxandan 4 ay 9 gün sonra vəfat etmiş, qətnamə ilə alınması qət olunmuş 11000 manat icbari sığorta pulunu almamışdır. Buna görə də ödənilməsi qət olunmuş sığorta pulu miras əmlaka daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261, 391, 397- 398, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X17 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)- 9199/2014 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar