Məhkəmə qərarları › İş №2(103)-11122/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11122/2021

11.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11122/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh bankın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla mərhum anaları X13 arasında bağlanmış 20.07.2010-cu il tarixli 06-3928/005710-Sİ saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də əlavə edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması və cavabdehə və ya digər şəxslərə əmlak üzərində hər hansı hərəkət edilməsinin (boşaldılması, təmir edilməsi və s.) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh ASC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə bankın X2, X4, İddiaçı2, X8, X14, X9 və X10 qarşı “ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbləri qismən təmin edilmiş, 118766.04 ABŞ dolları əsas, 45447.80 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 164 313.84 ABŞ dolları məbləğində kredit borcunun, habelə 30.00 manat döviət rüsumunun X1 tutularaq "Bank Respublika” ASC-nə ödənilməsi, tələb üzrə tutmanın X8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmməduluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış 90.3 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə və X4 məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, X8 məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 85 000 manat, X4 məxsus mənzilin ilkin satış qiymətinin 56 100 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "Bank Respublika’’ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış, 90.3 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğin X8, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilin satışından qalan məbləğin X4 qaytarılması, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X3 və İddiaçı2 ünvan 3 ünvanından, X5, X11, X6 və X7 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.00 kv.m yaşayış, 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, Bakı Apeilyasiya Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və X5 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin qətnaməsi faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 26082.26 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 144878.01 ABŞ dolları müəyyən edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64 000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 23 nömrəli evin 127 nömrəli mənzilin ilkin satış qiyməti isə 60 000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 14.05.2019-cu il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, Həşimov X12 Rayon Məhkəməsinin 18 iyui 2016-cı il tarixli qətnaməsindən apellyasiya və Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsini qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçıların iddianı təmin etmə tədbirinə dair ərizələrinin təmin edilməməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə görə, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin hazırda qüvvədə olan 157.2-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçılar, qüvvədə olan məhkəmə aktları əsasında tutma yönəldilmiş və hərracdan satılmasına qərar verilmiş əmlakın üzərinə həbs qoyulmasını, cavabdehə və ya digər şəxslərə əmlak üzərində hər hansı hərəkət edilməsinin qadağan olunmasını tələb etməkdədirlər; bu isə o deməkdir ki, onların görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri (müvəqqəti təminat tədbiri), mahiyyəti etibarilə qanuni qüvvədə olan məhkəmə aktına əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır; halbuki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, icra sənədi üzrə icraatın dayandırılması mexanizmi isə həmin Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddianı təmin tədbirinin tətbiqinə dair ərizələri iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi baxımından əsaslı olmadığına görə ərizənin təmin edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2586/2021 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə iddiaçıların iddianı təmin etmə tədbirinə dair ərizələri təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar