Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1116/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3954/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4840 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3954/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ASC-dən 2085 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2115 (iki min bir yüz on beş manat 40 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, xx.xx.2019-cu ildə axşam saatlarında,özünə məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayon Ərçivan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “VAZ21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Astara 6 saylı ATXB-nin qusur aktına əsasən onun avtomobilinə 4840 manat ziyan dəymişdir. Hadisədə “VAZ-21154” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olması Astara DYP-nin sənədlərində öz əksini tapmişdir. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ-21154” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" şirkətində PXAl956207635 saylı müqaviləsinə əsasən icbari sığorta qaydasında sığortalanıb. "xxxx" şirkəti tərəfindən ona 1700 manat təklif olunub. Bu məbləğə qəti şəkildə razı olmamışdır. Çünki, avtomobilinə 4840 manat ziyan dəyib və bu məbləği tələb edir. Bir neçə dəfə "xxxx" şirkətinin rəhbərliyinə müraciət etmiş, şikayət məktubları göndərmiş, lakin bütün şikayətlər və müraciətlər cababsız qalmışdır. Avtomobilə ehtiyacı olduğuna görə təmir etdirmişdir. Aldığı hər bir hissənin faktura sənədlərini sübut kimi məhkəməyə təqdim etmişdir. Keçirilmiş ekspert rəyi razı deyil, təkrar ekspertiza keçirilməlidir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi K.Səfərzadə apellyasiya şkayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1785 manat dəyərinə maddi zərərin vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5023 saylı, xx.xx.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2065 manat müəyyən edilir. Hazırkı işə apellyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə qərardadına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1806 saylı, xx.xx.2022-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC və “Lənkəran Avtoservis və ticarət” müəssisəsinin tərtib etdiyi qüsur aktlarındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2065 manat müəyyən edilir, o cümlədən, dəyişdirilməli hissələrin qiyməti 1185 manat, təmir-bərpa işlərinin qiyməti 880 manat. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili onun avtomobilinə dəymiş ziyanın 4840 manat olması ilə bağlıdır. Onun bu dəlilinə əsasən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1806 saylı, xx.xx.2022-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC və “Lənkəran Avtoservis və ticarət” müəssisəsinin tərtib etdiyi qüsur aktlarındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Kia Sportage” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2065 manat müəyyən edilir, o cümlədən, dəyişdirilməli hissələrin qiyməti 1185 manat, təmir-bərpa işlərinin qiyməti 880 manat. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Göründüyü kimi, iddiaçının appellyasiya şikayətinin dəlili məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadığından, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3954/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1116/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1116/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver