Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1117/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 və nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(005)-4935/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.800 ABŞ dolları pulun, ona dəymiş 10.000 manat mənəvi zərərin və ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh2 13.800 (on üç min səkkiz yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin təmin olunan hissədə ləğv edilməsini, iddia tələbinin təmin olunan hissədə rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin çəkişmə prinsipini pozaraq onun iştirakı olmadan işə baxmışdır. Bununla da, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. O, müdafiə hüqüqundan məhrum olunmuşdur. Məhkəmə avtomobilə görə alınan məbləği müəyyən edərkən, işdə maraqlı şəxslər olan iddiaçı və onun iki oğlunun izahat və ifadələrinə əsaslanmışdır. Halbuki, həmin məbləği təsdiq edən yazılı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə mülki işin materiallarında olan ata və oğula verilmiş etibarnamələrin mahiyyətini açmamış, bununla da iddiaçının əsl iddiaçı olub olmaması müəyyən edilməmişdir. Bununla da, MPM-nin 54-cii maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa məhkəmə hesab etmişdir ki, o, heç bir hüquqi əsas olmadan başqasına məxsus avtomobili iddiaçıya satmaqla əsassız varlanmış və əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu qənaətlə də razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci və maddəsində əsasız varlanmanın anlayışı və şərtləri göstərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, avtomobil alğı-satqısı ilə məşğul olur. xx.xx.2014cü il tarixdə BMW X5 markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 13.000 ABŞ dollarına satmaq məqsədi ilə almışdır. Bir gün sonra həmin avtomobili X3 14.000 manata etibarnamə əsasında satmışdır. Bundan dörd ay sonra Azər Babayev onunla əlaqə saxlayaraq, Rusiyaya getməsi ilə əlaqədar həmin avtomobili satmaq istədiyini bildirmiş və almağı ona təklif etmişdir. Onlar razılaşmış və o, Azər Babayevə 13.500 manat ödəyərək avtomobili ondan geri almışdır. Bundan bir gün sonra həmin avtomobili Sumqayıt avtomobil bazarında X4 etibarnamə əsasında bütün səlahiyyətlər verilməklə 14.500 manata satmışdır. Həmin vaxt o, İddiaçı avtomobili yalnız idarə etmək üçün etibarnamə vermişdir. O, notariat kontorunda etibarnamə verərkən elektron notariat sistemi vasitəsilə avtomobilin üzərində məhdudiyyət olmadığı müəyyən edilmişdir. Sonradan həmin avtomobillə bağlı hər hansı problemin olmasından, onun geri alınmasından heç bir məlumatı olmamış, nə də bu barədə İddiaçı ona deməmişdir. O, avtomobilə görə pulu ABŞ dolları ilə deyil, manatla almış, həmin vaxt onun atası Elşad da yanında olmuşdur. O, avtomobili özü satdığı üçün, aldığı pulu da özünə götürmüş və öz ehtiyaclarına sərf etmişdir. Hesab edir ki, İddiaçı hazırki iş üzrə iddiaçı subyektiv hüququ olan şəxs deyil. Belə ki, alğı-satqı iddiaçının oğlu ilə həyata keçirilmişdir. İş üzrə cavabdehin nümayəndəsi və vəkili olan X5 da apellyasiya şikayətini müdafiə edərək Cavabdeh2 ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla Mülki Məcəllənin 1095-ci maddəsi ilə nəzərdə tutulmuş iki illik iddia müddətini də ötürmüşdür. Bu səbəbdən, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, alğısatqı onunla cavabdeh arasında bağlanmışdır. O, pulu sayaraq cavabdehə Cavabdeh2 uzatmış, cavabdehisə pulu onun atasına verməsini demiş, o da pulu cavabdehin atası Elşad Abbasova təqdim etmişdir. Cavabdehin guya avtomobili ona deyil, onun oğlu Kamrana satmasıf barədə dedikləri də həqiqətə uyğun deyildir. Belə ki, həmin vaxt oğlu Kamran doğrudan da, onun yanında olmuş, cavabdeh onların hər ikisinə etibarnamə vermişdir. Mülki etibarnaməni Kamrana ona görə verilməsini istəmişdir ki, sonradan Kamran avtomobili onun adına alqı-satqı edə bilsin. Hesab edir ki, o, qanunvericiliklə müəyyən edilmiş iki illik müddəti ötürməmişdir. Belə ki, xx xxxxx 2015-ci ildə avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 özü ona avtomobilə dair bir illik etibarnamə vermişdir. Mübahisəli avtomobil ümumilikdə, təxminən 2 il onun istifadəsində olmuşdur. Lakin 2017-ci ildə avtomobil onun əlindən alınaraq Zaqatala rayon polis şöbəsinin cərimə durucağına yerləşdirlmiş, bundan sonra o, aldadıldığını bilmiş və müxtəlif orqanlara, o cümlədən məhkəməyə müraciət etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, **-UL-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobilinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İş materialında olan ƏN-İV seriyalı 714542 nömrəli xx.xx.2014-cü il tarixli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 **- UL-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobili üzərində daşınar əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsini verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh2 vasitəsilə İddiaçı etibar etmişdir. Etibarnamə altı ay iyirmi bir gün müddətinə - xx.xx.2015-ci il tarixədək verilmiş, həmin etibarnamə üzrə nəzərdə tutulan səlahiyyətlərin başqa şəxsə verilməsi nəzərdə tutulmamışdır. İş materialında olan ƏN-İV seriyalı 885227 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 **- UL-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobilini İddiaçı daşınar əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsini etibar etmişdir. Etibarnamə bir il müddətinə - xx.xx.2016-cı il tarixədək verilmiş, həmin etibarnamə üzrə nəzərdə tutulan səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. İş materialında olan ƏN-İİİ seriyalı 255906 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 **- UL-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobilini verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh2 vasitəsilə İddiaçı daşınar əmlakla bağlı yalnız nəqliyyat vasitəsini idarə etmək hüququnun həyata keçirilməsini etibar etmişdir. Etibarnamə altı ay iyirmi bir gün müddətinə - xx.xx.2015-ci il tarixədək verilmiş, həmin etibarnamə üzrə nəzərdə tutulan səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmamışdır. İş materialında olan Zaqatala Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2017ci il tarixli məktubundan görünür ki, **-UL-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobili Cavabdeh1 müvafiq şöbəyə ünvanladığı ərizə əsasında saxlanılaraq şöbənin müvəqqəti duracağına yerləşdirilmişdir. Müraciət müəllifinin ərizəsinə münasibətdə isə yaranmış mübahisə mülki qaydada olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh2 13.800 ABŞ dolları ödəməklə **-UL-*** qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobilini almışdır. İlk əvvəl avtomobili müvafiq etibarnamə əsasında idarə etsə də, sonradan iddiaçı öz mülkiyyətinə keçirmək istədikdə avtomobil üzərində müxtəlif məhkəmələr tərəfindən məhdudiyyət olması aşkar edilmişdir. Avtomobili geri qaytarmaq istədikdə isə bu baş tutmamışdır. Məhdudiyyətin hansı qaydada qoyulması iddiaçı tərəfindən müəyyən edilməmişdir. Verilmiş etibarnamə isə bir müddətdən sonra ləğv edilmişdir. Bununla bağlı, iddiaçı pul tələbi və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bununla əlaqədar birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı məxsus 13.800 ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Bununla belə, iddiaçının tələbi nəzərə alınmaqla Cavabdeh2 əldə etdiyi 13.800 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır. Tutulacaq məbləğ yalnız Cavabdeh2 aid edilməli, digər cavabdeh olan Cavabdeh1 mübahisəli avtomobilin mülkiyyətçisi olmasına baxmayaraq, nə alqı-satqı zamanı, nə ödənilmiş pul vəsaitinin qəbul edilməsi zamanı, nə də etibarnamə verilən zaman iştirak etməmiş, bütün bu əməliyyatlarda yalnız Cavabdeh2 iştirak etmişdir. Bu baxımdan məhkəmə belə hesab etmişdir ki, İddiaçı xeyrinə tutulmalı 13.800 ABŞ dolları yalnız Cavabdeh2 aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı məhz bu məsələyə görə mənəvi sarsıntı və izitirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 10.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qətnamənin təmin edilməyən hissəsindən İddiaçı tərəfindən müvafiq olaraq, apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qətnamə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, o, oğlu Cavabdeh2la birlikdə avtomobil alveri ilə məşğul olur. BMW X5 markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobili iddiaçıya oğlu Əli satmışdır. Həmin avtomobil etibarnamə əsasında satılmışdır. Onlar avtomobilin qiymətini dollarla deyil, manatla razılaşmışlar və 14500 manat məbləğində pulu iddiaçı ona sayıb vermişdir. Məhkəmə kollegiyası işin materiallarını, tərəflərin izahatlarını və şahidin ifadəsini araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, İddiaçı avtomobili Cavabdeh2 13.800 ABŞ dollarına aldığını, həmin pulu cavabdehin istəyi ilə onun yanında atası Elşad Abbasova təqdim etdiyini, avtomobili sonradan alqı-satqı ilə öz adına keçirmək üçün ümumi etibarnamənin oğlu Kamrana verildiyini, avtomobilin təxminən iki il onun istifadəsində olduğunu və sonradan polis əməkdaşları tərəfindən avtomobilin ondan alınaraq cərimə duracağına yerləşdirildiyini bildirmişdir. Cavabdeh2 isə iddiaçının dəlillərini qismən etiraf etməklə, mübahisəli avtomobili həqiqətən də satdığını, lakin iddiaçıya deyil, onun oğluna, özü də 13.800 ABŞ dollarına deyil, 14500 manata satdığını bildirmişdir. Cavabdeh2 həmçinin, həmin məbləği avtomobilin mülkiyyətçisinə vermədiyini, öz ehtiyacları üçün sərf etdiyini bildirmişdir. Cavabdeh2 avtomobili İddiaçı deyil, onun oğlu Kamran Uluxanova satdığını bildirsə də, kollegiya hesab edir ki, bu hal məhkəmə araşdırması zamanı öz egsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Kamran Uluxanov özü də bu faktı təsdiq etməmiş, avtomobili onun atasının aldığını bildirmişdir. Bundan başqa, Cavabdeh2 avtomobilin verilməsi və bunun müqabilində pulun alınması ilə bağlı hərəkətləri alqı-satqı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qanunvericiliyin qeyd edilən normalarından müəyyən edilir ki, tərəflər öz aralarında avtomobilin alqı-satqı müqaviləsini bağladıqlarını iddia etsələr də, bu zaman mülki qanunvericiliyin imperativ xarakter daşıyan tələblərinə riayət edilmədiyindən, həmin alqısatqı etibarlı əqd hesab edilə bilməz. Beləliklə, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi bağlanmadığından, Cavabdeh2 İddiaçı pul məbləği almasının hüquqi əsası və ya müqavilə olmamış və o, həmin məbləğdə əsassız varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddia tləbinin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh2 13.800 ABŞ dolları pul verməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən məbləğin cavabdehə verilməsini iddiaçının özündən başqa, onun oğlanları Kamran və Rafael Uluxanovlar şahid qismində ifadə verərkən təsdiq etsələr də, onların yaxın qohumluq əlaqələrini nəzərə alaraq, məhkəmə kollegiyası bu ifadəni həmin məbləğdə pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Bununla yanaşı, Cavabdeh2 iddiaçıdan 14.500 manat məbləğində pul aldığını və həmin pulu özünün ehtiyacları üçün sərf etdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh2 14.500 manat pul verməsi sübuta yetirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlilini aşağıdakı əsaslara görə əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, həmin maddədə müəyyən edilən müddət kəsici müddət olmaqla, iddiaçı tərəfin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmə tərəfindən müəyyən edildiyi halda, iddianın rədd edilməsi üçün əsasdır. Həmin maddədə bu müddətin hesablanmasının əvvəli kimi, qaytarmaq hüququ məhrum olana məlum olduğu vaxt nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtomobili 2014-cü ilin noyabr ayından başlayaraq öz sahibliyində və istifadəsində saxladığı müddətdə onun bu maddə ilə nəzərdə tutulmuş hüququ ona məlum olmamış, yalnız 2017-ci ildə avtomobil onun əlindən alınaraq cərimə duracağına yerləşdirildikdən sonra bu hal ona məlum olmuşdur. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi ilə 2017-ci ildə məhkəməyə müraciət etməklə, qeyd edilən müddəti ötürməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh2 tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 14500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(005)- 4935/2017 nömrəli qətnaməsi qismən - Cavabdeh2 13.800 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 14500 (on dörd min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin və qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1117/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1117/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver