Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1118/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin sığorta bazarında yiyələndiyi nailiyyətlərinə inanıb onunla 02 noyabr 2017-ci il tarixdə müqavilə bağlayaraq mülkiyyətində olan Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 161,3 kv.m. sahəni icbari sığorta etdirdiyini, 13 iyul 2018-ci il tarixdə qeyri-yaşayış sahəsində yanğın baş verdiyini və əmlakına xeyli ziyan dəydiyini, yanğın hadisəsi barədə dərhal sığortaçıya məlumat verdiyini, lakin sığorta şirkətinin əməkdaşlarının hadisə yerinə bir gün sonra gəldiklərini, 14 yanvar 2019-cu il tarixdə sığorta ödənişinin təyin olunmasından imtina edildiyini, buna görə ASC-nə qarşı məhkəmədə iddia qaldırdığını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi ilə ASC-dən 3300 manat sığorta ödənişinin xeyrinə tutulmasının qərara alındığını, bu qətnamədən narazı qalan ASC-nin verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin 25.09.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktının isə Ali Məhkəmənin 09.03.2021-ci il tarixli qərarı ilə təmin olunmadığını, beləliklə ASC-nin əməkdaşlarının hüquqa zidd əməllərlə sığorta ödənişini almağına maneçilik törətdiklərini və mənəvi zərər görməyinə səbəb olduqlarını irəli sürmüş, çəkdiyi mənəvi iztirabların əvəzi qismində 30 000 manatın ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ceyhun Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının sığorta ödənişi tələbi ilə bağlı çıxarılan qətnamələrdən şikayət verilməsi nəticəsində onun mənəvi ziyana məruz qalması iddiasının ümumiyyətlə hüquqi əsası mövcud deyildir. Məhkəməyə müraciət etmək, məhkəmənin qərarından narazı qaldıqda ondan şikayət vermək hər bir fiziki və hüquqi şəxsin qanuni hüququdur və şirkət də öz mövqeyini əsaslı sayaraq yuxarı instansiyalara müraciət etmişdir. Səbail rayon İcra şöbəsinin 3315 manatın ödənilməsinə dair bildirişi isə "xxxx" ASC-yə 25 may 2021-ci il tarixdə daxil olmuş, şirkət icra vərəqəsinin tələbini 27 may 2021-ci il tarixdə icra etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, İddiaçı məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən ofis binası 02.11.2017-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə - 13.07.2018-ci il tarixdə həmin ofis binasında yanğın hadisəsi baş vermiş, ASC binaya dəymiş ziyanı 230 manat məbləğində qiymətləndirmiş, lakin sonradan yanğın hadisəsi barədə məlumatın Fövqəladə Hallar Nazirliyində qeydə alınmadığını əsas göstərməklə sığorta ödənişi ödəməkdən imtina etmiş, İddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı qaldırdığı iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq ofis binasının təmir-bərpa xərci kimi 3300 manatın və dövlət rüsumunun 15 manat hissəsinin "xxxx" ASC-dən alınıb ona ödənilməsi qət edilmiş, "xxxx" ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 25.09.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktından verdiyi kassasiya şikayəti isə Ali Məhkəmənin 09.03.2021-ci il tarixli qərarı ilə təmin təmin olunmamışdır. İddiaçı iddia tələbini məhz işin müəyyən olunan sözügedən hallarına istinadla əsaslandırmış, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsinin gecikdirilməsinin mənəvi ziyana məruz qalması ilə nəticələndiyini irəli sürmüşdür. Kollegiya hesab edir ki, iddiaçının bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək mülki qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. İlk növbədə qeyd olunmalıdır ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən işin hallarından aydın olur ki, tərəflər arasında mübahisə iddiaçıya məxsus əmlakda baş vermiş yanğının sığorta hadisəsi olub-olmadığı və əmlaka dəymiş ziyanın məbləği ilə bağlı yaranmış, "xxxx" ASC əmlaka dəymiş ziyanı 230 manat məbləğində qiymətləndirdiyindən iddiaçı məhkəmədə iddia qaldırmış, həmin iddiaya baxan məhkəmələr iddiaçının “sığorta ödənişinin gecikdirilməsinə görə 0,1 faiz dəbbə pulunun ödənilməsi” tələbini “sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğunu” əsas gətirməklə təmin etməmiş, iddiaçı isə bununla razılaşmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hal, yəni cavabdehin ona ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirdiyi təkzib olunmuşdur; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh şirkətin məhkəmə müdafiəsi hüququndan istifadə edərək əleyhinə çıxarılan məhkəmə aktından yuxarı instansiya məhkəmələrinə şikayətlər verməsi onun ziyanına şərh oluna bilməz. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2742/2021 saylı iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1118/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1118/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver