Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1123/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllədə yerləşən 49 saylı evin 146-cı mənzilini lizinqə götürməklə mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə "xxxx" MMC arasında 21 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir.
2. "xxxx" MMC tərəfindən tərtib olunmuş 0119/21 saylı xx.xx.2021-ci il tarixli arayışda cavabdehin həmin arayışın verildiyi tarixədək lizinq müqaviləsi üzrə 31510 (otuz bir min beş yüz on) ABŞ dolları əsas, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları lizinq mükafatı (faiz məbləği) və 5923 (beş min doqquz yüz iyirmi üç) ABŞ dolları hesablanmış cərimə olmaqla, ümumilkdə 41383 ABŞ dolları öhdəliyi olduğu qeyd edilmişdir.
3. Həmin arayışda lizinq predmetinin 8 ay istifadədə olduğu və bu müddət ərzində cəmi bir aya görə ödəniş aparıldığı qeyd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22183 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Lizinq predmeti 8 ay istifadədə olmuşdur. Bu müddət ərzində cəmi 1 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 3120 manat nəzərə alınmaqla cəmi 24960 ABŞ dolları borc hesablanmışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2418/21 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilərək Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22.183,00 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin "xxxx" MMC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 146 saylı mənzilə Cavabdeh2 Əhəd qızının istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 iddiaçı "xxxx" MMC ilə bağladığı 21 avqust 2020ci il tarixli müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş 22.183, ABŞ dolları məbləğində vəsait iddiaçıya ödəməlidir. Məhkəmə müqavilə müddətinin başa çatdığını nəzərə alaraq müqavilənin ləğvi tələbini rədd etmiş, həmçinin Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün onun mübahisəli mənzildən istifadə hüququ şəxsən özü ilə bağlı olduğundan və vərəsəlik qaydasında vərəsələrinə ötürülə bilən hüquq olmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 421.2, 442, 747.1, 748-1.12, 748-2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək onun nəticəsinə uyğun yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi arayışda qeyd edilən məbləğ və edilmiş ödənişi nəzərə almaqla tələb olunan məbləğ arasında ziddiyyət vardır. Belə ki, aylıq ödəniş manatla nəzərdə tutulduğu halda ondan 8 ay edilməli olan ödənişə görə 24960 ABŞ dolları tələb edilib. Aylıq ödəniş 3120 dollar ödəniş müəyyənləşdirilmişsə 8 ay üçün 24960 dollar tələb edilə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 13.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.Maddə 152.1. Mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 15.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 16.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 17.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 18.Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 19.Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 20.Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
Azərbaycan Respublikası Konstitusiyası 21.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 22.Maddə 29, İ və İİ bəndlər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Apellyasiya baxışının hədləri 23.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 24.Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyi, iddiaçı və digər cavabdeh tərəfindən şikayət verilmədiyi, eləcə də apellyasiya şikayətinin məzmununda yalnız pulun tutulması hissəsinin mübahisələndirildiyi nəzərə alınaraq qətnamənin əsaslılığı apellyasiya qaydasında yalnız Cavabdeh1 22183 ABŞ dollarının tutulması hissəsində yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. 26.İddiaçının tələbi daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetindən istifadə müddəti üçün hesablanmış 22183 ABŞ dollarının Cavabdeh1 tutulması, cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzlin boşaldılıb iddiaçıya təhvil verilməsi barədədir. 27.Birinci instansiya məhkəməsi iddianı qismən təmin etdiyindən və həmin qətnaməni apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirdiyindən hazırkı apellyasiya baxışının predmetini qətnamənin yalnız Cavabdeh1 lizinq müqaviləsi üzrə 22183 ABŞ dollarının tutulması hissəsi təşkil edir. 28.Hazırkı iş üzrə iddia 04.05 2021-ci ildə qaldırılmışdır. İddiaçı “Faktor Lizinq MMC iddia ərizəsində aylıq lizinq ödənişinin 3120 ABŞ dolları olduğunu, lizinq predmetinin 8 ay istifadədə olduğunu, cəmi bir ay ödəniş aparıldığını, Cavabdeh1 lizinq müqaviləsi üzrə cəmi 24960 ABŞ dolları borcu yarandığını bildirmiş və nəticədə cavabdehdən ödəmələr nəzərə alınmaqla 22183 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Birinci instansiya məhkəməsi iddianı pulun tutulması hissəsində tam təmin edərək cavabdehdən 22183 ABŞ dollarının tutulmasını qət etmişdir. 30.Hazırda Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili borcun düzgün hesablanmaması barədədir. 31.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlilini əsaslı sayır. 32.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi lizinq predmetindən istifadəyə görə cavabdehdən borcun tutulması ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, borcun məbləğini düzgün müəyyən etməmişdir. 33.Belə ki, işdə olan ödəniş cədvəlindən və digər maliyyə sənədlərindən görünür ki, lizinq müqaviləsi üzrə aylıq ödəniş 3121 ABŞ dolları müəyyən edilmişdir (i.v.12). Aylıq ödənişlərin bir hissəsini əsas məbləğ, digər hissəsini isə lizinq mükafatı təşkil edir. İddia xx.xx.2021-ci ildə qaldırılmışdır. Həmin vaxtadək lizinq predmeti cəmi 8 ay istifadədə olmuşdur. Riyazi hesablamaya əsasən 8 aya görə lizinq obyektindən istifadə haqqı cəmi 24 968 ABŞ dolları təşkil edir. “Faktor Lizinq MMC iddia ərizəsində cavabdehin cəmi bir aya görə ödəniş etdiyini göstərsə də, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdehin lizinq müqaviləsi üzrə cəmi 3 ay ödəniş etdiyini bildirmişdir. Bu fakt xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolunda da öz əksini tapmışdır (i.v.163-164). 34.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin 3 aya görə lizinq ödənişi apardığını göstərməklə onu həmin halı sübut etmək vəzifəsindən azad etmişdir. Bu, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin də tələbinə uyğundur. 35.Lakin birinci instansiya məhkəməsi qətnamə çıxararkən 3 aya görə ödəniş aparıldığını nəzərə almamış və iddia tələbini irəli sürülən həddə təmin etmişdir. 36.Məhkəmə kollegiyası cavabdehin lizinq predmetindən cəmi 8 ay istifadə etdiyini və 3 aya görə ödəniş etdiyini, bu halın iddiaçı tərəfindən etiraf olunduğunu nəzərə alaraq hesab edir ki, lizinq ödənişi yalnız lizinq obyektindən istifadəyə görə, yəni cəmi 5 aya görə tutula bilər. Bu, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin də tələbinə uyğundur. Həmin maddəyə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 37.Məhkəmə kollegiyası qeyd edir ki, ödəniş cədvəlinə əsasən aylıq ödənişin 3121 ABŞ dolları olduğu nəzərə alınmaqla 5 aya görə aparılmalı olan ödəniş 15605 ABŞ dolları təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və lizinq obyektindən istifadəyə görə ödənilməyən 5 (beş) aylıq müddət üçün hər aya görə 3120 ABŞ dolları olmaqla, cəmi 15605 ABŞ dolları borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. 38.Cavabdeh1 daha az borcunun olmasına dair hər hansı sübut təqdim etməmişdir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası lizinq obyektindən hansı müddətdə istifadə olunduğu, hansı müddətə görə ödəniş aparılması, aylıq ödənişlərin məbləği və s. ilə bağlı hər hansı ziddiyyət olmadığını, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları əsasında yenidən hesablama aparmağın mümkün olduğunu, bunun üçün xüsusi biliyə malik mütəxəssisin rəyinə ehtiyac olmadığını nəzərə alaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına və keçirilməsinə ehtiyac görmədi. 42.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə lizinq predmetindən istifadəyə görə 22183 ABŞ dollarının tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadəyə görə "xxxx" MMC-nin xeyrinə tutulan məbləğ 15 605 (on beş min altı yüz beş) ABŞ dolları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində işdə iştirak edən şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.