Məhkəmə qərarları › İş №2(103)-1125/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1125/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1125/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 4(012)-926/2023 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməsi, təqsirləndirilən İddiaçı haqqında həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanma müddətinin 04 ay müddətinə müəyyən edilməsi və həbsdə saxlama müddətinin əvvəlinin 27 noyabr 2023-cü il tarixindən hesablanması qərara alınmışdır.

2. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 4(012)-340/2024 nömrəli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbirinin müddəti uzadılmış, vəsatətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, ev dustaqlığı qətimkan tədbirinin müddətinin 27 iyun 2024-cü il tarixədək müəyyən edilməsi və s. qərara alınmışdır.

3. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Anar Cəfərovun “cinayət işi üzrə şəxsin barəsində xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlini törətməsi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 50 000 (əlli min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı barəsində cinayət işinin başlanmasına səbəb kimi guya onun qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməklə daşıması və saxlaması faktı ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində toplanmış materiallar olmuşdur. İddiaçı həmin idarənin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Sabiq müstəntiq Nəsimi Məhərrəmovun xidməti iş yerini dəyişməsi ilə əlaqədar olaraq ********* nömrəli cinayət işinin istintaqının aparılması Anar Cəfərova həvalə edildiyindən 28 dekabr 2023-cü il tarixdə cinayət işi sonuncunun icraatına qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 4(012)-926/2023 nömrəli qərarı ilə İddiaçı barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, müstəntiq N.Məhərrəmov tərəfindən 29 dekabr 2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. 01 mart 2024-cü il tarixdə cinayət işi üzrə İddiaçı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 16 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin ibtidai istintaq müddəti 28 iyun 2024-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 19 mart 2024-cü il tarixli 4(012)-263/2024 nömrəli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 27 iyun 2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda, həmin məhkəmənin (hakim Sevinc Quliyeva) 19 mart 2024-cü il tarixli 4(012)-340/2024 nömrəli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbiri 27 iyun 2024-cü il tarixədək uzadılmışdır. İddiaçı elan edilmiş ittiham tamamilə qanunsuz və qondarma olmuş, eyni zamanda ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, qeyriinsani, insan ləyaqətini alçaldan hərəkət edilmiş, döyülmüş, işgəncələrə məruz qalmış və o, törətmədiyi cinayət əməlini etiraf etmək məcburiyyətində qalmışdır. Belə ki, narkotik vasitəsi məsələsinin İddiaçı aidiyyəti olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı yaşadığı mənzilə qanunla müəyyən olunmamış üsul və vasitələrlə, qanunsuz yollarla mənzildə yaşayanların iradəsinə zidd olaraq əvvəlcədən yerləşdirilmişdir. Belə ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs İddiaçı 27 noyabr 2023-cü il tarixdə, saat 14:40 radələrində yaşadığı mənzilin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilməsi barədə qeyd edilənlər heç biri həqiqətə uyğun deyil. İddiaçı saat 14:40 radələrində və piyada hərəkətdə olduğu zaman deyil, yaşadığı binanın blokundan həyətə düşən zaman saat 15:07 radələrində 6 nəfər polis əməkdaşı tərəfindən blokun dərhal qabağında saxlanılaraq yaşadığı evə aparılmış və 47 dəqiqə ərzində evdə saxlanıldıqdan sonra həyətə düşürüb naməlum istiqamətdə aparılmışdır. İttihama əsasən İddiaçı guya həmin tarixdə saat 18:00-dan 18:11-dək yaşadığı mənzilə baxış zamanı eyvandan isə 1 (bir) ədəd torbanın içində 525 qram çəkidə kannabis (marixuana) və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Belə ki, qeyd olunan narkotik maddə İddiaçı mənzilində olmamış, İddiaçı ikinci dəfə mənzilinə gətirilməmişdən qabaq saat 17:25 radələrində polis əməkdaşı (əməliyyatçı) tərəfindən qeyd olunan narkotik maddə onun mənzilinə yerləşdirilmiş, o, saat 17:49 radələrində isə digər avtomobillə yaşadığı mənzilə gətirilmiş və mənzildə yalançı və qondarma əməliyyat görüntüsü yaradılmışdır. Bu barədə müdafiə tərəfi olaraq əllərində mötəbər, təkzib olunmaz sübutlar vardır. Belə ki, sübut olaraq video materiallar müstəntiqə təqdim edilməsinə baxmayaraq, istintaq orqanı bu günədək həmin materiallara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, bu polis əməkdaşlarının etdikləri cinayətdir. Heç bir əsas olmadan İddiaçı qarşı bu cür qondarma, yalançı ittihamın verilməsi ona bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, onu mənəvi cəhətdən çökdürmüş, həyatda yaşamağa həvəsini öldürmüşdür. Belə bir itthamla yaşamamaq üçün İddiaçı dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmiş və intihar etmək istəmişdir. Hələ də onun psixologiyası düzəlməmiş, reabiltasiya olunmamış, həbsdən sonra uzun müddətli depressiyalar yaşamışdır. İddiaçı vurulan mənəvi zərərə görə ona kompensasiya ödənilməlidir. İddia ərizəsində İddiaçı barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh edilməsi zəruri hesab olunur. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirilmə tərzi vəzifədən açıq-aşkar suiistifadə edildiyini göstərir. Bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, uzun müddət fiziki işgəncələrə məruz qalmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. İddiaçı kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamış, azadlıq hüququnun məhdudlaşdırılması onu himayəsində olan yetkinlik yaşına çatmayan uşağına qayğı və diqqət göstərmək imkanından məhrum etmişdir. İddiaçı həbsdən əvvəl daimi iş yeri olmuş, ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsinin vəziyyəti ağırlaşaraq ehtiyac içində yaşamağa məcbur olmuşlar. İddiaçı qanunazidd həbsindən ailə üzvləri də dərin sarsıntılar və cəmiyyətdə utanc hissləri keçirmişlər, onun həyat yoldaşı ali təhsilli müəllimə olmaqla, kollektivdə işləyir. Ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının qanunsuz və sui-istifadə tipli hərəkətləri İddiaçı və ailəsinə ağır mənəvi ziyan vurmuşdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 5.500 (beş min beş yüz) manat məbləğində pul məbləğinin İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3, 9-cu maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3, 57.1, 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının 13-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi, “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Sözügedən Qərarın 71-ci hissəsində qeyd olunur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Lakin göründüyü kimi, məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 5.500 (beş min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsi adlanan 77.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Digər tərəfdən qeyd edirik ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, Konstitusiyanın 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

12. 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

14. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1100 dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

17. Maddə 1101.1 qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. Maddə 1101.2 görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

19. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

20. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

21. Maddə 58.2 fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

22. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

23. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

24. Maddə 7. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

25. Maddə 12. fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

26. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddiaçı tərəfindən təmin edilməyən hissədə mübahisələndirilmədiyindən yalnız apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilk növbədə işin halları ilə bağlı qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

39. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Kollegiya qətnamənin yoxlanılan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması ona mənəvi əzab verən hallardır. Odur ki, iddianın qismən təmin edilməsi və iddiaçının xeyrinə ədalətli həddə, yəni həbsdə saxlanma müddətinə mütənasib olaraq 5.500 manat məbləğində mənəvi ziyana görə pul tutulması ilə bağlı birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır. Kollegiya vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçı barəsində qətimkan tədbirlərinin qanunsuz olaraq tətbiq edilməsi ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır.

41. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində qəbul etməklə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası bir daha cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

43. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

44. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

45. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

46. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

47. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar