Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1130/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair 2(006)-2538/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi vəzifəni yerinə yetirərkən aldığı xəsarət (travma) nəticəsində İİ qrup əlilliyi ilə əlaqədar 6600 manat sığorta haqqının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Bakı şəhəri Yasamal rayon Hərbi Komisarlığı tərəfindən tam sağlam vəziyyətdə hərbi xidmətə çağırılmışdır. Uzun müddət zabit rütbəsində vətənə xidmət etmişdir. 2001-ci ilin oktyabr ayının 22-də döyüş tapşırığını yerinə yetirən zaman başından xəsarət alaraq uzun müddət müalicə olmaq məcburiyyətində qalmışdır. Hərbi xidmətdə aldığı travma nəticəsində qazanılan xəstəlik xidmətinə imkan vermədiyindən 2013-cü ilin mart ayında ordu sıralarında təxris olmuşdur. Lakin xidmət dövründə aldığı travma hal-hazırki vaxta qədər ona əziyyət verir və müalicə olunur. 2016-cı ilin iyun ayı Azərbaycan Respublikası Müdafiə Nazirliyini Mərkəzi Hərbi Həkim Komissiyasının 512-ci qərarı ilə müayinədən keçərkən «hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma» alması təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yuxarıda göstərilən əsaslarla, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar aldığı xəsarət nəticəsində (keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, vegetativ (astonom) sinir sisteminin digər pozğunluqları, vegetativ damar distaniyası sindromu, tez-tez təkrarlanan sinepoto-adrenal tipli paraksizmlər, beyin qan dövranın çatışmamazlığı, kəskin ifadə olunmuş nevrotik sindrom diaqnozu) 2017-ci ili naprel ayında onu İİ qrup əlil tanımışdır. Əlilliyin müəyyən olunduqdan sonra “Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il tarixli Qanunu, həmçinin bu qanuna 2013-cü il tarixli dəyişikliklər edilməsi haqqında Qanunu rəhbər tutaraq Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət ünvanlayıb hərbi xidmətdə aldığı xəsarətlə əlaqədar ona sığorta pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti əsaslı tələbini rədd edib bildirmişdir ki, xidmətdə aldığı xəsarət hadisəsindən 3 ildən çox müddət keçdiyi üçün sığorta ödənişinin verilməsi mümkünsüzdür. Hərbi xidmətdə aldığı travmanın fəsadlarının uzun müddətli olması ondan asılı olmayıb. Belə olan halda «Hərbi qulluqçuların dövlət sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ona şamil olunmalıdır. Bu qanuna əsasən cavabdeh ona İİ qrup əlil kimi 6600 manat sığorta pulunu ödəməyə borcludur, çünki gənc yaşında əlilliyi hərbi xidmətdə vətənə keşiyində durarkən qazanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyası tərəfindən 06.04.2017-ci il tarixli arayışa əsasən İddiaçı İİ qrup əlillik təyin edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı təyin edilən İİ qrup əlillik hərbi xidmətdən tərxis olunandan 4 il sonra verilmişdir. Beləliklə, İddiaçı əlillik istefaya buraxıldığı gündən 3 il müddətində deyil, 4 il sonra təyin edildiyi üçün sığorta ödənişinin verilinəsi qanunauyğun deyildir. Apelyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 02.06.2016-cı il tarixli, 512 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Hərbi Komisarlığı tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə 22.10.2001-ci ildə aldığı və 22.10.2001-ci ildən 01.11.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma – diaqnoz: «Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinin 24.12.2015-ci il tarixli 3765 nömrəli göndərişi, 24.12.2015-ci il tarixli 441 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 01.11.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır», və 04.05.2007-ci ildə, 10.10.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vegetativdamar distoniyası», 23.05.2008-ci ildə MN MHP-da müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər», 12.02.2009-cu ildə və 06.07.2009-cu ildə MN MHP-da müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vegetativ-damar distoniyası», 09.07.2009-cu ildən 23.07.2009-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: «Vegetativdamar distoniyası», 23.02.2010-cu ildə ambulator müayinə və müalicə olunduğu xəstəlikdiaqnozu: «Vegetativ-damar distoniyası», 15.01.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: «Vertebrogen lümbalgiya» və 19.02.2013-cü ildən 28.02.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vertebrogen lümbalgiya.Vegetativ-damar distoniyası» (tibbi kitabçadan çıxarışlar, MH MHHK-nın həkim–mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 08.05.2017-ci il tarixli məktubdan görünür ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20.05.1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir.İddiaçı 05.03.2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 06.05.2017-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə də İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 5-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya, cavabdehin qeyd edilən mövqeyini əsaslı saymır, ona görə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Göründüyü kimi, həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış bütün hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Kollegiya bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarında, həmçinin vurğulanmışdır ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə xəsarət almış və həmin xəsarətin əsası olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Buna görə iddiaçının 4 ildən sonra, yəni 06.04.2017-ci il tarixində əlillik təyin olunması ilə əlaqədar müraciət etməsi iddianın təmin edilməsini istisna etmir. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(006)- 2538/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1130/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1130/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver